Menu
Geri İrəli

Ovçunun şikara çevrilməsi

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2013 • Baxış sayı: 256 dəfə • 1 şərh

“Zorlanmadan qurtula bilmirsənsə zövq almağa çalış” – bu məhşur məsəli şənbə günü Georgi Çixradzeni görəndən sonra xatırladım. “Kukla teatrı”na bənzəyən qarşılaşmanı izləməkdən ötrü “Şəfa”nın yolunu tutmağı artıq bildiyimdən günümü şəxsi işlərimə sərf edəcəkdim. Çixradze isə qarşıma günorta saatlarında metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən “Ovçular” mağazasına girərkən çıxdı. Hələ məlum məzhəkənin başlamasına 6 saata yaxın vaxt qalırdı. Gürcü çalışdırıcı Dmitri Kramarenkoyla birlikdə şad-xürrəm ov ləvazimatları satılan dükana girdi. Cəmisi 6 saat sonra komandasını vacib oyuna çıxaracaq məşqçi futbolçularının yanında olmaması, gərgin mübarizənin stressini hiss etməməsi təəccüblüydü. Məni bağışlayın, elə danışıram ki, guya heç nədən xəbərim yoxdur. Çixradzenin nə vecinə “İnter”lə oyun?! Onsuz da uzun müddət Tsxadadzenin yanında işləmiş birisi “təyinatla” Zaqatalaya yollananda hansı missiyanı yerinə yetirməli olduğunu yaxşı başa düşürdü. Olsa-olsa “böyük qardaş”la hər oyun Çixradzenin komandası üçün uzaqbaşı mətbuatın və Zaqatalalı futbolsevərlərin onlara ünvanlanan tüpürcəklərindən yayınmağın çətinliyinə görə fərqlənir. Qalan şeylər isə çox asandır. Gürcü bilirdi ki, axşam saat 7-də özü də, komandası da ardıcıl məğlubiyyətlərdən usanmış “İnter”in şikarına çevriləcək. Elə bu səbəbdən “İnter”lə oyun üçün paytaxta gələn gürcü çalışdırıcı fürsəti fövtə verməyib yolunu “Ovçular” mağazasından salması adi haldır. Nəticəsi əvvəlcədən bilinən qarşılaşmaya görə həyəcanlanmayan Çixradze Zaqatalaya qayıdan kimi dağlarda keçi, qaban qovalamağın tədarükünü vacib bilib. Yaxşı da edib. Bizim kimi qonaqpərvərlərə nə etsəniz, azdır. Təsadüflərə heç vaxt inanmamışam. Elə şənbə günü yolumu həmin tərəflərə salmağıma və gürcünün qarşıma çıxmasına da bir zərurət kimi yanaşdım. Eyni gün ərzində iki fərqli Çixradze gördüm. Birincisi üz-gözündən sevinc yağan, şikarını ovlamaq üçün tədarük görən ovçu idi. Digəri isə “Şəfa” stadionunda məşqçilər üçün nəzərdə tutulan ərazidə büzüşmüş, əlacsızlıqla komandasının və məşqçilik qürurunun amansızcasına zorlanmasına tamaşa edən aciz insan. Bu dəfə “Şəfa”da ssenari bir az fərqli oldu. Müəllif kimdisə daha ayıq tərpənmiş, hətta qoca alman Foqtsun təcrübəsindən yararlanmışdı. Əcnəbilər illərdir Qarabağı düşmən tapdağına verib, səhər-axşam “lazım gəlsə…” sözünü təkrarlamağımızın psixoloji məqamını yaxşı tutublar. 11 nəfərlə oynayıb heç nə əldə edə bilməyəcəksənsə şahmatdakı kimi “fiqurlardan” birini qurban verib, qırmızı vərəqəylə komandanı azlıqda qoymaq, sonra da “azlıqda qalmasaydıq məğlub olmazdıq” kimi cəfəngiyyatla dolu arqumenti qulağımıza üfürmək əcnəbi fırıldaqçı məşqçilərin sevimli fəndinə çevrilməkdədir. Foqtsun Portuqaliya ilə oyundan sonra bəhrələndiyi variantı bu dəfə Nikolovun texnoloqları ortaya atdılar. Diqqət yetirin, Bojiç hücumçu olsa da ehtiyac olmadığı halda arxa xəttə köməyə gəlir. Dərhal da kobud oyuna görə cəzalanan Popoviçə qahmar çıxmağa çalışır və Elçin Məmmədov da cibinə qoymağa macal tapmadığı sarı vərəqəni ona göstərib, digər cibindən “qırmızı”nı çıxarır. Özünüzü çoxbilmiş hesab edib, bizi avam yerinə qoymayın. İddia etmirəm ki, referi də əvvəlcədən təlimatlandırılmışdı və buna görə Nikolovun ideya müəllifi olduğu ssenarinin icrasına çevrildi. Sadəcə, hadisələrin axarı qəsdən elə məcraya yönəldi ki, Elçin Məmmədov istər-istəməz Çixradzeyə bəhanə vermiş oldu. Gözlənildiyi kimi mətbuat kofransında məğlubiyyəti qısa şərh etməyə çalışan “Simurq”un məşqçisi Bojiçin meydandan qovulmasından sonra oyun sistemlərinin pozulduğunu, bu səbəbdən böyük hesablı məğlubiyyətə düçar olduqlarını qızıl-qırmızı bəyan edib. Bu yerdə “utanmasan oynamağa nə var ki?” məsəli lap yerinə düşür. Özünə hörmət edən çalışdırıcı səbəbsiz yerə oyunda qovulan, daha doğrusu özünü qovduran yetirməsini qınayar, maymaqcasına ora-bura vurnuxub, axmaq qollar buraxan futbolçularıyla haqq-hesab çəkəcəyini deyərdi. Amma gürcünün indiki halda buna cəsarəti çatarmı? Yox! “Kəpəz”lə oyununu fasiləsində komandanı yağlı söyüşlərə qonaq edən Anar Bəkirov niyə susur? Klub prezidentinin təhqirlərinə dözməyib, cavab qaytaran Rasim Ramaldanovun qeyrət damarı niyə özünü göstərmir? Həmkarımın qınağını özünə sığışdırmayıb, Antalyada qoçuluq edən İlkin Qırtımov səsini niyə eşitmirik? Çixradze yetirmələrinin əvəzinə oynayır, özü də çox şövqlə. Onu ortaya salıb oynadırlar, gürcü meydandakı missiyasını bitirib, sonra da Zaqatalanın, Qaxın dağlarına, meşələrinə ov dalıyca düşür, heyvanları nişan alır. Özünü bilməməzliyə qoyub, arsızlıq edir. Amma hadisələrin belə inkişafına, Azərbaycan futbolunun bu cür təhqir olunmasına görə təkcə “İnter”lə “Simurq” camisəsi günahkar deyil. Bu mövsüm “Simurq”a xal verə-verə onu ilk “altılığa” yüksəldən elə premyer-liqada çalışan azərbaycanlı məşqçilər oldu. Vaqif Sadıqov, Yunis Hüseynov, Bəhmən Həsənov, Ramiz Məmmədov, Qurban Qurbanov, Mahmud Qurbanov, Əsgər Abdullayev – bu işdə sizin də məsuliyyət payınız var. İndi də bütün futbol ictimayyəti “bic qardaşlar”ın hoqqasına tamaşaya durub, əlimizdən başqa heç nə gəlmir. Heç olmasa bu mövsümün acı dərslərindən nəticə çıxarın ki, gələn il indiki kimi iyrənc ssenarilərin əlacsız tamaşaçısı olmayaq.

 

Amal Abuşov

Facebook Şərhləndirmə:

“Ovçunun şikara çevrilməsi” yazısına bir cavab

  1. Elxan deyir:

    Bu yazarin yazilarini oxuyuram. cox yaxshi yazir. bu yazisi da maraqlidir

Şərhinizi yazın