Menu
Geri İrəli

Mundial həyəcanı davam edir

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyul 2014 • Baxış sayı: 373 dəfə • Şərh yoxdur

Yarımfinalçılar kimlər ola bilər?

Braziliyada ötən ay start götürən futbol üzrə dünya çempionatı sona yaxınlaşmaqdadır. Sayca 20-ci olan mundialda artıq 1/4 final mərhələsinin astanasındayıq. Bu gün baş tutacaq iki qarşılaşma ilə yarımfinalın ilk iki, sabah keçiriləcək oyunlarla isə 1/2 final mərhələsinin digər iki iştirakçısı müəyyənləşəcək. Deməli, 1/4 final mərhələsində qarşılaşacaq cütlüklərin şanslarına nəzər salmağın əsl vaxtıdır.

Erkən final

Şübhəsiz, 1/4 final mərhələsinin ən çox maraq kəsb edən matçı Fransa – Almaniya qarşılaşmasıdır. Dünya çempionatının iki iddialı komandasının qarşılaşmasını erkən final da adladırmaq olar. Hər iki kollektiv çempionluğa oynayan qrafik cızdığından hansı komandanın mərhələ adlayacağını proqnozlaşdırmaq çətindir.

1958-ci ildə Jüst Fonten, 1986-cı ildə Mişel Platini, 1998-ci ildə isə Zinəddin Zidan kimi oyunçular Fransa yığmasını araxasınca aparmaqla “üçrənglilər”ə beynəlxalq arenada uğurlar qazandırmışdı. Fonten və Platininin dövründə dünya çempionatının bürünc, Zidanın zamanında isə qızıl medal qazanan “xoruzlar” xüsusən sonuncunun dövründə əzəmətli, fərqli oyun üslubu ilə seçilən qarşısıalınmaz komanda hesab olunurdu. Amma sözsüz, hazırda davam edən mundialdan əvvəl bu epitetləri Fransa millisinə yaraşdırmaq olmurdu. Bu səbəbdən də dörd il əvvəlki mundialı bir xalla qrup sonuncusu kimi tamamlayan komandadan ciddi uğur gözlənilmirdi. Düzdür, nəsildəyişmə prosesini arxada qoyan və mundiala vəsiqəni pley-off mərhələsində Ukraynanı çətinliklə üstələməklə qazanan fransızlar çətin anlarda möhtəşəm oynamaq bacarığını ortaya qoymuşdu, ancaq bununla belə, gənc və perspektivli komandanın ciddi beynəlxalq təcrübəsinin olmamsı komandanın uğur qazanmasına əngəl ola bilərdi. Üstəlik, komandanın lideri Frank Riberi də zədə səbəbindən Braziliyaya yollanan heyətdə yer almadı ki, bu da “xoruzlar” üçün ciddi problem sayılırdı. Ancaq Didye Deşamın komandası qrup mərhələsini və 1/8 finalı asanlıqla adlamaqla hələlik proqnozları alt-üst etməkdədir. İsveçrə, Ekvador və Honduras yığmalarının yer aldığı qrupu lider kimi tamamlayan Fransa millisi 1/8 finalda isə Nigeriya seçmə komandasını iki cavabsız qolla üstələyərək ən güclü 8 komanda arasına adını yazdırdı. İndi “üçrənglilər”in qarşısında daha çətin vəzifə durur. Mundialın favoritlərindən olan Almaniya millisini mübarizədən kənarlaşdırmaq lazımdır.

Bu həmin Almaniya millisidir ki, son dünya birinciliyində əsas favoritlərdən sayılmasa da, bürünc mükafatçı olmaqla ən azı intizam hesabına uğur qazanmağın mümkünlüyünü ortaya qoymuşdu. Odur ki, avropanın ən titullu komandasını hesabdan silmək olmaz. Xatırladaq ki, Almaniya milli komandası buna qədər üç dəfə dünya (1954, 1974, 1990) və üç dəfə Avropa çempionu (1972, 1980, 1996) olmaqla yanaşı, 5 dəfə dünya və 3 dəfə Avropa çempionatının gümüş medallarını qazanıb. Bundan başqa, Almaniya millisi dörd dəfə dünya çempionatının bürünc mükafatını da sahib olub.  İlk baxışdan “Bundestim”də ciddi problem gözə dəymir. Sabit nəticələr, baş məşqçi Lövün işi, baxımlı futbol – bütün bunlar Almaniya millisinin güclü tərəflərdir. Filipp Lam, Mario Götze, Toni Kroos, Bastian Şvaynştayger, Sami Hedira, Məsut Özil, Marko Roys, Andre Şürrle kimi oyunçularla dağı dağ üstə qoymaq olar. İndi qalır 1990-cı ildəki uğuru təkrarlamaq. Hələlik almanların işi qaydasında gedir. Yer aldığı G qrupunda Portuqaliya (4:0) və ABŞ-a (1:0) qalib gələn, Qana yığması ilə oyunda isə “sülh” bağlayan (2:2) Yohaim Lövün komandası 1/8 finalda isə Əlcəzair səddini 2:1 hesablı qələbə ilə keçdi. Fransa yığması üzərində mümkün qələbə isə Almaniya millisini çempionluğa bir addım da yaxınlaşdırıcaq. Amma finala gedən yolda öncə erkən final səddini uğurla adlamaq lazımdır.

“Pentakampeonlar”, yoxsa “Qəhvəçilər”?

1/4 final mərhələsinin bu günə təsadüf edən qarşılaşmalarından biri olan Braziliya – Kolumbiya matçını bu mərhələnin ən maraqlı oyunlarından biri hesab etmək olar. Meydan sahibi olan Braziliya yığması Meksika, Xorvatiya və Kamerun milli komandaları ilə birgə yer aldığı A qrupundan 7 xalla lider kimi çıxsa da, 1/8 final mərhələsində Çili səddinin yalnız penaltilər seriyasında aşılması, ən əsası da əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda Çili yığmasının daha üstün oynaması     “Pentakampeonlar”ın imkanlarından ehtiyatla danışmağa əsas verir. Amma bununla belə, Braziliya yığması istənilən halda mundialın qalibi adına ən real namizədlərdəndir. İndiyə qədər beş dəfə (1958, 1962, 1970, 1994, 2002) dünyanın ən güclülsü adına yiyələnən Braziliya millisinin əsas üstünlüyü “doğma divarlar” arasında oynamasıdır. Üstəlik Amerika qitəsində keçirilən turnirlərdə həmişə yerli komandalardan birinin qalib gəlməsi ənənəsi də onların xeyrinədir. Dörd il əvvəl 1/4 finalda mübarizəni dayandıran Braziliya yığmasına son dünya çempionluğunu qazandıran Luis Felipe Skolarinin yenidən milliyə başçılıq etməsi “Pentakampeonlar” üçün əlavə üstünlükdür. Bundan başqa, həmişə olduğu kimi yüksək səviyyəli ifaçıların yer aldığı komandadan uğur gözləməyə dəyər. Komandanın kapitanı Tyaqo Silva, Neymar, Oskar kimi ulduzlar Braziliyanın əsas ümidləridir. Lakin “pentakampeonlar”ın çatışmayan cəhətləri də var. Bu da təcrübədir. Ulduz olmalarına baxmayaraq, əksər “sambaçı”lar ilk dəfə mundialın final mərhələsində oynayacaq. Bu azmış kimi, cənubi amerikalılar bombardir keyfiyyətləri ilə seçilən oyunçuya da malik deyil. Bu üzdən onlar daha çox Fred və Jonun ümidinə qalır ki, onlar da hələlik ümidləri doğrultmur. Lakin təcrübəli Skolarinin bütün problemlərin öhdəsindən gəlmək üçün yetərincə seçim imkanı var. Hər halda, Ramiresin qayıdışı, Dantenin müdafiədə peyda olması, Maksvell, Maykon, Lukas Leyvo, Villian, Bernard, Lukas Moura kimi futbolçuların olması da baş məşqçinin işinə yaraya bilər.

Yer aldığı C qrupunda Yunanıstan, Fil Dişi Sahili və Yaponiya yığmaları ilə mübarizə aparan və 1/8 finala vəsiqəni maksimum nəticə ilə qazanan Kolumbiya yığması bu mərhələdə isə güclü Uruqvay seçmə komandasını iki cavabsız qolla üstələməklə iddiasını ortaya qoymuşdu. Mundiala Cənubi Amerika üzrə seçmə mərhələni 2-ci pillədə başa vurmaqla 16 illik fasilədən sonra vəsiqə qazanan Kolumbiya milli komandası dünya çempionatında ciddi uğur qazanmasa da, “sarılar”dan gözləntilər heç də az deyil. 1990-cı ildəki mundialda 1/8 finala qədər irəlləyən “qəhvəçilər”in planetin ən böyük turnirindəki ən önəmli uğuru da məhz bu idi. Bununla belə, hazırda dünyanın ən perspektivli komandaları sırasında olan  Xose Pekermanın “drujinası”nın ən güclü 8 komanda arasına çıxması gözlənilməz nəticə sayılmır. İndiyə qədər dörd dəfə mundiala qatılan yığmanın  bir neçə üzvünün Avropanın nəhəng klublarının diqqət mərkəzində olması “qəhvəçilər” üçün əlavə motivasiya yaradan amillərdən biridir. Üstəlik, kolumbiyalıların FİFA-nın sıralamasında 8-ci sırada olması turnirdə iştirak edən bütün komandalar üçün xəbərdarlıq sayılmalıdır.

Fovorit “gizli favorit”ə qarşı

Qrup mərhələsini maksimum nəticə ilə başa vuran iki komandanın – Argentina və Belçika yığmalarının qarşılaşması bu mərhələnin ən prinsipial matçlarındandır. Görüşün favoriti isə mundialın “abunəçilər”indən olan Argentina millisi sayılır. Dördilliyin ən böyük futbol turnirinin ikiqat (1978, 1986) qalibi və ikiqat (1930, 1990) finalçısı olan “Albiselesta” heyətinə və potensialına görə turnirin əsas favoritlərindən sayılmağa layiqdir. Heyətində Lionel Messi, Aquero, Lavezzi və Hiquain kimi forvardlar olan hücum xəttinin “zirehli” olması komandanı iddialılardan saymağa əsas verir. Qrup mərhələsində Nigeriya, Bosniya və Hersoqovina və İran milliləri ilə qarşılaşan və hər üç rəqibini məğlub edən “zolaqlılar” 1/8 final mərhələsində isə İsveçrə milli komandasını minimal hesabla üstələməklə ən güclü 8 komanda arasına çıxdı. “Gümüşlər ölkəsi” 1990-cı ildəki dünya çempionatından sonra 1/4 final səddini aşa bilməsə də, mundial Cənubi Amerika zonasında keçirildiyindən nisbi meydan sahibliyi anlayışı Argentina yığmasına əlavə güc verməlidir. Amma komandanın hazırda davam edən mundialdakı bütün oyunlarda rəqiblərinə bir top fərqi ilə qalib gəlməsi, ən əsası da kollektivin birbaşa Messidən asılı olması Argentina üçün arzuolunmaz görüntü sayılır.

Argentina yığmasının rəqibinə gəlincə, Belçika yığması hazırda ən prespektivli milli komandalardan sayıldığından mundialda sürpriz nəticəyə imza atması gözlənilən kollektivlər arasında göstərilir. Cənubi Kareya, Əlcəzair və Rusiya ilə birgə yer aldığı H qrupunu 9 xalla tamamlayan, 1/8 final mərhələsində isə ABŞ-a 2:1 hesabı ilə qalib gələn Mark Vilmotsun “drujinası”nın yaxşı formada olması danılmazdır. Tarixi ərzində bir dəfə avropa çempinatının gümüş (1980), bir dəfə isə bürünc (1972) mükafatını qazanan Belçika yığmasının dünya çempionatındakı ən böyük uğuru isə 1986-ci ildə yarımfinala yüksəlməsi idi. Bu dəfə də ən azı 28 il öncəki uğuru təkrarlamaq niyyətində olan komandanın heyətində Eden Hazard, Maruan Fellaini, Daniel Van Buyten,Vinsent Kompani, Dris Mertens,Kevin Miralyans, Romelu Lukaku, Moussa Dembele, Tibo Kurtua kimi futbolçuların yer alması sözügedən yığmanın sürpriz nəticəyə imza ata biləcəyini proqnozlaşdırmağa əsas verir.

Kosta-Rika yenə sürpriz edəcək?

1974-cü ildəki mundialdan başlayaraq planetin ən böyük futbol turnirinə favoritlərdən biri kimi yollanan Hollandiya millisi bu günə qədər dünya çempionatının qalibi olmasa da, həmişə iddialılar cərgəsində yer alan kollektivlər arasındadır. Hər halda, seçmə mərhələdə cəmi bir oyunda xal itirən və Avropa zonasında mundiala vəsiqəni hamıdan əvvəl əldə edən, final mərhələsində isə İspaniya, Çili və Avstraliya yığmalarının yer aldığı qrupu 9 xalla tamamlayan “narıncılar”ın yaxşı formada olması şübhə doğurmur. Son dünya çempionatının finalçısı olan və ümumilikdə üç dəfə (1974, 1978, 2010) mundialın gümüş medalını qazanan Hollandiya millisi xüsusən hücum xəttinin güclü olması ilə diqqət çəkir. Millinin tarixinin ən məhsuldar oyunçusu olan Robin van Persinin indiki heyətdə yer alması da buna nümunədir. Ondan başqa Robben, Cermeyn Lens, Klaas Yan Huntelaar kimi qolçuluq bacarığına malik futbolçuları qeyd etmək olar. Mundialdan sonra postunu tərk edəcək Luis Van Qalın “drujinası”nda ciddi problem gözə dəyməsə də, müdafiə xəttində yer alan oyunçuların təcrübəsizliyi komandaya çətinlik yarada bilər. Düzdür, seçmə mərhələdə cəmi 5 qol buraxan “zanbaqlar ölkəsi”nin arxa xəttəki çatışmazlıqlardan bəhs etmək bir qədər qəribə görünə bilər, amma əsas milliyə əksəriyyəti U-21-dən cəlb olunan gənc futbolçuların daha iddialı komandalar qarşısında “at oynadacağı” inandırıcı deyil. Hər halda, Luis Van Qalın komandasının 1/8 final mərhələsində Meksika yığmasına çətinliklə (2:1) qalib gəlməsi də heç də hər şeyin qaydasında olmadığını ortaya qoyur. Hər nə qədər “narıncılar” Kosta-Rika ilə matçın favoriti sayılsa da, rəqibə ciddi yanaşmağa məcburdur.

Yəqin ki, heç kim Kosta-Rika milli komandasının üç dünya çempionunun (İtaliya, İngiltərə, Uruqvay) yer aldığı “ölüm qrupu”ndan “sağ çıxacağına” inanmırdı. Hər nə qədər KONKAKAF zonası üzrə seçmə mərhələdə 2-ci olmaqla Braziliyaya vəsiqə asanlıqla qazanılsa da, dünya çempionatındakı ən böyük uğurunu 24 il əvvəl 1/8 final mərhələsinə yüksəlməklə gerçəkləşdirən “qırmızılar”ın dünya futbolunda ciddi uğur qazanmaması Xorxe Luis Pintonun yetirmələrinin şanslarını aşağı qiymətləndirməyə əsas verirdi. Amma mundialın ən çətun qrupundan 7 xal toplamaqla lider kimi çıxan “Tikos” 1/8 finalda isə Yunanıstan millisini oyunsonrası penaltilərlə üstələməklə 1/4 finalda Hollandiya yığmasına rəqib oldu. Düzdür, bütün göstəricilər Hollandiya millisinin üstünlüyündən xəbər verir, amma futbolun gözəlliklərindən biri də statistika və tarixə zidd getməsi deyilmi?

Sonda isə xatırladaq ki, bu gün keçiriləcək Almaniya – Fransa qarşılaşması Bakı vaxtilə saat 21:00-da gecəyarısı baş tutacaq Braziliya – Kolumbiya oyunu isə 01:00-da başlayacaq. Sabahkı görüşlərə gəlincə, Argentina – Belçika matçının start fiti Bakı vaxtı ilə saat 21:00-da Hollandiya – Kosta-Rika matçınınkı isə 01:00-da veriləcək. Onu da xatırladaq ki, bugünkü oyunları müvafiq olaraq argentinalı Nestor Pitan və ispaniyalı Karlos Velasko, sabahkı qarşılaşmaları isə müvafiq olaraq italiyalı Nikola Ritsoli və özbəkistanlı Rövşən İrmatov idarə edəcəklər.

Tural Məmmədov

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın