Menu
Geri İrəli

Quş qoydu

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Mart 2013 • Baxış sayı: 271 dəfə • Şərh yoxdur

Premyer-liqanın təsnifat mərhələsini birtəhər başa vurduq. Hörmətli Ramin Musayev hər söhbətində iddia edir ki, Azərbaycan futbolunun səviyyəsi premyer liqa ilə birlikdə dayanmadan inkişaf edir. Reallıq isə Musayevin dedikləriylə heç cür üst-üstə düşmür. Faktiki futbolumuzdakı qeyri-sağlam mühit, klubların maliyyələşdirilməsindəki ədalətsiz prinsiplər ölkə futbolunu çıxılmaz dalana dirəyib. Bu necə inkişafdı ki, hər mövsüm mükafatlar uğrunda yarışan komandaların sırası dəyişmir? Ölkə futbolunda dəbi israfçılıqla sağa-sola pullar səpələyən klublar müəyyənləşdirir. Kimin pulu çoxdur, o da bahalı transferlər həyata keçirir, başqalarına göz dağı verir. Bir-neçə il bundan əvvəl futbolumuzun keçid dövrundə olduğunu düşünüb, bu acınacaqlı hala göz yumurduq. Ümid edirdik ki, tezliklə öz futbolumuzun yetirmələri klublarda aparıcı qüvvəyə çevriləcək, komandalar bahalı legionerlər sayəsində yox, öz altyapılarından yetişən gənclərin gücüylə qızğın mübarizəyə girişəcəklər. Arzumuz ürəyimizdə qalıb. Zəngin klublara sponsorluq edən oliqarx-məmurlar Azərbaycan futbolunu bahalı əyləncəyə çeviriblər. Son illərdə yetişən iki-üç istedadlı gənclər də yerli klubların yüzminlərinin işıltısını görüb, legioner olmaq həvəsinin üzərindən “su içdi”. Hanı Rauf Əliyev, Kamran Ağayev, Əfran İsmayılov? Kamran komandasının sonuncu oyunu zamanı tribunada oturub, telefonunu qurdalayırdı, Raufsa meydanda nə etmək istədiyi bilinməyən çılğın uşağa bənzəyirdi. Ruslan Abışovun “Rubin”ə keçidi sübut etdi ki, bizim futbolçuların xaricə gedə bilməməsində əsas maneə onların pulgirliyidir. Nə futbolumuzun səviyyəsi haqda deyilənlər, nə də menecerlərin bacarıqsızlığı ilə bağlı iddia olunanlar həqiqət deyil. Hər halda zaman bütün suallara özü cavab verir. Azərbaycan futbolunda isə durum bizim düşündüyümüzdən də qat-qat pisdir. Dəfələrlə hazırki “altılıq” sisteminin əleyhinə olduğumu vurğulamışam. Budur, gecə-gündüz təriflədiyiniz sistemin sayəsində ölkənin cənubunda mövsüm artıq mart ayın əvvəlində başa çatdı. Premyer-liqa iştirakçıları arasında ən baxımlı oyun sərgiləyən komandalardan olan AZAL mükafatlar uğrunda yarışlardan kənar qalıb, amma cansıxıcı heç-heçələri sıralayan “Bakı” birinci “6-lıq”da mübarizə aparacaq. Əlbəttə, toplanan xalları əsas gətirib, iddia edə bilərsiz ki, tərəflər bərabər şərtlər altında mübarizə aparıb, “fair-play”in bütün tələblərinə əməl olunub. Amma yanılırsız. Hansı gözəgörünməz qüvvə “zolaqlılar”ı həm 450 kilometrlik yaxın yorucu yol qət etmək dərdindən, həm də Tovuz stadionunun yaşıl ot üzünə həsrət qazonunda “top qovmaq”dan azad etdi? Halbuki, Lənkərandakı oyundan sonra “Bakı” Tovuza yollanmalı, “Turan”la oynamalı idi. Tərslikdən bölgə stadionunda müəmmalı yanğının baş verməsi paytaxt klubunun fəxri prezdineti Anar Məmmədova məxsus olduğu bilinən bankın “Turan”a sponsorluq etmək həvəsini bildirməsiylə “üst-üstə düşdü”. Vaxtı və keçirilmə məkanı dəyişdirilən başıbəlalı oyunda Əfqan Talıbovun komandasının “vuran ayağı” Salif Ballonu heyətə salmaması isə şübhələrin əsassız olmadığını isbatladı. Elə həmin Ballo növbəti turda “Xəzər Lənkəran”la oyunda meydanda idi, üstəlik qol vurmağı da bacardı. Bütün bunları xatırlatmaqla “Bakı”nı hədəf göstərmək fikrində deyiləm. Onsuz da ardıcıl neçə mövsümdür ki, “zolaqlılar” üçün avrokuboklar kabusa çevrilib. Mövsüm ərzində baş vurulan bütün əyri işlər qızmar yay aylarında, qitə kuboklarının ilkin mərhələsində palçıq vulkanı kimi püskürür. Görək, bu yay bizi hansı “möcüzələr” gözləyir?! Şeferin vaxtında “Bakı” hər iki oyunu udsa da, mərhələ adlaya bilməmişdisə, ötən yay bizimkilər Sloveniya “Mura”sına viza pulu və forma belə verdilər ki, təki sloveniyalılar onları Avroliqadan kənarlaşdırsınlar. Yadınızdadısa, “Bakı”nın kubokun finalına gedən yolunu “Qarabağ” “Xəzər Lənkəran”dan 6 xalın silinməsindən sonra “arxayınlaşaraq”, hamarlamışdı. UEFA lənkəranlıların xalını geri qaytaranda isə “Qarabağ” üçün gec oldu. Premyer liqanın final mərhələsi öncəsi tarixə bu səyahətim boşuna deyil. Olub-keçənləri klub başbilənlərinə xatırlatmaqla onları ayıq olmağa, çirkin işlərə qol qoymamağa çağırıram. Onsuz da həqiqətin bir üzü var, kiminsə haqqını yeməklə uzağa getmək mümkün deyil. İlk “6-lıq”dan kənar qalanlar ataların “özü yıxılan ağlamaz” deyimini xatırlasınlar. “Xəzər Lənkəran” daha çox rəhbərliyin səbatsızlığına və qeyri-peşəkarlığına qurban getdisə, “Qəbələ”ylə “Qarabağ”ın qapısından altı qol keçirən AZAL-ın bəlası aparıcı legionerlərin qeyri-sabit qrafiki oldu. Boyundan yuxarı tullanmağa çalışaraq, ilk “altılığ”a iddia edən “Rəvan”ı ən yaxşı vaxtlarında futbolumuzun sağalmaz bəlasına çevrilən hakimlər arxadan vurulan zərbə ilə relsdən çıxarmağı bacardılar. Peşəkar klubdan daha çox Elxan Məmmədovun maraqlı proyektinə bənzəyən “Sumqayıt” başqa aləmdir. Raabın komandası haqda artıq nəsə deməyə ehtiyac yoxdur. Hər zaman yetişdirdiyi istedadlarıyla öyünən qərb təmsilçiləri “Turan”la “Kəpəz”in gününə isə dəsmal götürüb, ağlamaqdan başqa yolumuz yoxdur. Kimlərinsə əlində oyuncağa çevrilən bu iki klubun tarixindən başqa öyünəsi heç nəyi qalmayıb. Bakıya sığınan taleyi oxşar qərb təmsilçiləri maya qədər premyer liqanın təqvimində adlarının qarşısına qoyulacaq quşların xatirinə meydana çıxmağa məhkumdular. Ağlınıza başqa şey gəlməsin. Onsuz da hamı bilir ki, bu iki klubun hazırki çıxışının nə Azərbaycan futboluna, nə də təmsil etdikləri bölgəyə heç bir faydası yoxdu. Çətini yaya qədərdir. Ondan sonra payız gələr, uçar gedər quşlar…

 

Amal Abuşov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın