Menu
Geri İrəli

Türk Standartları İnstitutunun prezidenti BANM-də

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2015 • Baxış sayı: 272 dəfə • Şərh yoxdur

1 (1)

Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSİ) prezidenti Sebahittin Korkmaz, TSİ-nin baş katibi Mehmet Bozdemir, TSİ-nin Azərbaycan üzrə təmsilçisi Selim Çelebi ilə BANM-in rəhbərliyi və professor-müəllim heyətinin görüşü keçirilib.

BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları Ali Məktəbdə görməkdən məmnunluğunu bildirib. O, BANM-in fəaliyyətində sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə yüksək keyfiyyət göstəricilərinə nail olmaq istiqamətində bütün tədbirlərin görüldüyünü deyib. Rektor İSO-nun üç modulu üzrə beynəlxalq sertifikata sahib olan Ali Məktəbdə bütün beynəlxalq standartların tətbiq edilməli olduğunu bildirib. O, BANM-in bu istiqamətdə TSİ-nin strukturları ilə əməkdaşlığının vacib olduğunu vurğulayaraq bunun inkişafa apardığını qeyd edib.

TSİ-nin prezidenti Sebahittin Korkmaz Azərbaycana ilk dəfə gəldiyini deyərək Bakıda və BANM-də olmasından məmnun olduğunu bildirib. O, BANM-in qısa müddətdə beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayıb və təmsil etdiyi qurumla BANM arasında olan əməkdaşlığın inkişaf etdiriləcəyindən əminliyini ifadə edib. İnformasiya təhlükəsizliyi ilə bağlı TSİ-nin təlimlərinin vacibliyini vurğulayan qonaq qarşılıqlı əməkdaşlığın hər iki qurum üçün faydalı olacağını deyib. O, bu əməkdaşlığın ikitərəfli münasibətlərin qurulmasına imkan verəcəyini bildirib.

Sonda qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç modulu – ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikatlara sahib olub. 2014-cü ilin dekabrında TSİ-nin auditorları beynəlxalq standartların BANM-də tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirərək BANM-in bütün struktur bölmələrində dünyada qəbul olunmuş ISO standartlarına uyğun olaraq keyfiyyətin təminatı, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemlərinin tətbiq edildiyini təsdiqləyib.

Türk Standartları İnstitutunun prezidenti BANM-də -  Fotolar

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın