Menu
Geri İrəli

Təsir əks-təsirə bərabərdir

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Mart 2013 • Baxış sayı: 283 dəfə • Şərh yoxdur

AFFA İK-nin sonuncu konfransındakı çıxışında hörmətli Elxan Məmmədov bildirib ki, hazırda Azərbaycanda 36 min nəfər futbolla məşğul olur. Gülməlidi, 36 min futbolçusu olan ölkənin milli yığmasına Dağıstandan, Ukraynadan, Alamaniyadan (türklər Almaniyaya köç edən həmyerlilərinə alamaniyalı deyirlər) ayağı top tutmayan futbolçular doldurulur. Federasiyanın maliyyə hesabatına baxanda isə adamı ağlamaq tutur. Məlum olur ki, hər ay futbol qurumu öz əməkdaşlarına 457 min 729 manat əməkhaqqı verir. Qeyri-istehsal sahəsi olan, heç bir gəlir gətirməyən bir qurum üçün təxminən aylıq yarım milyonluq əməkhaqqı məsrəfi fantastikadır. Bu qədər maaş alan əməkdaşların məharəti sayəsində Azərbaycanın adı FİFA-nın reytinq cədvəlində 15 il bundan əvvəl olduğu yerdədir. Ötən müddət ərzində yığma komandamızın həmin cədvəldəki hərəkət qrafikini izah etmək üçün məhşur “bir addım irəli, iki addım geri” sözü lap yerinə düşür. Puldan çox danışmayım, keçək AFFA-dakı başbilənlərin son konfransda qəbul etdikləri qərarlara. Konfransın keçirildiyi gün sizə təqdim etdiyim yazımda təklif etmişdim ki, elita iştirakçılarının sayı 14-ə çatdırılsın. Onsuz da çoxdan iflas etmiş “altılıq” sisteminin dəyişdiriləcəyi məlum məsələ idi. Amma bizim müdrik futbol rəhbərlərimiz qaş düzəltdikləri yerdə vurub gözü də çıxardılar. Futbolun inkişaf etdirildiyi iddia olan ölkədə elitada mübarizə aparacaq düz əməlli 14 komanda tapılmırsa Foqts demişkən Azərbacan futbol ölkəsi deyil və heç vaxt da olmayacaq. 2011-ci ilin oktyabrında ölkə prezidenti Ağsuda stadionun açılışını bildirən qırmızı lenti kəsdi. Elə həmin gün də bəyan olundu ki, Ağsunu təmsil edən komanda tezliklə Azərbaycan çempionatında iştirak edəcək. İnsafən, komanda yaradıldı, birinci dvizionun iddialılarından birinə çevrildi də. Amma AFFA İK-nin verdiyi “müdrik” qərar sayəsində “Ağsu”nun premyer liqaya gedən yolu bağlandı. Normal ölkə olsaydı, birinci dəstədə iştirak edən klublar federasiyanı məhkəməyə verərdilər. Qanunun geriyə qüvvəsinin olmaması hüquq elminin əlifbasıdır. Deməli, avqust ayında elitaya çıxmaq üçün mübarizəyə başlayan kluba mart ayında çempionatın formatının dəyişməsi səbəbindən məqsədinə çata bilməyəcəyini demək kobud qanun pozuntusudur. Düz fikirləşdiz, bizdə nə qanunidi ki, futbolda da qanun olsun?! Üç il bundan əvvəl Ramin Musayevlə idman yazarlarının görüşündə iştirak etmişdim. Həmin görüşdə cənab Musayev futbolun bölgələrdə yayılmasının vacibliyini önə çəkən jurnalistlərə təklif edirdi ki, hərə öz rayonuna gedib, icra hakimiyyətlərindən futbol komandası yaratmağı tələb eləsin. Bir-neçə gün bundan əvvəl son olaylarla bağlı müzakirələr apardığım dostlardan biri yenidən həmin fikri təkrarladı. Əvvala, futbolun kütləviləşdirilməsi, əyalətlərdə top oyununa marağın artırılması jurnalistlərin problemi deyil, futbolun inkişafına dair qəbul olunmuş dövlət proqramında qarşıya qoyulan tələbdir. Bunu isə reallaşdırmaq bilavasitə AFFA və PFL-in borcudur. Problem ondadır ki, futbol qurumlarının həyata keçirdiyi yanlış siyasət, futolumuzdakı qeyri-sağlam mühitin nəticəsində iş adamları bu sahəyə maraq göstərmirlər. Əksinə, yarıxoş, yarızor futbola pul yatırmaq fikrinə düşənlər bir-neçə ildən sonra qaçmaq üçün məqam axtarırlar. Təsəvvür edin, hansısa şirkət milyonlar xərcləyir, komanda yaradır. Həyatı əhəmiyyətli vacib bir oyunda misalçün referi Fariz Yusifov halal penaltini vermir və bununla da bütün əziyyətin hədərə gedir. Bir dəfə, iki dəfə, beş dəfə…bununla hansı iş adamı Azərbaycanda klub yaradıb, pul xərcləmək fikrinə düşə bilər? Təcrübə sübut edir ki, klubları nazirlərə sırımaqla da ciddi nəticələr əldə olunmur. Əksinə, futbol oliqarxların bahalı əyləncəsinə çevrilir, futbol ətrafı mühitdə zərərli meyllər ortaya çıxır. 25-26 yaşlı hakim meydanda hər nə qədər ədalətli olmağa çalışsa da, sonradan hansısa nazirin adamlarının təzyiqinə məruz qalacağını yadına salanda gözləri qaralır, həyəcanlanır. Çeynənmiş ifadəylə desək, bura Azərbaycandır. “Qəbələ”nin artıq sabiq futbolçusu Stiv Olfersin Hollandiya mətbuatına verdiyi müsahibədə səsləndirdiyi fikirləri xatırlamaq kifayətdi. Hər nə qədər Olfersin sözlərini klub rəsmiləri “bizdən incik gedib, çünki müqaviləsinə xitam vermişik” deməklə ciddiyə almamağa çalışsalar daqatarartıq yola çıxıb. Az qala hər ay vaxtilə Azərbaycanda “top qovmuş” legionerlərin ölkəmiz haqqında bu cür acı etiraflarla dolu müsahibələrinə rast gəlirik. Atalarımız nahaq yerə “cidanı çuvalda gizlətmək olmaz” deməyiblər. Yerli futbolçular qorxudan, ya da sayqıdan susurlarsa, əcnəbilərdən eyni davranışı gözləmək sadəlöhvlükdür. Hələ qarşıdakı aylarda daha böyük fiaskolara, gülməli durumlara şahid olacayıq. Axı, dahi İsaak Nyuton hələ 5 əsr bundan əvvəl təsirin əks təsirə bərabər olmasını sübut edib.

 

Amal Abuşov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın