Menu
Geri İrəli

Mənfi statistika: “Ev”də uduzan mərhələ keçmir

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2014 • Baxış sayı: 332 dəfə • Şərh yoxdur

“Neftçi” və “İnter” nə edəcək?

Sabah UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab matçları keçiriləcək. Turnirdə ölkəmizi təmsil edən “Neftçi” və “İnter” də elə  iyulun 24-də meydana çıxacaq. İlk oyunu doğma publika qarşısında keçirən “Neftçi” cavab qarşılaşmasını səfərdə, bir həftə əvvəl səfərdə mübarizə aparan “İnter” isə öz meydanında keçirəcək. Təbii ki, məsul oyunlar ərəfəsində komandalarımızın son durumunu təhlil etmək maraqlı olardı.

in

Bir addım irəli, iki addım geri

Hər şey “Neftçi”nin 2011/2012-ci illər mövsümündə Avropa Liqasının qrup mərhələsində oynamasından sonra başladı. Məhz həmin vaxtdan başlayaraq flaqman belə demək mümkünsə, özünü təkcə Azərbaycanın yox, həm də Avropanın bayraqdarı saymağa başladı. O zaman “ağ-qaralar”ı yeni inkişaf mərhələsinə çatdıran Böyükağa Hacıyev Azərbaycanın Fatih Terimi sayılırdı. Komandanın üzvləri də özlərini ən azı türkiyəli istedadlı futbolçular səviyyəsində hiss edirdi. Avroliqanın qrup mərhələsində mübarizə aparılan mövsümdə növbəti ölkə çempionluğunun qazanılması “xalq komandası”nın üzvlərini bir qədər də “göyə” qaldırdı. Bakılılar bir də onda ayıldı ki, komanda artıq “göydə” deyil, yerdədir. “Neftçi”nin Çempionlar Liqasındakı rəqibi “Skenderbeu” isə ən nüfuzlu klub turnirinin üçüncü mərhələsindədir. Məhz bundan sonra Böyükağa Hacıyev istefaya getdi. Yenidən postuna qayıdana qədər isə onun vəzifəsini Tərlan Əhmədov, daha sonra isə Nazim Süleymanov icra etdi. Ötən mövsümün qış fasiləsində yenidən köhnə-təzə məşqçisinə qovuşan flaqmanda növbəti dəfə iddialı bəyanatlar səslənməyə başladı. Amma bununla belə, kollektivin gücü yalnız ölkə kubokunu qazanmağa çatdı. Avropa Liqasının ikinci təsnifat mərhələsində Sloveniyanın “Kuper” komandasına yenilən “Neftçi”də yenidən istefa gündəmə gəldi. Azarkeşlərin oyun ərzində istefaya səslədiyi və buna qədər bir neçə dəfə istefa şousu göstərmiş klubun vitse-prezidenti Tahir Süleymanov növbəti dəfə komandadan ayrıldığını açıqladı. Oyunsonrası mətbuat konfransında isə “ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyevin “yol üstə” olduğu bəlli oldu.

Məqsədlə məqsədə çatmaq olmaz

Əslində, mövsüm başa çatan kimi karyerasını bitirən İqor Mitreski, klubun yeni müqavilə təklif etmədiyi Mahir Şükürov və Bahodir Nasimov, eləcə də “Qarabağ”la müqavilə bağlayan Tərlan Quliyev, “Xəzər Lənkəran”la anlaşan Rəşad Sadiqov kimi futbolçularla yolların ayrılması, ən əsası da həmin mövqelərə dayaq yarımmüdafiəçisi Kaue Sesilyo istisna olmaqla yeni simaların cəlb olunmamsı kollektivə olan inamı azaltmışdı. Sloveniya “Koper”inə qarşı Bakıda keçirilən qarşılaşma da flaqmana güvənməyənləri haqlı çıxardı. Doğma publika qarşısında “Koper”ə 1:2 hesabı ilə uduzan “Neftçi” cavab matçı ərəfəsində imkanlarını xeyli aşağı saldı. Xüsusən müdafiə xəttinin zəif çıxış etməsi “ağ-qaralar”ın məğlub olmasına zəmin yaratdı. Sürətli cinah reydlərindən sonra geri dönməyən Bruno Bertuççi mövqeyini boş qoyurdusa, sağ cinahda Mahir Şükürovun gedişindən sonra məcburiyyətdən forma geyən Məqsəd İsayev hücumlara istənilən kimi qoşulmurdu. Qarşılaşmanın gedişində bir dəfə belə olsun yaxşı “asma” ilə yadda qalmayan 19 yaşlı müdafiəçi ilə Avropa səhnəsinə çıxmağın tez olduğu aşkar görünürdü. Ümumiyyətlə, arxa xətt də yalnız Karlos Kardoso inamlı təsir bağışlayırdı. Yeni taransfer Kaue Sesilyo və icarədən qayıdan Julius Vobay da ciddi heç nə ilə yadda qalmadı. Qarşılaşma həm də hücumun sivri ucunda yer alan Ernest Nforun forvard keyfiyyətlərinin beynəlxalq arenada uğur qazanmaq üçün yetərli olmadığını ortaya qoydu. Qonaqların ikinci topu vurduğu anda kobud səhv edən Saşa Stamenkoviçin bərbad çıxışı da öz yerində. İndi “Neftçi” mərhələ adlamaq üçün səfərdə ən azı iki top fərqi ilə qalib gəlməlidir. Amma bu heç də real görünmür. Düzdür, “xalq komandası” o qədər də pis təsir bağışlamırdı, amma bakılıların bu dəfə azarkeş dəstəyindən də məhrum olacağı aydın məsələdir. Belə vəziyyətdə komandanın iddiaları ilə imkanlarının üst-üstə düşmədiyi sirr deyil. Arzularla gerçək potensialın uzlaşması isə çox önəmli şərtdir. Oyunsonrası mətbuat konfransında ikinci oyunda tam fərqli oynamalı olduqlarını bildirən Böyükağa Hacıyevin iddialı olması xoşagələn mənzərə olsa da, çalışdırıcı ən azı ehtiyat oyunçu qıtlığını nəzərə almalıdır. Hazırkı vəziyyətdə “Neftçi”nin oyunun axarını dəyişə biləcək ehtiyat qüvvəsi yoxdur. İlk oyunda meydana daxil olan Mirhüseyn Seyidov, Ruslan Qurbanov və Samir Məsimov kimi oyunçular ən yaxşı halda ölkə çempionatında işə yaraya bilər. Odur ki, indiki halda flaqmanın səfərdən sərfəli nəticə ilə qayıtması inandırıcı görünmür. Təki yaxşı mənada təəccüblənək.

Qaradaş  dueli olacaqmı?

Avroliqanın üçüncü mərhələsində qardaş dueli baş tuta bilər. Buna səbəb püşkün Türkiyənin “Bursaspor” komandasını flaqmanın potensial rəqibi etməsidir. Belə ki, əgər “ağ-qaralar” ikinci təsnifat mərhələsini adlasa, Bursaspor (Türkiyə) – Çixura (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. Məlumat üçün bildirək ki, bu komandalar arasında Bursada keçirilən ilk oyun qolsuz bərabərliklə yekunlaşmışdı.

Evdə uduzan mərhələ keçmir

Öz meydanında Sloveniyanın “Koper” klubuna 1:2 hesabı ilə uduzan “Neftçi”nin şansı çox azdır. Çünki klublarımızın avrokuboklardakı 20 illik çıxış ərzində ilk matçda səfərdə 2 qol vuranlar həmişə mərhələ adlayıb. Bütün hallarda uduzan komanda Azərbaycan təmsilçisi olub. Evdə uduzan klubumuz cavab oyununda da qalib gələ bilməyib.

1997/98. “Neftçi” – “Vidzev” (Polşa) – 0:2, 0:8

2000/01. “Kəpəz” – “Antalyaspor” (Türkiyə) – 0:2, 0:5

2006/07. “Karvan” – “Slaviya” (Çexiya) – 0:2, 0:0

2013/14. “Qarabağ” – “Ayntraxt” (Almaniya) – 0:2, 1:2

2014/15.  “Qəbələ” – “Şiroki Briyeq” (Bosniya və Herseqovina) 0:2, 0:3

 

YAXŞI Kİ, “İNTER” VAR

“Neftçi”nin “Koper”ə uduzduğu gün paytaxtın digər komandası “İnter” səfərdə İsveçin “Elfsborq” komandasına minimal hesabla qalib gəlməklə növbəti dəfə səfər komandası imicini doğrultdu. Avroliqanın ilk mərhələsində Moldovanın “Tiraspol” komandasını həm səfərdə, həm də evdə (3:2; 3:1) yenən Kaxaber Tsxadadzenin komandası ikinci mərhələni da adlamağa yaxındır. Hər halda, “bankirlər”in doğma meydanda büdrəmə ehtimalı yüksək qiymətləndirilmir. Amma bütün bunlar heç də “İnter”in problemsiz komanda olduğunu deməyə əsas vermir.

Gözlə görünən problemlər

İlk mərhələdəki iki qarşılaşmada üç top buraxan bakılıların bu göstəricisi praqmatik oyun üslubu ilə seçilən kollektivə yaraşmayan görüntüdür. Bundan başqa, hücum xəttində də işlər qaydasında deyil. Bəstəboy Dieqo Madriqal birhücumçulu taktiki sxemdə gözlənilən effekti verə bilməz. Onun fiziki göstəriciləri və oyun üslubu sürətinə, çevikliyinə rəğmən, irəlidə top saxlamağa yaramır. Yalnız Baçana Tsxadadzenin ümidinə qalan “ağ-göylər”in ciddi uğura imza atmaq perspektivi yetərincə dumanlı görünür. Digər tərəfdən, “Elfsborq”un fiziki cəhətdən hazırlıqlı komanda olması və “İnter”dən fərqli olaraq ucaboylu futbolçulardan təşkil olunması “İnter” üçün problem yarada bilər. Bundan başqa, İsveç çempionatının davam etməsi rəqibin oyun praktikasından əziyyət çəkməməsinə şərait yaradır.

“Neman” və “Hafnarfyordur” güclü deyil

Avropa Liqasının cavab matçı ərəfəsində “İnter”in “Elfsborq”səddini aşacağı halda üçüncü təsnifat mərhələsində “Neman” (Belarus) – “Hafnarfyordur” (İslandiya) cütünün qalibi ilə qarşılaşacağı məlum oldu. Püşükün “bankirlər”ə rəqib seçdiyi komandaların güclü olmaması təmsilçimizin bəxtinin gətirdiyini deməyə əsas verir. Xatırladaq ki, bu “İnter”in potensial rəqiblərinin ilk matçı “sülh”lə (1:1) başa çatıb və İslandiya klubu ikinci matç ərəfəsində nisbi üstünlük qazanıb.

Əvvəl, “İnter”, sonra “Neftçi”

Sabah Avropa Liqasının ikinci təsnifat mərhələsində təmsilçilərimizdən ilk olaraq “İnter” meydana çıxacaq. İsveç Elfsborq”u ilə “Şəfa” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtilə saat 21:00-da başlayacaq. Bu mərhələdəki digər komandamız “Neftçi” isə Sloveniyada “Koper”lə Bakı vaxtilə saat 23:30-da qarşılaşacaq.

Tural Məmmədov, “168saat.com”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın