Menu
Geri İrəli

Sumqayıtın havası

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2014 • Baxış sayı: 317 dəfə • Şərh yoxdur
Uşaq vaxtı məhlədə Sovet istehsalı olan “Vesna” maqintofonu stolun üstünə qoyub, ətrafına toplaşardıq. Rayon mərkəzinə yollanan böyüklərə xahiş-minnətlə aldırdığımız meyxana kassetlərini dünyanın ən möhtəşəm musiqi əsərləri kimi dinləyib, feyziyab olurduq. O vaxtın məhşur meyxanalarının biri kimya zavodlarından atılan tullantılarla korlanan Sumqayıt havası haqqındaydı: “Qazovkadı, zəhərdi, nə isə bax birtəhərdi – Sumqayıtın havası”.
Çoxdandı həmin zavodlar bağlanıb, “Gənclik şəhəri”ndə yaşayan dostlarımın dediklərinə görə, indi Sumqayıtda hava əvvəlki illərdən qat-qat təmizdi. Amma nə sirri-xudadısa, bu hava “Neftçi”yə düşərli olmur. “Ağ-qaralar”ın Bakıdan cəmisi 30 kilometr uzaqda yerləşən şəhərə hər səfəri uğursuzluqla nəticələnir. Tərs kimi, Böyükağa Hacıyev də bu vacib məqamı nəzərə almağa həvəsli deyil.
Ötən mövsüm paytaxt klubu elə onun rəhbərliyi ilə “Sumqayıt”dan ağır məğlubiyyət almışdı. Həmin vaxt deyirdilər ki, “Neftçi” Avroliqanın qrupunda oynadığı üçün bu cür oyunlara ciddi yanaşmır. Başına gələn başmaqçı olmadı. “Niyə”sini birlikdə araşdırmağa çalışaq.
Hamınızın xəbəri var ki, klub rəhbərliyi və şəxsən Böyükağa bəyin özü dəfələrlə komandadakı gənc futbolçuların istedadlı olmasından bəhs edir, qürurla “bizim elvinlərimiz, arazlarımız, cavidlərimiz var” deyirdilər. Özü də həmin cavanların İtaliyada məhşur “San-Siro”da oyuna çıxmasından ikiqat həvəslə danışırdılar. “San-Siro”nun möhtəşəmliyini görən gənclər Sumqayıtdakı stadionda cəmisi 1500 nəfər azarkeşin gözləri önündə “Neftçi”nin papağını yerə vurdular. Razıyam ki, “ağ-qaralar”ın heyətində kifayət qədər bacarıqlı və perspektivli futbolçular var. Amma reallıq sübut etdi ki, həmin gəncləri uzun fasilədən sonra birdən-birə  meydana buraxanda Premyer Liqanın autsayderi sayılan, heyəti təxminən elə Tərlan Quliyevlə Elşən Abdullayevin həmyaşıdlarından qurulan “Sumqayıt”a da məğlub olarsan. Böyük-böyük danışmaqla deyil ki. Əgər, hansısa gənc futbolçu hər oyundan sonra çalışdırıcısının dilindən “filankəslər-filankəslər yox idi, yarımcan heyətlə meydana çıxmışdıq” sözlərini eşidib, özünün müvəqqəti fiqur olduğunu düşünürsə, ondan hansı fədakarlığı gözləmək olar?
İddia edirəm ki, Böyükağa Hacıyev və “Neftçi” rəhbərliyi düzgün yolda deyil. Gənclərin yetişməsində bu gün “Sumqayıt”ın rolu “Neftçi”dən daha çoxdu. Özünüz qəraq verin, Sumqayıtdakı oyunda hansı komandanın gəncləri meydanda ağalıq edirdilər? Aylardı meydan üzü görməyən Mirhüseyn Seyidovun qoluna kapitan sarğısı taxıb, onu alovun içinə atdılar. “Sumqayıt”ın ikiqat motivisiya ilə oynayacağı heç kimdə şübhə doğurmurdu. Belədə birdən-birə beş gənc futbolçunu start heyətdə meydana buraxmasına Hacıyevin intihar cəhdindən başqa ad tapa bilmirəm. Nəyə lazım idi bu boyda risk etmək? Düz tapdız, sarı vərəqə limtini doldurmaq üzrə olan Flavinionu, Rəşad Sadiqovu qorumaq naminə. Onları qorudunuz, əvəzində “Neftçi”nin gənc futbolçularına fərasətsiz damğası vurdurub, onları məğlub psixologiyasının altında əzdirdiniz. Dəyərdimi?
Ölkə futboluyla maraqlanan hər kəs yaxşı bilir ki, Hacıyev bu boyda riskə Qurban Qurbanovun “Qarabağ”ına məğlub olmamaq üçün getdi. Nə olur-olsun, təki Böyükağa bəy Qurbanovla dueldən məğlub ayrılmasın. Bunun üçün nəinki “Sumqayıt”la oyunu, hətta “Neftçi”nin bütün gənc futbolçularını qurban vermək məqbuldu. Eh, Böyükağa bəy, axı, gəncləri Azərbaycan futboluna əzdirə-əzdirə qazandırmırlar. Özünüzü “əcnəbi məşqçilərin qənimi” adlandırırsız. Görün, gürcü Tsxadadze futbolçuları necə “həyata qaytarır”. Yox, Vaqiq Cavadovun bombardirlər siyahısında birinci olmasını demirəm, əvəzedicilərin çempionatında “Simurq”la oyundakı dava-dalaşdan sonra 10 oyunluq cəzalanan Coşqun Diniyevi nəzərdə tuturam. AFFA tərəfindən cəzalanan Coşqunu Kaxa mükafatlandırıb, ardıcıl iki oyunda əsas heyətdə meydana buraxır. Halbuki, 10 tur futbolsuz qalan Diniyevin gələcək karyerası sual altına düşəcəkdi. Ola bilsin, o, ardıcıl iki oyunda xal itirdi, amma əvəzində gənc istedad qazandı.
“Sumqayıtın havası”nın verdiyi stress və əziyyətdən canınızı qurtaranda belə məqamlara də nəzər yetirsəz, uduzmazsız.

Amal Abuşov

“futbolinfo.az”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın