Menu
Geri İrəli

Sumqayıtdakı tarixi oyun: Hamı van Qaldan danışır, bəs Vaqif Sadıqov?

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2014 • Baxış sayı: 293 dəfə • Şərh yoxdur

Bu gecə DÇ-2014-ün yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Braziliya – Almaniya qarşılaşmasında start fitinin verilməsi ilə 1/4 final təəssüratları unudulacaq, hamı yeni qarşılaşmalara köklənəcək.

Həmin 1/4 final oyunları ki, ora Hollandiya “damğa”sını vurmuşdu. 3 gün əvvəl Kosta-Rika ilə qarşılaşmanın son dəqiqəsində qapıçı Silesseni əvəzləyən baş məşqçi Lui van Qal həlledici penaltilər seriyasının qəhrəmanı olan Krulu meydana buraxmışdı.

Brziliyada, yəni Cənubi Amerikadakı çempionatda van Qal heç də Amerika kəşf etməmişdi. Hollandiyalıyadək dəfələrlə belə addımlar atılıb.

1970-ci ildə matçın qalibini müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə edilməsi haqda qərar qəbul edilib. Bu 44 ildə irili-xırdalı yarışlarda dəfələrlə, bəlkə də onlarla belə hal yaşanıb.

Onlardan biri isə bizlərə lap doğmadı. Çünki bu hadisə Azərbaycanda yaşanıb.

1995-ci ildə Azərbaycan Superkubokunun “Neftçi” – “Turan” görüşü “van Qalvari fənd”lə hələ də unudulmayıb. O vaxt Əsasnaməyə görə əlavə vaxt oynanılmırdı və 90 dəqiqədən sonra dərhal penaltilər seriyasına keçilirdi.

Sumqayıtdakı qarşılaşmada 1:1 hesabı qeydə alındı.

Matç bitmək üzrə olanda həmin vaxt gənc olan mütəxəssis – Vaqif Sadıqov rəhbərlik etdiyi “Neftçi”nin qapıçısını dəyişdi. Düzdür, son dəqiqəni gözləməyən çalışdırıcı 86-cı dəqiqədə atdığı addımla qolkiperə oyuna uyğunlaşmağa, topu hiss etməyə imkan verdi.

Elxan Həsənov kimi təcrübəli əlcək sahibini əvəzləyən Sadıqov yanılmamışdı. Azərbaycanda ən yaxşı penalti dəf edən qapıçılardan olan Rauf Salamov meydana çıxmaqla görüşün qəhrəmanlarından oldu. O, Krul kimi 2 deyil, 6 (!!!) penaltini dəf etdi. Salamovun belə çox əziyyət çəkməsində isə “Turan”ın rəmzlərindən sayılan qapıçı Nizami Sadıqovun da ondan geri qalmamağı idi.

Hər iki qolkiperin qəhrəmanlığı sayəsində penaltilər seriyasında komandalar hərəyə 13 zərbə vurdu. Hesab isə 8:7 ilə başa çatdı. Bu da Sadıqovun sondakı əvəzləməsi. Mütəxəssis van Qaldan 19 il əvvəl oxşar addım atıb. Təbii ki, müəyyən fərqlərlə.

Əlavə vaxtsız oyunda, sona 4 dəqiqə qalmış və 6 penalti…

Sadıqov 19 il əvvəlki “fənd”ini apasport.az saytına açıqlamasında belə izah edib: “Yaxşı yadıma saldınız. İndi hamı van Qaldan danışır, həmin Superkubok oyunu isə unudulub.  Həmin qarşılaşmada əlavə vaxt olmadığından əvəzləməni 119-cu deyil, 89-cu dəqiqədə gerçəkləşdirdim. Rauf məşqlərdə də penaltiləri yaxşı dəf edirdi. Bu üzdən onu meydana buraxdım. Belə addım da özünü doğrultdu. Penaltilər dəf etməkdən başqa, onun özü də dəqiq zərbə vurdu”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın