Menu
Geri İrəli

Sumqayıtda mini-futbol üzrə ənənəvi turnir start götürmüşdür

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyun 2012 • Baxış sayı: 225 dəfə • Şərh yoxdur

 

Mayın 30-da Sumqayıtda yaşayış massivlərinin – məhəllələrin və şəhər mikrorayonlarının komandaları arasında mini-futbol üzrə ikinci turnir təntənəli şəkildə start götürmüşdür.

Sumqayıtın ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzi küçəsindəki meydanda, ulu öndərin abidəsi qarşısında yarışların açılış mərasimi olmuşdur. Meydana 10-15 yaşlı mindən çox gənc futbolçu toplaşmışdır. Hər bir komanda “Futbol bütöv dünyadır!”, “İnan və qalib gəl!”, “Siqaretə və narkotiklərə yox deyək”, “Sağlam həyat tərzi uğrunda!”, “Qələbəyə doğru irəli!” və s. şüarları altında çıxış edir.
AzərTAc xəbər verir ki, ənənəyə çevrilmiş turnir Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə keçirilir. Şəhərin 68 mikrorayonunu və məhəlləsini təmsil edən 110 komanda 1 ay ərzində qalib adı uğrunda mübarizə aparacaqdır. Futbol matçları nümunəvi məhəllələrdə yaradılmış müasir futbol meydanlarında keçiriləcəkdir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatları, şəhər ictimaiyyətinin nümayəndələri bu kütləvi və rəngarəng tədbirə tamaşa etməyə gəlmişdilər.
Tədbirdə Azərbaycanın Dövlət Himni səslənmişdir.
“Spayders” qrupunun rəqqasları və gənc karateçiləri turnir iştirakçılarını təbrik etmişlər.
Futbol veteranı, respublikanın Əməkdar Məşqçisi, şəhərdə birinci SSRİ idman ustası, Sumqayıtın bir sıra futbol komandalarının hücumçusu Telman Salahov gənc futbolçularla birlikdə yarışların rəmzi olan nəhəng şarın lentini kəsmişdir. Sonra dövlət bayrağının 3 rənginin təcəssümü olan yüzlərlə şar havaya qalxmışdır.
Turnir iştirakçıları futbol marşının sədaları altında Sumqayıtın küçə və prospektlərindən keçmişlər. Gənc futbolçuların yürüşünü minlərlə şəhər sakini izləmişdir.
İyulun 1-dək davam edəcək yarışlar məhəllədaxili, zonal və final mərhələlərdə keçiriləcəkdir.
Qeyd edək ki, Sumqayıt idman məktəbinin şanlı ənənələri vardır. Onun təmsilçiləri ölkənin idman salnaməsinə parlaq səhifələr yazmışlar. Şəhərin 6 Olimpiya və Paralimpiya çempionu vardır, 73 idmançı dünya və Avropa çempionatlarının və birinciliklərinin qalibləri olmuşdur. Məsələn, Sumqayıt idmançıları bu il Londonda keçiriləcək Olimpiya oyunlarına 1, Paralimpiya oyunlarına 4 lisenziya qazanmışlar.

Ətrabə Rzayeva (AzərTAc)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın