Menu
Geri İrəli

Uduzan Azərbaycan

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2013 • Baxış sayı: 208 dəfə • Şərh yoxdur

 “Neftçi” Korçada bütün Azərbaycana növbəti məğlubiyyətin acısını yaşatdı. Kimlərsə bu məğlubiyyətə sevinsə belə, biz birlikdə uduzmuşuq. Böyükağa Hacıyev və onun iddiası yerə-göyə sığmayan yetirmələri haqda nə desək, haqlıyıq. Şəxsi arxivimə göz gəzdirdim. “Şkenderbü” “Neftçi”yə rəqib olan gündən bəri bu mövzu haqda üç yazımda fikirlərimi sizinlə bölüşmüşəm. Elə birincisində çempionumuzun Albaniya səddini adlaması üçün güclənməsinin vacib olduğunu vurğulamışdım. Hələ o vaxtlar hiss etmək çətin deyildi ki, klub prezidenti Sadıq Sadıqov ötən yay olduğu qədər yeni transferlərdə həvəsli deyil. Klub rəsmilərinin dilindən az qala hər imkandaca “Neftçi”nin büdcəsinin məhdud olduğu, bahalı futbolçuların komandaya dəvət olunmasının mümkünsüzlüyü vurğulanırdı. Ölkənin ən zəngin şirkəti sayılan ARDNŞ-nin maliyyələşdirdiyi klubun həqiqətən məhdud büdcəylə yaşamağa məhkum olması o qədər də inandırıcı səslənmir. Hazırda “ağ-qaralar”ın heyətində çıxış edən futbolçuların elə də az məvacib alan olmaması bu nəticəyə gəlməyə əsas verir. Telefonumun yaddaşında cənab Sadıq Sadıqovun ölkə kubokunun finalından dərhal sonra verdiyi açıqlamaların səs yazısı var. Həmin axşam kuboku qazanmağın sevincini yaşayan klub prezidenti komandanın qarşısında dayanan hədəfin Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaq olduğunu deyir və bunun üçün də heyətin gücləndirilməsinin vacibliyindən bəhs edirdi. Bəs, hadisələrin sonrakı gedişatı niyə Sadıqovun dediklərinə uyğun gəlmədi? Zaman göstərdi ki, “Neftçi” nəinki güclənmədi, əksinə ötən mövsümdəki əzəmətini də itirdi. Bu ölkədə uşaqdan böyüyə futbolla az-çox maraqlanan hər kəs bilir ki, Azərbaycan futbolunun flaqmanı sayılan “Neftçi” müdafiədən oynamağı bacarmır. Elə yaxın keçmişdə, Vaqif Sadıqovun komandaya rəhbərlik etdiyi “xalq komandası” praqmatik oyuna üstünlük verir, Estoniyadan hücumçu adıyla alınnan Voskoboynikovdan arxa xəttdə yararlanmağa çalışırdı. Nəticə acınacaqlı oldu. Müstəqillik dövrünün az qala ən bərbad “Neftçi”si məhz Georgi Nikolovun 3 xala abunə hesab etdiyi komanda idi. Çərşənbə axşamı meydandakı yeganə hücumçunu da meydandan alaraq, top cəhənnəmə, öz əl-ayağına yiyəlik eləyə bilməyən Elvin Yunuszadəni oyuna qoşmaqla Hacıyev intihara əl atdı. Məhz Platyenin əvəzlənməsi Mitreskinin meydandan qovulması ilə təzyiqi artıran “Şkenderbü”nü daha da ürəkləndirdi. Hamınız gördüz ki, həmin əvəzetmədən sonra albanların qapımız qarşısında neçə real təhlükə yaratdığını sayıb-bitirə bilmirdik. Sanki, 2000-ci il UEFA kubokunun finalında “Qalatasaray”ın “Arsenal”la oyununu izləyirmiş kimi uzatma dəqiqələrinin hər saniyəsində o dünyanı görüb-geri gəlirdik…Kanalesin gedişiylə “Neftçi”də yaranan boşluq o qədər böyük oldu ki, Avroliqanın qrup mərhələsinə yüksəlməklə futbolumuzun fövqündə dayanmağa çalışan Böyükağa Hacıyev, Tahir Süleymanov kimi kişiləri “hop” eliyib, uddu. Korçadaki rəzalət “Neftçi”nin adıyla son illərdə yaşanan uğurların da, uğursuzluqların da kluminasiya nöqtəsi oldu. Futbol təkcə meydanda oynanan, topu rəqibin qapısından keçirməklə məqsədə çatılan bəsit oyun deyil. Elə buna görə də illərdi söylənilən “bu nədi, 22 nəfər bir topun dalıyca 90 dəqiqə ora-bura qaçır” deyimi milyonları bu sehirdən uzaqlaşdıra bilməyib. Futbolun gözəlliyi həmin o 90 dəqiqəyə aylarla-günlərlə hazırlaşmağın vacibliyində, futbolçuların bacarıqlarının təkcə ayaqlarında olmamasındadır. “Neftçi” addım-addım özünü Korçedəki faciəyə yaxınlaşdırırdı. “Qarabağ”la məlum oyundan sonra Tahir Süleymanov mətbuat konfransında gəlib, qəzəb püskürəndə “bizi heç kim dayandıra bilməz” demişdi. Zaman sübut elədi ki, onun vitse-prezindeti olduğu komandanı dayandırmaq üçün heç də fövqaladə nəsə tələb olunmur. İki il bundan əvvəl çempionumuzu qitənin ən nüfuzlu yarışından Zaqreb “Dinamo”su kənarlaşdırmışdısa, keçən mövsüm isə “Hapoel” Çempionlar Liqasının qrupuna iddia etməyin bizlik olmadığını isbatladı. Diqqət yetrin, hər dəfə daha zəif komandalara məğlub olmuşuq. Bizim bədbəxtçiliyimiz acı təcrübədən dərs çıxara bilməməyimizdədir. Bu gün “Neftçi” niyə uduzdu?” sualına ən müxtəlif cavablar səsləndirmək mümkündür: Kanalesin gedişi, komandanı gücləndirəcəklər transferlərin edilməməsi, artıq ilk yarıda əvəzetməyə əl atmaqla start heyətin qurulmasında səhvə yol verdiyini etiraf edən Böyükağa Hacıyevin taktiki səhvləri, Denis Silvayla Flaviniodan tutmuş Mahir Şükürovla Rəşad Sadiqova qədər Korçedə meydana çıxanların bərbad oyunu və nələr, nələr…Amma ən əsas səbəbi unutmayaq. Mirel Yosa və onun yetirmələri bu turu keçməyi elə Bakıdakı oyunda haqq etmişdilər. Onlar əsl qəhrəmanlar kimi özündən qat-qat zəngin və təcrübəli komandaya qarşı savaşdılar. Albaniya çempionu məhz apardığı mübarizənin bəhrəsini gördü. Atalar demiş, nə tökərsən aşına, o da çıxar qarşına. Bizim aşımıza özündən razılıq, epizodik uğurların gətirdiyi eyforiya sayəsində zəhər töküldü. Əslində, klubdan uzaqlaşdırıldığı söylənilən Güloğlan Cabbarovu klub rəsmisi kimi VİP lojada oturdub, bütün Azərbaycana sərgilədən bir klubdan böyük uğurlar gözləməklə yanılmışdıq. Böyükağa Hacıyevin, lap elə Tahir Süleymanovun postundan getməsi “Neftçi”nin birdən-birə dəyişib yüksək hədəflərə çatmağa layiq komandaya çevrilməsi üçün yetərsizdir. Kökündən dəyişiklik gözləyən çox şeylər var. Bunu bacarmadıqca belə məğlubiyyətlərlə üzləşməyə davam edəcəyik. Hələ də uduzan Azərbaycandır.

Amal Abuşov, “Futbol +” qəzeti 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın