Menu
Geri İrəli

Nəhənglərin savaşı

Müəllif: sumqayitxeber.com • Tarix: 24 May 2014 • Baxış sayı: 338 dəfə • Şərh yoxdur

Lissabonda Madrid derbisi - YENİLƏNİR“Real”, yoxsa “Atletiko”

Bu gün UEFA Çempinlar Liqasına yekun vurulacaq. Turnirin həlledici oyununda İspaniaya paytaxtının iki komandası – “Atletiko” ilə “Real” qarşılaşacaq. Xatırladaq ki, həlledici qarşılaşma mayın 24-də Lissabondakı “Estadio da Luz” stadionunda keçiriləcək.

İlk dəfə eyni şəhərin iki komandası

Bu gün Portuqaliyada baş tutacaq görüş ən nüfuzlu klub turnirinin tarixində bir şəhərin iki komandasının finalda üzləşəcəyi ilk oyun olacaq. Qeyd edək ki, ispan finalı avrokuboklarda eyni ölkə təmsilçilərinin 19-cu belə oyunu olacaq. Bu baxımdan 8 dəfə həlledici qarşılaşmada oynamaq hüququ əldə edən ispanlar hamını qabaqlayır. İtaliya klubları 7, Almaniya təmsilçiləri 2, İngiltərə və Portuqaliya təmsilçiləri isə hərəyə 1 dəfə finalda üz-üzə gəlib. Çempionlar Liqasında isə yalnız 3 belə final yaşanmışdı. 1999/2000 mövsümündə “Real” “Valensiya”nı 3:0, 2002/03 mövsümündə “Milan” “Yuventus”u qolsuz bitən matçın penaltilər seriyasında 3:2, ötən “futbol ili”ndə isə “Bavariya” “Borussiya”nı 2:1 hesabı ilə məğlub etmişdi.

Kim finala necə gəlib?

Hər nə qədər “Atletiko” hazırda daha yaxşı formada olsa da, bu, birbaşa Simionenin “drujinası”nın favorit göstərilməsinə zəmin yaratmır. Deməli, bu məsələdə müəyyən qənaətə gəlmək üçün komandaların Çempionlar Liqasındakı çıxışına da nəzər yetirmək yerinə düşər. Ən nüfuzlu klub turnirinə B qrupunda başlayan Madrid “Real”ı qrup mərhələsində “Yuventus”, “Qalatasaray” və “Kopenhagen”lə mübarizədən qrup qalibi kimi ayrıldı. Qrupu 5 qələbə və 1 heç-heçə sayəsində 16 xalla tamamlayan “Kral” klubu 1/8 finalda Almaniyanın “Şalke 04” (6:1, 3:1), 1/4 finalda isə həmin ölkənin “Borussiya” (Dortmund) klubunu iki oyunun nəticəsinə görə (3:0, 0:2) məğlub etməklə yarımfinala adladı. Həlledici matça vəsiqə uğrunda isə turnirin son qalibi “Bavariya” ilə qarşılaşan Ançelottinin yetirmələri Almaniya təmsilçisini hər iki görüşdə məğlub etməklə (1:0, 4:1) adını finala yazdırdı.

Final matçının digər iştirakçısı “Atletiko”da “Real” kimi qrup mərhələsini 16 xalla lider kimi tamamladı. G qrupunda Portuqaliyanın “Portu”, Avstriyanın “Austriya” və Rusiyanın “Zenit” komandalarını üstələyən Dieqo Simionenin yetirmələri 1/8 finalda isə İtaliyanın “Milan” komandasını mübarizədən kənarlaşdırdı. Hər iki oyunda qalib gələn (1:0, 4:1) Madrid klubu sonrakı mərhələdə isə iki oyunun nəticəsinə görə (0:0, 1:1) “Barselona”nı üstələməklə yarımfinala vəsiqə qazandı. Yarımfinalda isə “Atletiko” İngiltərə “Çelsi”sini sıradan çıxardı. Evdə qosuz heç-heçəyə razılaşan “Land of fire Azerbaijan” formalı madridlilər Londondan 3:1 hesablı qələbə ilə qayıtmaqla finala vəsiqə qazandı.

 “Kral” klubu daha təcrübəlidir

Həlledici oyunun iştirakçılarını müqayisə etdikdə “Real”ın daha təcrübəli olduğuna şübhə yeri qalmır. Turnirin Çempionlar Kuboku adlandırıldığı dövrü də nəzərə alsaq, ümumilikdə 9 dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olan Karlo Ançelottinin “drujinası”nın Çempionlar Liqasında ilk dəfə final həyəcanı yaşayacaq “Atletiko”dan daha təcrübəli olması göz önündədir. Elə iki komandanın baş məşqçilərinin karyerasını müqayisə edən zaman da “Kral” klubunun “sükanı arxasında” olan Karlo Ançelottinin daha üstün olduğunu görürük. Belə ki, sözügedən oyun “Atletiko”nun baş məşqçisi Dieqo Simione üçün Çempionlar Liqasında ilk final matçı olduğu halda, Ançelooti üçün artıq 4-cü həlledici görüş olacaq. Xatırladaq ki, italiyalı mütəxəssis komandası ilə birlikdə 4-cü dəfə turnirin finalına yüksəlməklə Çempionlar Liqasında rekorda imza atmış oldu. Qeyd edək ki, Ançelottiyədək yalnız 3 mütəxəssis finala 4 dəfə yüksəlmişdi. Bunlar Migel Munyos (1960, 1962, 1964, 1966), Marçello Lippi (1996, 1997, 1998, 2003) və Aleks Ferqyuson (1999, 2008, 2009, 2011) idi. Onu da qeyd edək ki, əvvəlki 3 finalını “Milan”la yaşayan Ançelotti 2003 və 2007-ci illərdə kuboku qazanmış, 2005-ci ildə isə məqəsədinə nail ola bilməmişdi.

Daxili birincilikdə “Atletiko” üstündür

İki komandanın cari mövsümdəki çıxışına nəzər salırıqsa, Madrid təmsilçilərinin daxili birincilikdə nəticələrinə də nəzər salmaq yerinə düşər. Bu mənada üstünlüyün “Atletiko”da olduğunu deyə bilərik. Ötən həftə başa çatan İspaniya La-Liqasını 18 illik fasilədən sonra çempion kimi tamamlayan Dieqo Simionenin komandasının sözügedən uğuru kollektivi daha üstün saymağa imkan verir. Bununla yanaşı, “Atletiko”nun sabahkı rəqibini daxili birincilikdə üç xal qabaqlaması, ən əsası da mövsüm ərzində “Real”a uduzmamasını (1:0, 2:2) qeyd etmək olar.

856 milyonluq futbolçuların oyunu

Çempionlar Liqasının finalı oyunu çərçivəsində keçiriləcək ”Real” – “Atletiko” matçında əsas heyətdə meydana çıxacaq futbolçuların qiyməti 856 milyon avrodur. İspaniya mətbuatının yaydığı xəbərə görə, “Real”ın oyunçularının qiyməti 574 milyon 100 min, “Atletiko”nun isə 282 milyon avro təşkil edir. “Real”da ən bahalı futbolçu Kriştiano Ronaldo (100 milyon avro), “Atletiko”da isə Dieqo Kostadır (35 milyon avro).

Ədalət təmsilçiləri kimlərdir?

Çempionlar Liqasının finalı ilə bağlı maraqla gözlənilən məqamlardan biri də   matçı idarə edəcək hakimin kim olacağı məsələsi idi. Oyundan bir neçə gün öncə isə qarşılaşmanı hollandiyalı Byorn Kuypersin idarə edəcəyi məlum oldu. Ona həmyerliləri Sander van Roekel və Ervin Zeynstra yardım edəcək. Oyunun dördüncü hakimi Cüneyt Çakır, əlavə kömçkəçi hakaimləri Pol van Boekel və Riçard Liesveld olacaq. Qeyd edək ki, indiyədək 68 beynəlxalq matçda fit çalmış Byorn   bu mövsüm 4 Çempionlar Liqası və 3 Avropa Liqası matçı idarə edib. Avrokubokların finalını idarə etmiş 4-cü holland olacaq 41 yaşlı referi 2011-ci ildə UEFA Superkuboku uğrunda matçda və ötən il keçirilən Avropa Liqasının “Çelsi” – “Benfika” finalında ədaləti qoruyub.

Tural Məmmədov

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın