Menu
Geri İrəli

PFL niyə “kasıbdır”?

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2013 • Baxış sayı: 282 dəfə • Şərh yoxdur

PFL-in son mövsümün qaliblərinə pul mükafatı verməməsi ilk baxışdan xırda detal olsa da, mahiyyət etibarıyla çox ciddi məsələdir. Söhbət təkcə ondan getmir ki, “Neftçi”nin, yaxud “Qarabağ”ın PFL tərəfindən veriləcək 100-150 minə ehtiyacı var, ya yoxdur. Cənab Ramin Musayev bu məsələ haqqında danışarkən həmin məntiqə söykənmiş, üstəlik başçılıq etdiyi qurumun gəlirlərinin azalmasını, mükafat verməyə pullarının olmamasını əsas gətirmişdi. Heç kimin PFL-in qazancından gözü yoxdur, amma mənim üçün maraqlıdı ki, niyə premyer-liqanın keçirilməsinə cavabdeh olan bir qurum belə kasıblayıb? Bildiyimiz qədəriylə klublar legioner futbolçulara görə qurumun büdcəsinə kifayət qədər sanbalı məbləğ ödəyir, üstəlik sarı və qırmızı vərəqələ, azərkeşlərin meydançaya atdığı kənar əşyalara görə təyin olunan cərimələrin də miqdarı heç də az deyil. Tutaq ki, bütün bu pullar çempionatın təşkilinə, hakimlərin qonorarına və sair xərclərə sərf olunur. Bəs, hanı PFL-in marketinq siyasəti, sponsorlarla bağlanan müqavilələr? Təəssüf ki, indiyə qədər Ramin müəllim bircə dəfə də olsun premyer-liqanın ad haqqına görə sponsorlarla bağlanan müqavilələrin maddi tərəfini açıqlamayıb. Əlimizdə konkret rəqəm olmadığından “Topaz”la izdivacdan PFL-ə nə qədər pul ödənməsi və həmin pulların hansı məqsədlər üçün xərclənməsi haqda hansısa təhlillər apara bilmirik. Anormallıq deyil, bəs nədir? Əgər, Azərbaycan futbolu, Ramin müəllimin səhər-axşam təriflədiyi premyer-liqa günü-gündən inkişaf edirsə, onda niyə PFL pulsuzluqdan əziyyət çəkir? Əlbəttə bu işdə təkcə PFL-i günahlandırmaq yersizdir. AFFA-nın da bu işdə futbol qurumuna dəstək olması vacibdir. Diqqət yetirin, AFFA az qala ölkədəki bütün iri şirkətləri millinin sponsorluğuna cəlb edib. Mibol rabitə operatorları, “Acsess bank”, dünyanın ən tanınmış markalarından olan “Coca-cola” AFFA-yla əməkdaşlıq edirlər. Olmazmı ki, bu varlı sponsorlardan heç olmazsa biri daxili çempionatın maliyyələşdirilməsinə, premyer-liqada mübarizə aparan klublara dəstək verilməsinə cəlb olunsun? Mövsümün əvvəlində PFL premyer-liqanın teleyayın hüququnu öz əlinə keçirdi və sonradan bu hüquq müəmmalı şəkildə “İdman Azərbaycan”a hədiyyə olundu. Özlüyündə kifayət qədər uğursuz addımdır. Olmazdımı bu hüquq elə klublarda qalaydı və klublara sponsorluq edən şirkətlər hərhansı formada reklam əməkdaşlığı müqabilində yayın hüququnu televiziyalara özləri verəydi? İqtisadçı, yaxud reklam meneceri olmadığım üçün bu işin incəliklərini bilmirəm. Amma əminəm ki, hansısa formada bunu həyata keçirmək mümkün idi və indiki halda PFL-in klubların haqqına bu formada müdaxilə etməsi, yayın hüququnun dövlət kanalına pulsuz ərməğanı haqsızlıqdır. Bu il elitanı tərk edən “Turan”la “Kəpəz” uzun müddətdir ki, pulsuzluqdan fəryad edirdilər, hətta AFFA-nın baş katibi Elxan Məmmədov qollarını çirmələsə belə, qərb təmsilçilərinə kimsə yaxın durmadı. Təsadüfi deyil ki, yeni mövsümdən AZAL-ın sponsorları da klubun büdcəsini azaltmağa qərar verdilər, nəticədə Vaqif Sadıqovun il ərzindən əziyyətlə qurduğu heyət dağıldı. Bu bir daha klub sponsorlarının futbola marağının azalmasının əlamətidir. Görəsən, nə vaxt bizim futbolun başbilənləri iş adamlarının, zəngin şirkətlərin klublara himayədarlıq etməkdən boyun qaçırmasının səbəbləri haqqında ağıllı-başlı düşünəcəklər? Hakimlik problemi məsələnin yalnız görünən tərəfidir. Aydın məsələdir ki, istənilən biznes adamı pul yatırdığı sahədən qazanc umur, gəlir götürməyə çalışır. İndiki halda sponsorlar futbola əsasən qeyri-leqal yollarla, hansısa gizli vədlər sayəsində cəlb olunur. Çünki, futbolçu yetişdirib satmaq, yaxud qitə kuboklarında uğur qazanmaqla xərclədiyin pulları geri qaytarmaq uzun zaman tələb edən, əziyyətli yol olduğu üçün iş adamlarına maraqlı görünmür. Deməli, sponsorları futbola cəlb etmək üçün daha məqbul üsullar fikirləşmək lazımdır. Belədə premyer-liqada klublar arasında maddi uçurumun dərinləşməsini əngəllənər, 2-3 klubun digərləri üzərində hegemonluğuna son qoyular. Yəqin ki, cənab Musayev yazımın bura qədər olan hissəsini oxuyub, mənə “buyur, təklif ver” demək həvəsində olacaq. Narahat olmayın, təklifim var. Əvvəlcə diqqətinizi Türkiyənin “Orduspor” klubunun prezidenti Nədim Türkmənin son müsahibəsinə cəlb etmək istəyirəm. Həmin müsahibənin azərbaycanlı futbolçularla bağlı hissəsi tirajlansa da, çox maraqlı məqamları unudulub. Sitat: “Super liqada iştirak müqabilində 12,2 miliyon lirə qazancımız var idi. Üstəlik, hər qələbə qazandığımızda 900 min, bərabərə qaldığımız oyunlarda isə 450 min lirə kassamıza daxil olurdu. Ötən mövsüm 30 milyonu hədəfləsək də, 22 milyonla kifayətlənməli olduq. 1-ci liqada isə iştiraka görə 5 milyon lirə qazancımız olacaq”. Artıq başa düşdüz ki, qardaş ölkənin bütün klubları iştirak etdikləri liqaların çəkisinə görə federasiyadan yüksək məbləğdə pul alırlar. Təəssüf ki, bizdə vəziyyət əksinədir, klub sponsorları elə bir ucdan xərcə düşür, cibdən çıxan pullar geri qayıtmır. Gələn mövsüm yeni sistem sayəsində mövsümün daha uzun olacağını göz önünə alanda, mənasız oyunların da çoxalmaq ehtimalı realdır. Görünən təhlükənin qarşısını almaq üçün isə Türkiyədəki sistemdən yararlanmaq, komandaları qələbə qazanmağa, təmiz mübarizə aparmağa, yüksək yerlərə can atmağa maddi üsullarla həvəsləndirmək lazımdır. Necə? Premyer-liqaya yeni sponsorlar cəlb edərək, maliyyə münasibətlərini şəffaflaşdırmaqla, reklam və teleyayın imkanlarından daha faydalı yararlanmaqla. Yaxşı-yaxşı düşünün, Ramin müəllim. Sonra kasıbçılıqdan şikayətlənməyin.

 

Amal Abuşov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın