Menu
Geri İrəli

Sevgidən nifrətədək…

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyun 2013 • Baxış sayı: 225 dəfə • Şərh yoxdur

Biz qəribə insanlarıq. Avtobusda gedəndə sürücüyə “dayanacaqda saxla” demək əvəzinə əlimizdəki qəpiklə qapını döyəcləyərik. Metro vaqonlarına minəndə düşənləri gözləmədən özümüzü içəri dürtərik. Maşın sürəndə keçidlərdə yolu keçənləri vecimizə almarıq, piyada olanda işıqforun qırmızı işığına baxmadan şəstlə yolumuza davam edirik. Elektrik və qaz sayğacına müdaxiləylə oğurluq etmək üçün cürbəcür üsullar fikirləşərik, amma işığımız, qazımız kəsilən kimi hökümətin qarasınca deyinərik. “Lazım gəlsə” dünyanın altını-üstünə çevirərik, erməniləri İrəvandan, farsları Tehrandan qovarıq. Hələ “lazım” gəlib çıxmadığı üçün Bakıyla Sumqayıtı birləşdiririk, Qobunun ilan mələyən çöllərində şəhər salırıq…biz beləyik. Neynəsələr də bizi dəyişdirmək mümkün deyil. Biz necəyiksə elə futbolumuz da elədi. Yalan-palan, irəli-geri ləngər vuran. Azərbaycan futbolunda o qədər ləkə var ki, dünyanın ən tanınmış çamaşır suyu firmaları yığışıb gəlsə də, bu ləkələri yuyub-təmizləmək üçün toz kəşf edə bilməzlər. Bu ləkəli futbolda təmiz hakimlik eləmək də axına qarşı üzmək kimi bir şeydir. Biz belə şeylərə öyrəncəliyik. Nemət Mahmudov 15 il bundan əvvəl qapı xəttini keçməyən topu qol kimi hesaba almaqla adını futbol tariximizə əbədilik yazdırmışdı. İllər keçdi, əlinə fit götürüb meydana çıxan farizlər, elçinlər, anarlar, əmrahlar, əfqanlar, rövşənlər və digər kimlər-kimlər elə hoqqalar çıxardılar ki, Nemət Mahmudovun atasında rəhmət oxumağa başladıq. Biri 5 oyunluq cəzalandı, digəri 3 oyunluq. Kimisi ömürlük hakimlikdən qovuldu, bir digəri heç cəza almadı. Nə qədər yazdıq, nə qədər dediksə xeyri olmadı. Lap elə verilən cəzalar da bu problemin kökünü tapıb, birdəfəlik kəsmək üçün yetərli olmadı. O qədər pis öyrənmişik ki, ardıcıl ikinci il kubokun finalında təmiz idarəçilik edən Əliyar Ağayevə “ilişmək” üçün bəhanələr düzüb-qoşuruq. Bir dəfə yazılarımdan narazı qalan hakimlərdən biriylə mübahisə tonlu müzakirələr aparırdıq. Nə qədər fakt saydımsa, həmsöhbətim ya həmin epizodu görməmişəm deyirdi, ya da FİFA-nın sürüşkən oyun qaydalarını o tərəfə – bu tərəfə çəkməklə haqlı olduğunu sübut etməyə çalışırdı. Axırda da etiraf etməli oldu ki, ölkə futbolunda hökm sürən kriminal durum hakimləri təzyiq altında saxlayır, hətta rüşvət almayan, tərəfkeşlik etməyən hakim belə kritik anlarda oyun bitəndən sonra aqibətinin necə olacağını düşündüyündən addımlarını “ölçüb-biçməyə” məcburdur. Bu isə o deməkdir ki, hakim hansısa qərarından xoşlanmayan “X” klubun prezidentinin gecə onu evindən oğurladıb, qanına qəltan etməyəcəyindən əmin deyil. Məcbur olub, susdum. Adamın həmin sözünün qarşısında deyəcək söz tapmadım. Azərbaycan premyer-liqasında mübarizə aparan klubların əksəriyyətinin dolayısıyla eyni cibdən maliyyələşdiyi çoxlarına sirr deyil. Bəzən meydanda güzəştsiz mübarizə aparırmış kimi görünən klubların patronlarının futboldan kənarda biznez ortağı, yaxud yaxın dost olması da məlum məsələdir. Ara yerdə Lənkəranda yaşayan gənclər paytaxtdakı həmyaşıdlarıyla, yaxud Qəbələdəki futbolsevərlər zaqatalalı azərkeşlərlə düşmən olurlar. Bu yaxınlarda Qəbələdə “Neftçi”nin avtobusu daşlanmışdı. Tərslikdən atılan daşlar avtobusun üzərinə həkk olunmuş üçrəngli bayrağımıza tuş gəlmişdi. Bir anlıq düşünmək olar ki, bu mükəmməl təbiətli rayonda yaşayanlar bayrağın müqəddəsliyini anlamırlar. Dəfələrlə həmin rayonda qonaq olmuşam və dəqiq bilirəm ki, Qəbələdə bu bayrağı canından çox sevən vətən övladları var. Sadəcə, Ramil Diniyevin iki il bundan əvvəl “Neftçi”ylə oyunda təyin etdiyi yanlış penalti qərarı yerli azərkeşlərdə “ağ qaralar”a qarşı qəzəb yaradıb. Azərbaycan futbolunda mühit o qədər mürəkkəbdir ki, adam hərdən başını itirir. Kimin kimə rəqib olduğunu, hansı hakimin-hansı kluba işlədiyini anlamağa çətinlik çəkirsən. Ölkə kubokunun finalında yaşananlar hamımızın kefini pozdu. Meydanda baş verənlər haqqında kifayət qədər danışılıb, yazılıb, bu səbəbdən də nəsə əlavə etməyəcəm. Lakin bir məqama diqqətinizi yönəltmək istəyirəm. Finalın ertəsi gün mətbuata odlu-alovlu açıqlamalar verən, “Neftçi”nin və AFFA-nın ünvanına ciddi ittihamlar səsləndirən “Xəzər Lənkəran”ın idman direktoru Babək Quliyev müəmmalı şəraitdə istefa verdi, ən qəribəsi isə odur ki, həmin gün istefası qəbul olunmayan klub rəsmisi cəmisi 24 saat sonra urvatsız şəkildə işindən uzaqlaşdırıldı. Nəticə çıxarmaq o qədər də çətin deyil. Cənub klubunda kiməsə işinə görə qiymət verilsəydi, o zaman Tuyqun Nadirovun vitse-prezident postunda izi-tozu qalmamalıydı. Reallıq isə əksinədir, Nadirov yerindədir, Lənkərana böyük ümidlərlə yollanan Quliyevinsə “ağ-yaşıl” camiədəki fəaliyyəti cəmisi 3 ay sürdü. Onsuz da Babək bəy klubda o qədər də arzuolunan şəxs deyildi. Bu haqda yazılarımın birində qeydlər edəndə kluba bağlı adamlar əleyhimə təbliğat aparır, sosial şəbəkələrdə qeybətimi edirdilər. Zaman yenə haqlı olduğumu göstərdi. AFFA-nın bostanına atdığı daşlar Tuyqun Nadirovun əliylə qayıdıb Babək bəyin özünə dəydi. Qoy bütün azərkeşlər bu sözlərimi diqqətlə oxusunlar. Azərbaycan futbolunda sevgiylə nifrət arasındakı məsafə çox qısadır. Çalışın bir-birinizi sevin. Yuxarıların xırda intiriqalarında oyuncağa çevrilib, bir-birinizə düşmən olmayın. Onsuz da nifrət ediləsi düşmənlərimizin sayı düşündüyümüzdən də çoxdur.

 

Amal Abuşov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın