Menu
Geri İrəli

“Mənim üçün “Sumqayıt”-la oyun digərlərindən çətin görünür”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Noyabr 2013 • Baxış sayı: 254 dəfə • Şərh yoxdur

“Rəvan” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayev qol.az saytına müsahibə verib. Təcrübəli oyunçu Bakı klubunun çıxışını dəyərləndirib, komandanın problemlərindən söz açıb.

- Ötən tur komandanız “İnter”lə qarşılaşdı və 2:3 hesabı ilə məğlub oldu. Bu matç haqda nə deyə bilərsən?

- Ən yaxşı oyunlarımızdan biri oldu. Nəticədən razı qalmasaq da, oyun baxımından inkişafda olduğumuzu demək olar. Sadəcə, gözlənilməz qollar buraxdıq və nəticədə məğlub olduq. Buna baxmayaraq, komandamızda özünəinam yaranıb. Görünür, biz futbol oynaya bilirik.

- “Rəvan”da özünəinam hiss nəvaxtdan yaranmağa başladı?

- Həmişə sözün düzünü deyən olmuşam. Şahin Diniyev komandaya gələndən sonra futbolçularda ruh yüksəkliyi yaranıb. Mən “Rəvan”a gələndə görürdüm ki, burada yaxşı futbolçular var. Yəni bu oyunçularla çempionluğa olmasa da, yaxşı yerlər üçün oynamaq olar. Sadəcə, komanda dağınıq vəziyyətdə idi. İndi isə hərtərəfli irəliləyiş hiss olunur.

- Demək istəyisən ki, “Rəvan”da sadəcə, yaxşı baş məşqçiyə ehtiyac var imiş?

- Əlbəttə. Mən əvvəlki məşqçilər haqda pis fikirdə deyiləm. Ola bilər ki, onlar komandanı yığa bilmədilər. Baş məşqçi oyunçulardan tələb etdiyini meydanda onlardan almalıdı. Bu da bizdə alınır.

- “Rəvan”ın özünəməxsus oyun quruluşu yarana bilibmi?

- Son üç oyunda görünür ki, komandamız topa daha çox nəzarət etmək istəyir. Hücumların, qol vəziyyətlərinin sayını artırmışıq. Mən digər klublarda çıxış edəndə tam fərqli oyun üslubumuz olurdu. “Rəvan”da isə yüksək ustalıq səviyyəsinə malik oyunçuların sayı çox deyil. Ona görə çalışırıq ki, top bizdə qalsın və ya əks-hücumlarda oynayaq. Ümumiyyətlə, futbolda olan hər şeyi meydanda göstərə bilirik.

- “Rəvan”ın əsas problemi nədədi ki, qapısından bütün komandalardan çox – 24 qol buraxıb?

- Müasir futbolda həm müdafiə, həm də hücum komanda şəklində qurulur. Elə olur ki, ön xətdə ani səhvə yol veririk, bu da zəncirvari şəkildə müdafiəmizə təsir edir və qolla nəticələnir. “İnter”lə oyunda da sadə epizodlarda səhvə yol verdik. Razıyam ki, bizdə bu problem var. Bunun üzərində işləməliyik ki, qapımızın toxunulmazlığını təmin edək.

- Əvvəllər daha çox hücumlara qoşulurdun. İndi isə hücumda o qədər də aktiv olmursan. Bu, nə ilə bağlıdı?

- Həmişə iddialı komandalarda oynamışam. O komandalarda yerimi tez-tez dəyişirdim, tək cinahda oynamırdım, qapıya zərbələr endirirdim. İndi müdafiəyə kömək etməyə məcbur oluram. Ona görə də ancaq cinahda oynayıram. Komandamız özünə gəlsə, mən də öz oyun planımla oynayacam. Hücumda oynayan futbolçunun fantaziyaları olmalıdı ki, rəqib qapısında hərtərəfli təhlükələr yaratsın.

- Növbəti oyununuz “Sumqayıt”ladı. Cari mövsümdə yeganə qalib gəldiyiniz komanda ilə oyun haqda nə düşünürsən?

- “Sumqayıt”la cəmi bir xal fərqimiz var. Ona görə də rəqib bizi üstələməyə çalışacaq. Hər iki komanda oyunda maksimum güc sərf edəcək. Taktiki cəhətdən hansı komanda güclü olsa, o qalib gələcək. Şanslarımızı bərabər görürəm. Mənim üçün bu oyun digərlərindən çətin görünür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın