Menu
Geri İrəli

Ölkəmizin ən böyük idmançı ailəsi – SUMQAYITDA- FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2017 • Baxış sayı: 1,230 dəfə • Şərh yoxdur

İdman jurnalistikası çox geniş və maraqlı bir sahədir. Bu vaxta qədər müxtəlif idman növlərindən yazılar yazıb, oxucularımıza informasiyalar çatdırmışıq. Müxtəlif idman növündə uğur qazanan idmançılarla müsahibələr hazırlayıb, onları çoxsaylı oxucularımıza təqdim etmişik.
Lakin heç vaxt böyük uğurları ilə Azərbaycan idmanında tarix yazan böyük bir idmançı ailəsi ilə tanış deyildik. Söhbət Süleymanovlar ailəsindən gedir.
Bu ailə nəinki Azərbaycanda, bəlkə də bütün dünyada ən böyük idmançı ailəsi sayıla bilər. Süleymanovlar ailəsində güləş və ağırlıqqaldırma üzrə müxtəlif miqyaslı yarışların qalibləri var. Bu ailənin 7 üzvündən 2-si indi də idmanla məşğul olur və kifayət qədər tanınmış atletlərdir. Ailənin digər 2 üzvü isə hazırda məşqçi kimi fəaliyyət göstərir. Bəs kimdir onlar?
Bu sayımızda onları oxucularımızla yaxından tanış edəcəyik. Ailənin üzvləri ilə görüşmək üçün Sumqayıt şəhərinə yollandıq. Süleymanovlar ailəsinin ağbirçəyi, Bircəxanım Süleymanovanın evində qonaq olduq. Sadə və zəhmətkeş bir ailəyə gəldiyimiz üçün özümüzü daha rahat hiss edirdik. 9 oğlan və 4 qız dünyaya gətirən Bircəxanım ana bu ailədə ilk müsahibimiz oldu.

Böyük bir ailəyə başçılıq edən bu qəhrəman ana suallarımıza cavab verdi.

- Bircəxanım xanım, bir valideyn və bir ailə başçısı kimi övladlarınızın böyüyüb, ərsəyə gəlməsində saç ağartmısınız. Heç şübhəsiz ki, onlarda sizin zəhmətinizi layiqincə qiymətləndiriblər. Gəlin birbaşa övladlarınızı bizə təqdim edin.
- Ən böyük oğlum Hafiz beşqat Avropa çempionu və bir dəfə dünya çempionatının qızıl mükafatçısıdır. O, həmçinin dəfələrlə beynəlxalq turnirin qalib və mükafatçısıdır. İkinci oğlum Mübariz də idmanla məşğul olub. O, həm ağırlıqqaldırma, həm də yunan-Roma güləşi üzrə idman ustasıdır. Lakin ailə qurduqdan sonra idmandan bir qədər uzaqlaşdı. Aydın əməkdar məşqçidir. O da dəfələrlə beynəlxalq yarışların qalib və mükafatçısı olub. O, Avropa çempionları yetişdirib.
Elxan isə Avropa çempionatının ikiqat qalibi, bir dəfə də Avropa kubokunun sahibidir. O, həmçinin beynəlxalq dərəcəli hakimdir. Səhv etmirəmsə, Sidney olimpiadasında iştirak edən Elxan 6-cı yeri tutmuşdu. Lakin çiynindən zədə aldığı üçün idmandan uzaqlaşdı. Digər oğlum Elbrus da özünəməxsus üslubu ilə seçilən bir idmançı olub. Lakin o idmanla sona qədər məşğul olmadı.
Sərdar da güləşlə məşğul olur. O da beynəlxalq turnirlərin qalib və mükafatçısıdır. Lakin o da idmanla sona qədər məşğul olmadı. Ən kiçik oğlum Qadir də ailəmizin idman ənənələrini davam etdirir. O, dünya çempionatının gümüş mükafatçısı və tələbələrin olimpiadasının bürünc medalçısıdır.
Zülfüqar isə hazırda bizi öz uğurları ilə sevindirir. O, bir müddət idmandan kənarda qaldı. Amma ruhdan düşmədi. Zülfüqar iştirak etdiyi yarışların əksəriyyətində medal qazana bilib. Sonuncu dəfə Zülfüqar İndoneziyaya yollanmışdı. Orada müsəlman ölkələrinin yarışında çıxış edirdi. Mən də bir ana kimi çox həyəcanlanırdım. Fikrim onun yanında idi. Mənim üçün oğlumun sağlamlığı, qazandığı uğurdan üstündür. Ağır atletika çox təhlükəlidir. İndoneziyada Zülfüqar bürünc medala sahib çıxdı. Çox sevinirdim. Onun xoş sorağını eşitmək mənə bir ana kimi çox xoşdur. Bu digər övladlarıma da aiddir. Hər şeydən əvvəl övladlarımın sağlamlığını və vətənə layiq övlad olmasını istəyirəm.- Övladlarınızın idmançı olmasını siz istəmisinizmi?
- Düzünü desəm, onların bu qərarına qarşı heç vaxt çıxmamışam. Amma həmişə bir ana kimi övladlarımın zədələnməsindən qorxmuşam. Baxmayaraq ki, həyat yoldaşım, idmana çox bağlı insan olub, amma yenə də övladlarımızın bu sahə ilə məşğul olmasına qarşı çıxıb. O, boksla məşğul olduğu üçün bu sahənin necə çətin və təhlükəli olduğunu bilirdi. Yəqin bir ata kimi onlar üçün narahat olub. Yadımdadır. Oğlum Hafiz hələ balaca vaxtı idmana çox həvəsli idi. Tez-tez dərsdən sonra idman zalına gedib, məşqlər edərdi. Lakin atası onu idmançı deyil, hüquqşünas kimi görmək istəyirdi. Hətta idman zalının müəlliminə tapşırırdı ki, Hafizi zala buraxmasın. Buna baxmayaraq həyat yoldaşım da onun bu həvəsinə qarşı çıxa bilmədi. Orta məktəbdə oxuyarkən də dərslərindən əla qiymətlər alırdı. Hətta Moskvada hüquq fakültəsinə qəbul olmuşdu. Lakin onda olan bu həvəs Hafizi böyük idmana gətirdi. Hafiz dünya çempionatında birinci yerə layiq görüldükdən sonra artıq atası da onların bu istəyinə qarşı çıxmadı və bundan sonra özü digər övladlarımızın da idmanla məşğul olmasına icazə verdi. Hətta Zülfüqarı ilk dəfə güləş məşqlərinə o, yazdırıb. Övladlarımın yarışlarda çıxışını izləyərkən böyük həyəcan keçirirdim. Onların qələbələrini gördükdə qəlbim fərəhlənir.

- Bəs ətrafdakılar. Bu idmançılar barəsində sizdən nəsə soruşurdular?
- Əlbəttə. Mən övladlarımla həmişə qürur hissi keçirmişəm. Hamı onların uğuru barəsində məni təbrik edəndə, urəyim dağa dönürdü. Sevinirdim ki, hamı mənim övladlarımın xoş sorağını eşidir, mənimlə bölüşür. Hansı valideyn belə deyil ki? Yenə deyirəm, övladlarımın idmanla məşğul olması məni sevindirir. Əsas onların xoşbəxtliyidir. Övladlarının tanınmış idmançı olması məncə hər bir valideynin ən böyük arzularından biridir. Çox sevinirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onlarla görüşüb. Bunu görəndə bir ana kimi fərəhim yerə-göyə sığmırdı.

- Nəvələrinizi necə, onların da idmanla məşğul olmasını istəyirsinizmi?
- Bəli. İstəyirəm ki, onlar da atalarının yolunu davam etdirsinlər. Bizim ailəmiz idmançı ailəsi olduğu üçün onların da idmançı kimi yetişməsini istəyirəm. İdman həm də sağlamlıqdır. Onlar idmanla məşğul olarsa pis vərdişlərdən də uzaq olarlar. Hətta nəvələrimin çoxu hələ balaca vaxtından idmana meyl göstərirlər. Necə deyillər, niyyətin hara, mənzilin ora. Allah onların bəxt ulduzunu sönməz etsin.

- Balalarınıza ən çox nəyi arzu etmisiniz?
- Bir ana kimi övladlarımın xoşbəxt olmasını, bayrağımızı daima yüksəklərdə dalğalandırmalarını arzulamışam. Şükur Allaha, övladlarım arzularımın demək olar ki, əksəriyyətini gerçəkləşdiriblər. Bir ana bundan artıq nə istəyə bilər ki? Təbii ki, övladlarının xoşbəxt günlərini, uğurlarını gördükdə qəlbim fərəhlənir. Onların üzünün gülməyi mənə bəsdir.

“Qızıla bərabər bürünc oğlan”

Ailə üzvləri ilə bir masa ətrafında söhbət zamanı Zülfüqar da söhbətimizə qoşulurdu. Ailənin idmançı üzvlərindən olan Zülfüqar ağırlıqqaldırma idman növündə öz sözünü deyən idmançılarımızdandır. Onun qazandığı nailiyyətlərə nəzər saldıqda medal kolleksiyasının zəngin olduğunu görmək mümkündür. Bu il İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında Zülfüqar bürünc medal qazanıb. Avropa çempionatlarında bürünc medala layiq görülən tanınmış idmançımız, Bakıda təşkil olunan Qran-pri turnirinin də bürünc mükafatçısıdır. Ailə üzvlərini bizə təqdim edən Zülfüqara da bizi maraqlandıran suallarımızı ünvanladıq. Ona çoxdan vermək istədiyimiz sualın əsil məqamı olduğunu düşündük.

Azərbaycanın ən böyük idmançı ailəsi Sumqayıtdadır - FOTOLAR

 

- Zülfüqar, bir müddət idmandan kənar qaldın. Bu uğursuzluq sənə necə təsir etdi?
- Diskvalifikasiya olunandan sonra ətrafimdakı bütün insanları daha yaxşı tanıdım. Mən müsahibələrimdə vurğulamışdım ki, bu nəticələri qazandığım üçün ailəmə borcluyam. Diskvalifikasiya olduğum iki il ərzində yalnız ailəm mənə dayaq oldu. Elə ki, hansısa səbəblərə görə idmandan kənar qalırsansa onda sanki bu “idman cəmiyyəsinə” lazım olmursan. Lakin, həmin vaxtlarda Tofiq müəllim mənə kömək oldu (Tofiq Heydərov. “Zirvə” idman klubunun prezidenti, veteran ağırlıqqaldıran – A.Ə.). Onun mənə ruh yüksəkliyi, məsləhətlər verməsi məndə yenidən özüməinam yaratdı.

- Çempion olmaq çətindi, yoxsa ailə başçısı?
- Çempionluq asan deyil. Qələbə üçün əziyyət çəkmək lazımdır. Ailə başçısı olmaq isə daha çətindi. Bir ömür boyu zəhmət çəkib, bu “kiçik dövləti” saxlamaq lazımdır. Onu da qeyd edim ki, idmançı üçün ailə başçısı olmaq çox çətindir. İdmançı ömrünün böyük bir hissəsini idman zallarında, yarışlarda keçirir. Bunun üçün də ailədən uzaq qalırsan. Hətta ailədə körpə varsa, onun böyüməyini belə görmürsən. Ailəyə lazım olan qayğını, nəvazişi göstərmək olmur.

- Bəs özünü başqa idman növündə sınamağı düşünmüsənmi?
- Bəli. Yadımdadır, güləşlə məşğul olan zamanlar televizorda idman proqramını izləyirdim. Həmin vaxt cüdo haqqında veriliş hazırlamışdılar. Bu verilişə baxdıqdan sonra məndə də cüdoya qarşı maraq və istək oyandı. Özümü bu növdə sınamaq fikrinə düşdüm. Necə deyərlər cüdonu bir növ özümə yaxın hiss etdim. Baxmayaraq ki, əvvəllər bu idman növünə heç marağım olmayıb. Düşünürdüm ki, görən bu idman növü ilə məşğul olsaydım hansı nailiyyətləri qazana bilərdim. Amma bəlkə də güləşdə qalsaydım, yəqin ki, nailiyyətlərim daha yüksək ola bilərdi. Həmin dövrdə bir sıra problemlərə görə yarışlarda iştirak edə bilmirdim. Bunun üçün də, gücümü bundan sonra güləşdə deyil, ağırlıqqaldırmada sınamağa başladım. Bu gün bu növdə uğurlarım davam edir və daha böyük nailiyyətlər qazanmaq əzmindəyəm.

 

- Zülfüqar, iştirak etdiyin yarışlarda qazandığın medalların əksəriyyəti bürünc medaldır. Bəs, qızıl və gümüş medallar?
- Bəli, hər zaman yarışlara böyük əzmlə hazırlaşmışam. Lakin qismətimə əksər hallarda bürünc medal düşüb. Buna görə heç də məyus olmuram. Əldə etdiyim bürünc medallara görə çox vaxt məni “qızıla bərabər bürünc oğlan” deyə çağırırlar. Bu mənim xoşuma gəlir. Lakin qızıl medal qazanmaq istəyirəm ki, medal kolleksiyam daha da zənginləşsin.

Elxan Süleymanov: “Böyük qardaşım

Hafizlə eyni çəki dərəcəsində rəqib olmuşuq”

- Uğurlarınız və nailiyyətləriniz barədə nə deyərdiniz?
- 1974-cü il fevralın 2-də Sumqayıt şəhərində anadan olmuşam. İdmana 1988-ci ildə ağır atletika ilə başlamışam. 1990-cı ildə məktəblilər arasında SSRİ spartakiadasının qalibi olmuşam. Bundan başqa həmin ildə SSRİ birinciliyində gümüş medala sahib çıxmışam. 1997-ci ildə Almaniyada keçirilən Avropa yarışlarında üçüncü yerlə kifayətlənmişəm. Danimarkada təşkil olunan Avropa kubokunun yarışlarında qızıl medala sahib çıxmışam. Bundan başqa respublika çempionatlarının da qalib və mükafatçısı olmuşam. Sidneydə keçirilən Olimpiya oyunlarında isə VII yeri tutmuşam. Beynəlxalq dərəcəli idman ustasıyam. 2001-ci ildə isə Slovakiyada təşkil olunan Avropa çempionatında gümüş medal qazanmışam.

- Bildiyimizə görə, zədə üzündən idmanda daha böyük uğurların qazanılması mümkün olmayıb.
- Bəli. Bununla tamamilə razıyam. 2004-cü ildə Afina Olimpiadası qabağı çiynimdən zədə aldım. Respublika çempionatında da yenidən çiynimdən zədə aldım. Beləliklə də, məhz bu səbəbdən idmandan uzaqlaşdım.


- Qardaşınızla birlikdə yarışda rəqib olmusuz…
- Böyük qardaşım Hafizlə eyni çəki dərəcəsində rəqib olmuşuq. Aydın məsələ idi ki, Hafiz məndən güclü olub. 1992-ci ildə Türkiyədə yarışda iştirak edirdim. Hafiz isə həmin yarışda Türkiyənin adından çıxış edirdi. Yəni demək istəyirəm ki, bir sıra yarışlarda Hafizlə üz-üzə gəlmişik. Bunu sözlə ifadə etmək çox çətindir.


- Övladınızın da idmançı olmağını istərdinizmi?

- Çox istərdim ki, oğlum da ailəmizin idman ənənələrini davam etdirsin. İnanıram ki, o da gələcəkdə bayrağımızı beynəlxalq yarışlarda yüksəklərə qaldıracaq. Onda bu istəyi və həvəsi artıq indidən hiss edirəm. Hər zaman ona dayaq olmağa hazıram.

Hafiz Süleymanov 21 il əvvəl Olimpiya mükafatçısı ola bilərdi…

 Hafiz Süleymanov. Ölkəmizin idman ictimaiyyəti bu adı çox yaxşı tanıyır. Azərbaycan idmanında bu adın qarşısında böyük uğurlar və nailiyyətlər qeyd edilib. Azərbaycanın Ağır Atletika tarixində Hafiz Süleymanovun özünəməxsus yeri var. Hafiz müəllimlə görüşümüz də maraqlı və yaddaqalan oldu. Onunla söhbət zamanı adlı-sanlı veteran idmançımız da suallarımıza səmimi cavablar verdi.

- Hafiz müəllimin medal kolleksiyasında nələr var?

- 1982-ci ildə Sumqayıt şəhərində yerləşən “Polad” idman cəmiyyətində ağırlıqqaldırma üzrə məşqlərə başladım. 1985-ci ildə gənclər arasında SSRİ çempionu adını qazandım. Növbəti il isə gənclər arasında Avropa çempionu və dünya üçüncüsü oldum. 1987-ci ildə yenə də gənclər arasında Avropa çempionu və dünya ikincisi oldum. 1989-u ildə isə böyüklər arasında Avropa və dünya çempionu tituluna yiyələndim. Lakin uğurlarım bununla yekunlaşmadı. 1991-ci ildə Avropa çempionu adını qazandım. İki illik fasilədən sonra dünya və Avropa çempionatının gümüş medalına sahib çıxdım. Ümumilikdə beşqat Avropa çempionu olmaqla yanaşı, bir dəfə də dünya çempionatının qalibi olmuşam. Üç dəfə isə dünya çempionatının gümüş medalına sahib çıxmışam.
Ailəmizdə qardaşlarım da idmanla məşğul olurlar. Məndən sonra Elxan və Zülfüqar da idmanın ağırlıqqaldırma növündə bir sıra yarışların qalib və mükafatçıları olublar. Hazırda “Zirvə” idman klubunun baş məşqçi vəzifəsində çalışıram. Bizim klubda 365-ə yaxın idmançı məşq edir. Yeri gəlmişkən, kluba və idmançılara yaradılan şəraitə görə “Zirvə” idman klubunun prezidenti Tofiq Heydərova minnətdarlığımı bildirirəm. Ağırlıqqaldırmadan başqa, güləş idman növü ilə də məşğul olmuşam. Lakin ağırlıqqaldırmaya sevgim bir başqa olub. Ağırlıqqaldırma elə bir idman növüdür ki, burada tez-tez zədə problemləri olur. Bir sıra idmançılar da var ki, onlar bu zədədən əziyyət çəkiblər.

- Olimpiya çempionu olmaq üçün sizə nə mane olub?

- İki dəfə Olimpiya oyunlarında iştirak etsəm də mükafatçılar sırasına düşə bilmədim. Düzünü desəm, 1992-ci ildə Barselonada təşkil olunan XXV Yay Olimpiya oyunlarında medal qazanmağa çox yaxın olsam da, bu şansı əldən verdim. Həmin yarış ərəfəsində çəki salmışdım. Yarışa çıxmağıma az qalmış idmançılar nahara getdilər. Lakin mən onlarla birgə getmədim və məşq etdim. Bu da yarışda öz təsirini göstərdi. Medallarımın arasında Olimpiya medalı yoxdur. Görünür, qismət deyilmiş. İnşallah, inanıram ki, Süleymanovlar ailəsinin yeni davamçıları bizim edə bilmədiklərimizi reallaşdıracaqlar.
Azərbaycanın ən böyük idmançı ailəsi Sumqayıtdadır - FOTOLAR

 - İdman sizə nə verib?
- İdman mənə hörmət, sayğı, sağlamlıq verib. Əgər mən idman sahəsində olmasaydım yəqin ki, başqa yolda olardım. Çünki mənim böyüdüyüm mühitdə yaşıdlarım pis vərdişlərə qurşanmışıdlar. Amma idman məni onlardan zamanında ayırdı. Bundan başqa, idman sayəsində dünyanın bir sıra ölkələrində olmuşam. İdman sayəsində mən düzgün yoldayam. Mənim sayəmdə də qardaşlarım idmana gəldilər.

- Dünya səviyyəli rəqiblərinizlə əlaqələr davam edirmi?
- İdmanla vidalaşdıqdan sonra da rəqiblərimlə əlaqə saxlayıram. Tez-tez onlarla sosial şəbəkələrdə danışıram.

- Ən böyük arzunuz.
- Ən böyük arzularımdan biri də yetirmələrimdən birinin Olimpiya çempionu olmasıdır. Bunun üçün də potensial var. İnanıram ki, bu arzum gələcəkdə reallaşacaq.

  Arif Süleymanov: “Həmişə  qardaşlarımla fəxr etmişəm”

Süleymanovlar ailəsinin idmançı üzvlərindən biri də Arif Süleymanovdur. Ariflə söhbət etmək üçün onun məşq keçdiyi zala yollandıq. Onunla Masazır qəsəbəsində yerləşən orta məktəbin idman zalında görüşdük. Yeniyetmə güləşçilərlə məşq prosesi keçən Arif bir qədər nəfəsini dərib, bizim suallarımızı cavablandırdı.

 - Arif, eşitdik ki, qardaşlarınızın uğur qazanmasında Sizin də rolunuz az olmayıb.

- Qardaşlarım uşaq vaxtından güləşlə məşğul olublar. Ağırlıqqaldırma üzrə yarışların bir neçə dəfə mükafatçıları olan Zülfüqar və Hafiz də güləşlə məşğul olublar. Zülfüqar 5 il mənim yanımda güləş üzrə məşqlərdə iştirak edib. Sonralar ağırlıqqaldırmaya olan həvəs onları güləşdən uzaqlaşdırdı. Lakin mənim güləşə olan sevgim bu idman növündə qalıb məşqçi kimi fəaliyyət göstərməyimə səbəb oldu. Mən əməkdar məşqçi, idman ustasıyam. Qardaşım Qadir də mənim tələbəm olub. O da gənclər arasında dünya ikincisidir. Tələbələrim beynəlxalq yarışlarda mükafatçılar sırasında yer alıblar. Digər tələbəm Elçin Əliyev Avropa çempionatının mükafatçısı olub. Yeniyetmələr arasında dünya birinciliyinin qalibi Emin Bəşərov və bürünc mükafatçısı Vüsal Qurbanov da mənim yetirməm olub. Bundan başqa, Saməddin Rəcəbov da mənim tələbəmdir.


- Güləş digər idman növlərindən nə ilə fərqlənir?

- Güləş idman növü fiziki hazırlıq tələb edir. Zülfüqarda da fiziki hazırlıq güclü idi, lakin o, ağırlıqqaldırmanı seçdi.
Özüm 4-cü dərəcəli qaynaqçıyam. Bu sahə üzrə hətta diplomum da olsa, yenə də idmanla məşğul oluram. Mən idmana həmişə sadiq olmuşam. Heç bir peşə məni idmandan ayıra bilməyib. 22 ildir ki, məşqçi kimi fəaliyyət göstərirəm. Mənim idman sahəsində yarımçıq qalan planlarımı, arzularımı bugünkü gündə tələbələrim həyata keçirirlər. Qardaşlarımın hər dəfə yarışlardan medallarla qayıtması məni sevindirir. Mən qardaşlarımla fəxr edirəm.

- Tələbələrinizə güləşin sirrlərindən başqa daha nəyi öyrədirsiniz?
- Yetirmələrimə hər zaman mərdliyi, kişiliyi, vətənpərvərliyi aşılamışam. Əgər bu hallar onlarda formalaşsa nəticə də olacaq. Abşeron rayonunda heç vaxt yunan-Roma güləşi olmayıb. 4 ilə yaxındır ki, burada yunan-Roma güləşinin sirlərini gənc və yeniyetmələrə öyrədirəm.

- Övladlarınızı idmançı kimi görmək istərdinizmi?
- Bir qız övladım var. Amma onun idmanla məşğul olmasını istəmirəm. İdmançı ailəsi olsaq da, nədənsə bizim ailədə qızlar idmanla məşğul olmayıblar.

Qadir Süleymanov: “Bədən quruluşum güləşə daha yaxın idi”

Süleymanovlar ailəsinin idmançı üzvlərindən biri də Arif Süleymanovdur. Ariflə söhbət etmək üçün onun məşq keçdiyi zala yollandıq. Onunla Masazır qəsəbəsində yerləşən orta məktəbin idman zalında görüşdük. Yeniyetmə güləşçilərlə məşq prosesi keçən Arif bir qədər nəfəsini dərib, bizim suallarımızı cavablandırdı.


- Qadir, güləşdəki uğurların ailəndə necə qarşılanırdı?

- 20 ildən çoxdur ki, bu sahə ilə məşğulam. İdmanı seçdiyim üçün heç də peşman deyiləm. İdman mənim həyatımın bir hissəsidir. Hətta elə vaxtlar olur ki, həftələrlə təlim-məşqlərdə olduğumuz üçün evə gələ bilmirdik. Ailədən uzaq qalırdıq. Təbii ki, asan heçnə olmur. İdman da belədir. Əgər yüksək nəticə qazanmaq istəyirsənsə daima məşq etmək lazımdır. Yalnız məşqlərin sayəsində zəhmətin bəhrəsini görmək olur. Atam boksla məşğul olub. Həmişə televiziya vasitəsi ilə idman xəbərlərini izləyirdi. Yəni idmana çox bağlı bir insan idi. Yəqin ki, bizə də bu istək, həvəs atamızdan keçib. Hətta biz yarışdan uğurlu nəticələrlə qayıtdıqda atamın sevincinin həddi-hüdudu olmurdu. Bunun üçün də yarışlara gedəndə evə qayıdacağım günü, onu bizi necə sevinclə qarşılayacağını gözümün önünə gətirirdim. Bəlkə həm də bunun üçün də iştirak etdiyim əksər yarışlarda mükafatçılar sırasında yer almışam.

Azərbaycanın ən böyük idmançı ailəsi Sumqayıtdadır - FOTOLAR

 

- Niyə məhz güləş?
- Mənim balaca vaxtımdan ağırlıqqaldırmaya böyük həvəsim olub. Hətta qardaşım Elxanın köməkliyi ilə ağırlıqqaldırma ilə məşğul oldum. Lakin əvvəllər güləşlə məşğul olduğum üçün yenidən güləşə qayıtdım. Bundan əlavə mənim bədən quruluşum güləşə daha yaxın idi. Amma sevinirəm ki, bu idman növündə qalmışam.

- Nəticələrin barədə nə deyərdin?
- 2007-ci ildə Pekində gənclər arasında dünya çempionatının gümüş mükafatçısı olmuşam. Bir il sonra Sankt-Peterburqda tələbələrin olimpiadasında üçüncü yerə layiq görülmüşəm. Hərbi xidmətdən qayıtdıqdan sonra böyüklər arasında Azərbaycan çempionatında II yeri tutdum. İdman ustasıyam.

Süleymanov qardaşlarının əldə etdiyi nəticələr

Hafiz Süleymanov

Gənclər arasında Avropa çempionatında bürünc medal;
böyüklər arasında dünya çempionatlarında qızıl və gümüş medal;
beşqat Avropa çempionu;
dünya çempionatının üçqat gümüş mükafatçısı

Elxan Süleymanov
Məktəblilər arasında SSRİ spartakiadasında qızıl medal;
SSRİ birinciliyində gümüş medal;
Avropa çempionatında bürünc medal;
Avropa kubokunda qızıl medal;
Avropa çempionatında gümüş medal

Zülfüqar Süleymanov

Avropa çempionatında bürünc medal;
Bakı Qran-prisində bürünc medal;
İslam Həmrəyliyi Oyunlarında bürünc medal

Qadir Süleymanov

Gənclər arasında keçirilən dünya çempionatında gümüş medal;
Tələbələrin olimpiadasında bürünc medal

Anar Əhmədov,
Azər Əlizadə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın