Menu
Geri İrəli

Qvardiola olmaq istəməyən və çempionluğu bacarmayan məşqçi

Müəllif: sumqayitxeber.com • Tarix: 18 May 2013 • Baxış sayı: 199 dəfə • Şərh yoxdur

“İnter”lə qolsuz bitən və zamanın da göstərdiyi kimi, “Qarabağ”ın çempionluq iddiasına lap ciddi zərbə vuran oyundan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransında səsləndirdiyi fikirlər məni üzdü. Düzünə qalsa, əvvəlcə gözlərimə inanmadım. Amma sonra saytlardan birində Qurban bəyin Kaxaber Tsxadadzenin məmnun baxışlarının müşayiəti ilə Erkin İbrahimovun ünvanına söylədiyi hərzə-hədyanı eşidəndə qət etdim ki, bu adama cavab verməyin vaxtıdı. Araya rayon səfəri də düşdüyündən bu yazı bir neçə gün gecikdi. Necə deyərlər, heç olmamasından gec olması yaxşıdı və mən indi Qurban bəyə bəzi həqiqətləri anlatmaq istəyirəm.

Əslində o Erkini yox, xüsusi mövqeyi olan, hadisələrin yedəyində getməyən istənilən jurnalisti hədəfə götürüb. Əvvəl inanmırdım, ancaq Qurban bəyin tənqidə dözümsüzlüyünü, xətrinə dəyən hər adamla şəxsən haqq-hesab çəkmək istəyini görüncə inanmağa başlayıram ki, hörmətli çalışdırıcı özünü artıq kult, toxunulmaz dəyər, Azərbaycan futbolunda müstəsna xidmətlərə malik fövqəltəbii varlıq kimi görür.

Danmıram, Qurban bəyin istər futbolçu, istərsə məşqçi kimi bu ölkənin futbolunun imicinin yüksəlməsində, “Qarabağ”ın və yığmanın nəticələrinin yaxşılaşmasında böyük əməyi var. Amma onu da unutmaq lazım deyil ki, 1920-ci il aprelin 28-dən 1990-cı il yanvarın 20-nə qədər bu millət məhz kultların əzəməti altında əzilib. Bax, o gecə qan seli küçələri ağuşuna alanda milyonlarla Azərbaycan türkünün qəlbindəki bütün kultlar dağıldı. Düzdü, çağımızda da süni kultyapma meyilləri yaşanır. Fəqət bilin və əmin olun ki, zaman bu meyillərin daşıyıcılarını özünün sıx süzgəcindən keçirməyəcək.

Bəli, Qurban bəy özünü kult sayır və elə hesab edir ki, heç bir Allah bəndəsinin onu tənqid etməyə ixtiyarı yoxdu. Tutaq ki, sən Erkin İbrahimovun həm menecer, həm də jurnalist kimi çalışmağından narazısan və bu yöndə narazılıq bildirməkdə haqlısan. Şəxsən mən də təkcə Erkinin yox (hərçənd o elə “Futbol+”ə açıqlamasında daxili bazarda heç bir iş görmədiyini və bu üzdən “Qarabağ”la yollarının kəsişməsinin mümkünsüzlüyünü deyir), bir çox həmkarımın səlahiyyətlərindən sui-istifadə edərək, klubların qapısını menecer kimi döyməsindən narazıyam. Amma Qurban bəy bircə bu iradla kifayətlənsəydi, dərdyarı. Onun həmkarımız haqda dediyi “haqqımda danışa-danışa azərbaycanca danışmağı öyrənib” ifadəsi artıq tam bir saçmalamadı. Ölkə prezidenti İlham Əliyev 10 il əvvəl məgər indiki kimi danışa bilirdi? Görəsən, Qurban bəy onun da adını çəkməyi bacarar?

Mən hətta bu məqamın da üstündən yüngülcə keçməyə hazıram. Amma Qurban bəyin “Qarabağ”ın futbolçularından və oyunundan narazıdılarsa, bu düzgün yanaşma deyil” ifadəsi heç bir tənqidə dözmür.

Bir çoxları kimi, mən də nəinki “Qarabağ”ın futbolçularından və oyunundan, ümumilikdə nəticələrindən narazıyam. Faktiki ağdamlılar qitə kuboklarındakı uğurları ilə formalaşdırdığı “xalq komandası” imicini ölkədaxili yarışlarda doğrulda bilmədi. Bildiyimə görə, “Azərsun” holdinqinin sponsorluğu dövründə mediaya klubun hansısa ciddi maliyyə problemləri yaşaması haqda bilgilər də sızmayıb. Yaxşı, 2008-in avqustundan bəri çalışdırdığın komandanı çempion etməyi bacarmırsansa, onda oxlar kimə yönəlməlidi? Heç şübhəsiz, Qurban Qurbanova!

Beş il ərzində iki dəfə bürünc medal, bir dəfə isə ölkə kubokunu qazanan, daha iki halda da Avroliqanın qrupunun astanasından, kandarından, nə bilim, ayaqqabıqoyulanından qayıdan Qurban Qurbanova!

Qurban bəyin bu müddətdə yol verdiyi taktiki və seleksiya xarakterli onlarla səhv göstərə bilərəm. Amma yenə də üstündən keçib, sadəcə, 2010-cu il mayın 15-nə qayıtmaq istəyirəm. Qurbanovlu “Qarabağ”a heç bir iddiası qalmayan “Neftçi”nin uşaqları üzərində qələbə lazım idi ki, çempionluğun taleyi “qızıl oyun”a daşınsın. Amma ağdamlılar bacarmadı və çempionluğu “İnter” bayram etdi. Ümumiyyətlə, həlledici anlarda büdrəməmək komandanın “sükanı arxasında” olan şəxsdən xarizma, xüsusi qabiliyyət və ya intuisiya deyim, bilmirəm, hər halda, qeyri-adi nəsə tələb edir. Təəssüf ki, Qurban bəyin məşqçi karyerası bu mənada fiaskolarla zəngindi. Yəqin 2007-ci il mayın 17-də “Olimpik”ə 1:2 uduzaraq, yubiley ilində heç bir hədəfinə çata bilməyən “Neftçi”nin “sükanı arxasındakı” məşqçi də yadınızdan çıxmayıb. Odu, odu, Qurbanovdu! Və ya ən yeni xatirə: cari mövsüm ilk üç oyunda udduğu “Neftçi”ni həlledici anlarda büdrədə bilməyən məşqçi tənqid olunmalıdı, ya yox?

Qurban bəyin istənilən ritorik və dramatik sualı cavablamağa vaxtı olacaq. Amma mən bir məqamın üzərində xüsusi dayanmaq istəyirəm. 5 il hansısa komandanı uğura daşımaq mənasında yetərincə uzun müddətdi. Dünyanı demirəm, amma postsovet məkanına virtual səyahət etsək, klub rəhbərlərindən uzun müddət ərzində etimad görən, uğursuzluqlara görə danlanmayan, haqqında sərt qərar verilməyən məşqçiləri uzaqbaşı iki əlin barmaqları ilə saymaq olar. İndi mənim yadıma Oleq Romantsev, Yuri Syomin, Viktor Qonçarenko, Valeri Qazzayev və Vitali Kvartsyanı düşür. Sonuncudan başqa hər birinin ən azı çempionluğu var. Deməli, “Qarabağ” rəhbərliyinin, azarkeşlərinin, medianın, hətta neytral futbolsevərlərin də Qurban Qurbanovdan çempionluq tələb etməyə tam haqqı çatır. Maliyyə və heyət problemləri yoxdusa, onda “Qarabağ” niyə çempion olmamalıdı ki?

Rəsmi versiyaya inansaq, ağdamlıların sonuncu çempionluğunun üzərindən düz 20 il ötür. Heç kim də deyə bilməz ki, “Qarabağ” Qurbanovun dövründə iddialı kluba çevrilib. Mənə elə gəlir ki, “Qarabağ” müstəqillik dönəmində elə həmişə iddialı olub: futbolçular ac-yalavac qalanda da, “Azərsun”un ilk sponsorluq illərində də. Bir sözlə, Qurban bəy ya bu klubu çempion etməli, ya da getməlidi. Tam haqlı sual doğur ki, hara? Təbii ki, işsiz məşqçilərin sırasını genişləndirməyə yox. Çempion etməyi bacaracağı komandaya. Hər şey bu qədər sadə və bəsitdi. Buyurun, Qurban bəy, “Bakı” ilə oyundan sonra da məni tənqid edə bilərsiz. Amma əldən gedən çempionluğun acısını bu yolla unutmaq mümkünsə…

Mahir RÜSTƏMLİ /”Futbol+”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın