Menu
Geri İrəli

Sumqayıt futbolu əvvəlki günlərinə qayıda biləcək?

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyun 2017 • Baxış sayı: 362 dəfə • Şərh yoxdur

futbolSportarena.az saytı AFFA yanında Media Komitəsinin dəstəklədiyi “Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?” mövzusunda layihənin icrasına davam edir.
Layihə çərçivəsində yeddinci yazımız ölkə futbolunda xüsusi çəkisi olan “Sumqayıt”ın futbol akademiyasına həsr olunub. “Sumqayıt” klubu yarandığı müddətdə yerli futbolçulara üstünlük verməsi ilə diqqət çəkib. İllər əvvəl yetişdirdiyi futbolçularla özündən söz etdirən Sumqayıt ənənəsini davam etdirməkdədi. Şəhərin eyniadlı təmsilçisinin futbol akademiyası bu yöndə fəaliyyət göstərməyə çalışır.

Futbol akademiyasında 12 yaş qrupu üzrə komanda fəaliyyət göstərir. Burada təqribən 300 uşaq futbolun sirrlərini öyrənir. Yazımızı hazırlamaq üçün Sumqayıta yollanarkən klubun akademiyasında seleksiya toplanışı keçirilirdi. Müxtəlif yaş qrupu üzrə çox sayda uşaq seçimlərdə iştirak edirdi. Marağın böyük olduğu seçimləri izlədikdən sonra akademiyaya bir müddət əvvəl rəhbər təyin edilmiş Ceyhun Sultanovla söhbətləşdik. Keçmiş futbolçu ilə öncə akademiyanın durumu barədə danışdıq:

 - Ceyhun bəy, futbolçu karyerası yaşamış biri kimi futbol akademiyasının rəhbəri olmaq necə hissdi? Təcrübəniz sizə yetirmi, yoxsa yeniliklər öyrənməyə məcbursuz?

- Sözünü açığı asan deyil. Mən əsas komandanın futbolçuları ilə işləmişəm. Akademiya mənə yaxın olduğuna görə onlarla mütəmadi olaraq görüşlərim olurdu. Amma sırf o işin içinə daxil olmurdum. Amma artıq bu işin içindəyəm. Görürəm ki, həqiqətən də görüləcək işlərimiz çoxdur, işləməliyik. Elə seleksiyanı da buna görə təşkil etmişik. Əvvəl belə deyildi. Yay ərzində 1 ay seleksiya olurdu, digər aylar isə istirahətə ayrılırdı. İndi isə elə olmayacaq, seleksiyalar olacaq. Yeni oyunçular tapıb onları yetişdirməyə çalışacağıq.

- Yəqin ki, uşaq futbolundakı çatışmazlıqları bu müddət ərzində görmüsüz. Fəaliyyətdə olduğunuz müddətdə bu problemləri aradan qaldırmağa çalışacaqsız?

- Şərait baxımından deyə bilməzdim. Bir meydançamız olsa da, bu meydança bizə yetərli olursa, məşq etmək imkanımız varsa, normaldı. Əvvəllər nə akademiya vardı, nə də şərait. Amma futbolçu yetişirdi. Futbolçunun yetişməsi üçün daim axtarışda olmalısan, məşqlərin davamiyyəti olmalıdı, uşaqların oxumağına fikir vermək lazımdır. Təhsilə önəm vermədiyimizə görə bu sarıdan Avropadan çox geri qalırıq. Futbolçu çoxdur, onları axtarıb ortaya çıxarmaq lazımdır. Ona görə də yatmaq yox, işləmək lazımdır.

 

 

Daha sonra Sultanovla rəhbəri olduğu futbol akademiyasının problemləri barədə söhbətləşdik. Müzakirə edilən məsələlər futbolçuların təhsili və onların akademiyada məskunlaşması ilə bağlı oldu:

 

- Layihə çərçivəsində əvvəlki mövzumuz elə təhsillə bağlı idi. Əvvəlki illərdə uşaqların qarşısında şərt qoyulurdu ki, ya təhsil, ya da futbol. İndiki dövrdə həm şərait, həm də futbola baxış dəyişib. Artıq futbolla bərabər təhsil də vacibdir. Futbolla təhsili birləşdirmək sizin üçün mümkündürmü?
- Avropalı futbolçu ilə bizim futbolçumuz arasında kifayət qədər fərq var. Bu əsasən təhsillə bağlıdı. Amma biz necə edirik? Kim futbola üstünlük verirsə, bu idman növünə yönəlir. Oxumağı bacaranları isə təhsil yolunu seçir. Oxumayan futbolçunun qavraması,qərar verməsi çox gec olur. Bu məqama görə avropalı futbolçulardan geri qalırıq. Futbolçuların ən azından danışıq qabiliyyəti də yoxdur. Çox geri qalırıq. Bu səbəbdən təhsilə də önəm verəcəyik. Uşaqların dərsləri ilə maraqlanacağıq. Zəif oxuyanlarla bağlı tədbirlər də görəcəyik. Çalışacağıq ki, onları təhsil baxımından tərbiyələndirək.

 

- “Sumqayıt”da şərait yenicə yaxşılaşmağa başlayıb. Bu da müəyyən işləri görməyə imkan verir. Futbolçuların təhsil alması baxımından nə kimi işlər görüləcək?
- Təhsil baxımından nəyi bacarırıqsa, edəcəyik. Planımızda ingilis dilinin tədrisi var. Müəllimlər gəlib qruplara ingilis dilini öyrədəcəklər. İndi əsas diqqətimiz seleksiyaya yönəlib. Axtardığımız futbolçuları tapdıqdan sonra digər yöndə işlər görəcəyik.

 

- Seçimləriniz Sumqayıtla kifayətlənir, yoxsa digər bölgələrdən də akademiyanıza futbolçu cəlb edirsiz?
- Götürək Sumqayıta yaxın olan Bakını. Heç bir valideyn 10-11 yaşlı uşağını Bakıdan Sumqayıta buraxmaz. Bizdə qalmağa və oxumağa yer olmadığı üçün bu məsələ alınmır. Ona görə də seçimlər Sumqayıt üzrə aparılır.

 

- Uşaqların akademiyada qalması ilə bağlı məsələ nə vaxt həllini tapacaq?
- Bu barədə heç nə deyə bilmərəm. Bu yuxarı səviyyədə müzakirə olunmalıdı. Bunun üçün də maliyyənin olması vacibdir. Təbii ki, futbolçu yetişdirmək istəyiriksə, onun qalmağa, yeməyə, təhsillə məşğul olmağa yeri olmalıdır. Hər bir şərait olmalıdır. İndiki dönəmdə bu xərcləri qarşılamaq üçün lazım olan maliyyəmiz yoxdur.

 

- Olubmu ki, başqa bölgədən olan futbolçunu bəyənmisiz, amma bu səbəbdən akademiyanıza dəvət edə bilməmisiz?
- Xeyr, olmayıb. Şəraitimiz olmadığı üçün bu barədə düşünməmişik. Hətta başqa bölgədən yaxşı futbolçular olsa belə, hələlik üstünlüyümüz sumqayıtlılardı.

 

Daha sonra gənc mütəxəssis uşaq futbolundakı bir sıra problemlərə toxunmağı da unutmadı:

 

- Sumqayıt futbolu ölkəmizə çox sayda oyunçu qazandırıb. Onların bir çoxu üzdə olan simalardı. Bəs “Sumqayıt”a əvvəlki illəri qaytarmaq üçün nə qədər vaxt lazımdır?
- Vaxt yox, otel, şərait lazımdır ki, futbolçuları nəzarətdə saxlayasan. İndi futbolçular seçimlərə gəlirlər. Amma onlardan da yaxşıları qıraqda qalırlar. Onlar akademiyaya cəlb edilməlidir. Eyni zamanda, əldə olunan oyunçuların hamısına ciddi nəzarət etmək lazımdır. Müəyyən yaşa çatdıqda onlarda eniş ola bilər. Bütün bunlar nəzarətdə olmalıdır.

 

- Bir sıra klublarımız bu yay aşağı yaş qrupları üzrə komandalarını ölkə xaricinə toplanışlara və turnirlərə yolladı. Qarşıdakı illərdə sizin bu məsələ ilə bağlı planınız varmı?
- Əlbəttə istəyərdik. Ölkə xaricinə yollanan klublarımız “Qarabağ”, “Qəbələ” və “Neftçi” olub. Bütün bunların hamısı maliyyədən asılıdır. Amma çalışacağam ki, bizə yaxın ölkələrdə keçiriləcək turnirlərə qatılaq. Həmin yerə ən azından avtobusla getmək mümkün olsun və ya xərclər təşkilatçı tərəfindən ödənilsin. Maliyyəmiz buna imkan vermir.

 

- Aşağı yaş qrupları üzrə komandalarımız ölkə xaricindəki yarışların bir çoxunda sonuncu sıralarda qərarlaşırlar…
- Bu olmalıdı ki, biz gücümüzü bilək. Bu gün uşaq futbolunda səviyyəmiz elə də yaxşı deyil. Düzdü, milli səviyyəsində müəyyən yaş qruplarında geri qalmırıq. 15-17 yaş uşaqlar arasında fərq hiss olunmur. Yaş artdıqca başqaları irəli gedir, biz yerimizdə qalırıq. Uşaqlarımız ölkə xaricində turnirlərdə çox olsalar, Avropa klublarına qarşı oynasalar, bir o qədər yaxşı olar.

 

Sonda akademiya rəhbəri uşaq futbolunda çalışan məşqçilərin savadının aşağı olmasından da şikayətləndi:

 

- Mövsüm sonu gəldikdən sonra uşaq futbolunda çalışan bir çox mütəxəssislər oyun sayının azlığından şikayət edirdilər. Bildirirdilər ki, bu səbəbdən uşaqlar oyun praktikası baxımından əziyyət çəkirlər…
- Aşağı yaş qrupları üzrə çempionatlarda kifayət qədər klub var. 12, 14, 16 komandalı çempionat var və reqlamentə uyğun oyunlar keçirilir. Heç kimə deyə bilmərəm ki, klub və oyun sayını artırın. İmkan varsa, klublar ölkə xaricinə getsinlər. Oyun praktikasının itməsini istəmirlərsə, yoldaşlıq oyunları keçirsinlər. Bizim aşağı yaş qrupları üzrə komandalarımız seleksiyadan öncə yoldaşlıq oyunu keçirdilər. Məşqçilər özləri bu məsələni diqqətdə saxlamalıdırlar. Onların savadları olmalıdır. Təəssüflər olsun ki, bir sıra məşqçilərin savadı yoxdur ki, bu barədə düşünsünlər.

 

- Məşqçilərinizin savad və təcrübələrinin artırılması yönündə nə işlər görürsüz?
- Məşqçilərin savadını artırmaq mümkün deyil. Gərək öz canlarında olsun. Çox məşqçimizin savadı yoxdur. Kateqoriya alıb, işə başlamaq savadlı olmaq deyil. Mən burda işə yeni başlamışam. Görürəm ki, məşqçilər çalışırlar, əziyyət çəkirlər. Onlar fiziki baxımdan çox iş görürlər. Təkcə fiziki baxımdan iş görmək lazım deyil. Ağılı da işə qatmaq lazımdı ki, nəticəsi olsun. Məşqçilərimizdən nə razıyıam, nə də narazıyam. Bu vəzifəyə yeni təyinat almışam. Hər bir məşqçinin işinə diqqət yetirirəm. Yekun qərarı dekabrda verəcəm.

 

- Dəmiri isti-isti döyərlər. Bu məsələni necə həll etməyi planlaşdırırsız?
- Mən məşqçilərin savadı necədi bilmirəm. Bunu öyrənmək üçün mənə dekabra qədər vaxt lazımdır. Həmin vaxt durum müəyyənləşəcək.

 

Ardınca seleksiya toplanışına qayıtdıq. İmkan tapıb məşqçilərlə söhbət etməyə çalışdıq. İlk həmsöhbətim akademiyanın U-15 komandasının baş məşqçisi Vüqar Quliyev oldu. O, akademiyaya seçimlərin necə aparılmasından danışdı:

 

“Seçimlərdə məqsədimiz komandamızı gücləndirmək, yeni ulduzlar kəşf etmək və əsas komandayla yanaşı milli komandalara futbolçu verməkdir. Seleksiyada 4-5 min uşaq iştirak etsəydi, bizim üçün daha yaxşı olardı. O zaman istedadlı futbolçuları da tapmaq asan olur. Seçimlər bir neçə mərhələdən ibarət olur. Əvvəlcə yaxşılar seçilir, sonra onlar arasında da seçim aparılır. Ehtiyac olarsa və vaxt imkan verərsə, futbolçular üçüncü dəfə də sınanır. Bu bizə imkan verir ki, ən güclü uşaqları seçək”.

 

 

Quliyev uşaqların peşəkar futbolçu kimi yetişməsində problem yaradan amildən də danışdı:

 

“Adamlar var ki, uşaqları həyətlərdən yığır məşqlər keçirlər. Valideynləri də qınamaq olmur, istəyirlər ki, uşaqları evlərinə yaxın yerlərdə futbolla məşğul olsunlar. Amma belə yerlərin çoxu yararlı deyil. Məşqçilərin savadı aşağıdır. Orada futbolla məşğul olan uşaqlar illər sonra klublara gələndə yaşıdlarından geri qalırlar. Hiss olunur ki, nəsə öyrənməyiblər. Sonradan onlarla məşğul olmaq isə demək olar ki, mümkün deyil. Beləcə nə qədər istedad itir”.

 

U-8 komandasında baş məşqçi, U-9 və U-10-da isə köməkçi məşqçi vəzifəsində çalışan Orxan Abdullayevin də fikirlərini öyrəndik:

 

“Bu il seçimlərə istedadlı uşaqlar gəlib. Onlar arasında ən yaxşılar akademiyaya cəlb olunacaq. Mənim özümüm də ayrıca məhəllə komandam var. Oradan yaxşı oyunçuları akademiyaya təklif edirəm. Hazırda akademiyanın bir çox komandasında həmin uşaqlar çıxış edirlər”.

 

 

Görünən odu ki, Sumqayıt şəhəri illər əvvəl olduğu kimi indi də futbolla yaşayır. Bu şəhərdən əvvəlki tək istedadlı futbolçuların çıxması üçünsə, şərait daha da yaxşılaşdırılmalıdır. “Sumqayıt”ın futbol akademiyasının rəhbəri Ceyhun Sultanovun dediyi kimi, futbolçuların akademiyada qalması,yaxşı təhsil alması üçün işlər görülməlidir. Belə olacağı təqdirdə bir neçə ilə bu şəhər yenidən yetişdirdiyi futbolçularla diqqət mərkəzinə düşəcək.

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın