Menu
Geri İrəli

“Sumqayıt”ı İtaliyanın “Kataniya” klubu ilə nə birləşdirir?

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2014 • Baxış sayı: 307 dəfə • Şərh yoxdur

A.Məmmədovun “ciddi” söhbəti 

Ötən həftə 30-cu tuurunu geridə qoyduğumuz Topaz Premyer Liqasında çempionluq və medallar uğrundakı yarış qədər elitada qalmaq uğrunda mübarizə də maraq doğurur. Şəhərimizin yüksək dəstədəki yeganə təmsilçisi “Sumqayıt”ın hazırda turnir cədvəlinin sonuncu pilləsində yer alması bu məsələnin bizim üçün daha da aktual alması anlamına gəlir. Digər tərəfdən, bir müddət əvvəl mövsümün sonunda Premyer Liqanı heç bir kollektivin tərk etməyəcəyinə və elitada komanda sayının artırılacağına dair açıqlamanın verilməsinə rəğmən, bugünlərdə AFFA prezidenti Rövnəq Abdullayevin aşağı dəstə təmsilçilərinin lisenziyalaşdırma ilə bağlı bütün tələblərə cavab verə bilməyəcəyi halda Topaz Premyer Liqasını bir klubun tərk edəcəyini bəyan etməsi bizi “Sumqayıt”ın şanslarını təhlil etməyə sövq etdi.

AFFA-nın himayəsində

Əslində, 2010/2011-ci illər mövsümündə birinci divizionda 7-ci pilləni tutmasına baxmayaraq, AFFA-nın premyer-liqada oynamaq hüququ verdiyi “Sumqayıt”ın federasiyanın himayəsində olacağı o vaxtdan məlum idi. Komandanın prezidenti Kamran Quliyev olsa da, “gənclik şəhəri” təmsilçisinin dolayısıyla AFFA-nın baş katibi Elxan Məmmədovun və ARDNŞ-in və AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun nəzarətində olması yönündə məlumatlar dolaşır, mətbuat tez-tez bu barədə yazır. Sitat: “Sumqayıt”ın prezidenti Kamran Quliyevin bu posta AFFA-nın texniki direktoru vəzifəsindən gəlməsi və ən əsası da, bu klubun rəsmi sponsoru olan “Azərkimya”nın SOCAR-ın balansında olması komandanın dolayısıyla AFFA-nın himayəsində olduğunu düşünməyə əsas verir. Bu üzdən AFFA-nın “Sumqayıt”ı aşağı dəstəyə göndərəcəyi az inandırıcı sayılır. Federasiya rəhbərinin “heç vaxt imkan vermərəm ki, “Sumqayıt” Premyer Liqanı tərk etsin” deməsi də belə düşünməyə əsas verir” Ancaq… Bu cür düşünənlərin proqnozları alt-üst də ola bilər.

Maddi problem davam edir

“Gənclik şəhəri”nin komandası AFFA-nın himayəsində olması kollektivin maddi problem yaşamayacağını ehtimal edənlərin sırasını genişləndirirdi. Amma komandanın mövsmün əvvəlindən maddi problemlər içində olması bütün proqnozları alt-üst etdi. Xatırlayırsınızsa, qış fasiləsindən bir müddət əvvəl də “Sumqayıt”da maliyyə problemi gündəmə gəlmiş, hətta bu səbəbdən komanda üzvləri Topaz Premyer Liqasının X turu çərçivəsində “Qarabağ”la oyuna (0:3) çıxmaq istəməmişdilər. Son günlərdə yenidən maddi problemlə üzləşən “kimyaçılar”da son üç ayın maaş və mükafatlarının verilməməsi də vəziyyətin hansı həddə olduğunu ortaya qoyur.

Təqvim klubun əleyhinədir

Yeni mövsümdə elitada neçə klubun mübarizə aparacağı dəqiqləşmədiyindən elitada qalmaq uğrunda mübarizə davam etməkdədir. Hazırda turnir cədvəlinin sonuncu sırasında olan şəhərimizin komandasının ən azı ən yaxın rəqibi “Rəvan”ı qabaqlamaq üçün çempionatın sonuna qədər qalan 6 turda uğurlu nəticələr qazanmalııdır. Amma mövsümün qarşıdakı hissəsində “Sumqayıt”ı heç də asan rəqiblərlə matçlar gözləmir. Qalan turlarda 2 ev oyunu qalan “göy-ağlar”ın doğma publika qarşısındakı qarşılaşmaları “Bakı” və “Qarabağ”ladır ki, kollektivin həmin oyunlardan hər hansı birindən üç xalla ayrılması inandırıcı görünmür. Aqil Məmmədovun “drujinası”nın səfər görüşlərində isə çempionatın iddialıları sayılan “Neftçi”, “İnter”, “Xəzər Lənkəran” və “Qəbələ” ilə oyunlarda xal qazanacağına inam yoxdur.

Şəhərimizin təmsilçisinin elitada qalmaq uğrunda mübarizə apardığı “Rəvan”da isə qalan oyunlar nisbətən asandır. Düzdür, hər iki komandanın son turlarda qarşılaşacağı komandalar demək olar ki, eynidir. Bu baxımdan yalnız “Sumqayıt”a rəqib olan “İnter”in “Rəvan”la matçı qalmayıb. Əvəzində “uçan aslanlar” problemlər burulğanında olan AZAL-la qarşılaşacaq ki, bunu da paytaxt klubu üçün əlavə üstünlük saymaq olar. Elə “Sumqayıt”ın ötən tur qarşılaşdığı (1:1) “Simurq”la oyunu da “uçan aslanlar” üçün nisbətən asan rəqib saymaq olar. Bundan başqa, qış fasiləsindən sonra mümkün 33 xaldan cəmi 9-nu qazanan “Qəbələ” ilə “Sumqayıt”ın səfərdə, “Rəvan”ın isə evdə qarşılaşacaq olmasını da unutmaq olmaz.

“Sumqayıt” ən zəiflər arasında

Yuxarıda “Sumqayıt”ın səfər matçlarında uğur qazanmaq ehtimalının azlığından bəhs etdik. Nə də olsa, söhbət son 22 səfər qarşılaşmasında qələbə üzünə həsrət qalan kollektivdən gedir. 2012-ci il dekabrın 16-da “Rəvan”ın meydanında 3:2 hesablı qələbə qazanan sumqayıtlılar ötən mövsümün son 8 səfər oyununda vur-tut 3 heç-heçə əldə etmiş, 5 dəfə uduzmuşdu. Bu mövsümün 14 matçında isə onlar 5 heç-heçə edib və 9 dəfə başıaşağı qonaq kimi xalsız qalıb. Bir sözlə, 22 səfər matçında 8 heç-heçə və 14 məğlubiyyət alan autsayderimiz bu nəticə ilə artıq bütün dünyada tanındı. Ötən “futbol ili”ndə son 8, bu mövsümün isə 14 qarşılaşmasında səfər meydanında üç xal qazanmayan “kimyaçılar”ın bu nəticəsi dünyanın ən uzun seriyaları sırasına düşüb. İtaliyanın “Kataniya” klubu ilə eyni göstəriciyə malik “Sumqayıt” hazırda planetin 9-cu zəif qonağıdır.

İntizam qaydasında deyil

Mövsümün geridə qalan hissəsində “Sumqayıt”ın üzvləri intizamsızlığı ilə diqqət çəkməsi də vurğulanmalı məqamdır. İndiyə qədər 60 dəfə sarı, 9 dəfə isə qırmızı vərəqə ilə cəzalandırılan Sumqayıtın eyniadlı komandasının bu göstəricilərlə qənaətbəxş nəticələr qazanması mümkünsüz görünür. Hələ buna komandanın oyunçuları arasında vaxtaşırı yaranan problemləri də nəzərə alsaq, vəziyyətin necə olduğunu anlamaq çətin olmaz.

Utanmasan, oynamağa nə var ki?!

Şəhərimizin təmsilçisinin intizamsızlığından danışarəkən, təkcə vərəqələrdən danışmamalıyıq. İş orasındadır ki, komanda üzvlərinin intizamsızlığını ortaya qoyan başqa məqamlar da var. Məsələn, bu yaxınlarda idman saytlarında Mirzağa Hüseynpur, Pərdis Fərcad-Azad və Ruslan Nəsirlinin qəlyan çəkdiyinin əks olunduğu fotonun yayılması dediklərimizin təsdiqi sayıla bilər. Hər halda, nə “Neftçi” ilə oyunda dubl etdikdən sonra “ulduz xəstəliyi”nə tutulan Mirzağa Hüseynpurdan, nə milli komandamızın oyunu zamanı himn səsləndirilən anda saqqız çeynəyən Pərdis Fərcad-Azaddan, nə də mövsümün əvvəlində “Trabzonspor”un düşərgəsindən “əli ətəyindən uzun” qayıdan Ruslan Nəsirlidən başqa bir şey gözləməyə dəyməzdi. Yadınızdadırsa, Topaz Premyer Liqasının 26-cı turunda baş tutan “Sumqayıt”-“Xəzər Lənkəran” (0:1) matçından sonra yerli komandanın çalışdırıcısı Aqil Məmmədov yetirmələri ilə ciddi söhbət edəcəyini demişdi. Görünür, söhbət çox “ciddi” olub.

Tural Məmmədov, “168 saat.com”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın