Menu
Geri İrəli

Yığmamız çətin sınaq qarşısında

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2013 • Baxış sayı: 212 dəfə • Şərh yoxdur

Məlum olduğu kimi, sabah futbol üzrə Azərbaycan milli komandası 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində səfərdə İsrail yığması ilə qarşılaşacaq. Təbii ki, matç ərəfəsində rəqibimizi daha yaxından tanımaq, komandamızın son durumunu araşdırmaq, eləcə də oyunöncəsi problemlərə aydınlıq gətirmək maraqlı olardı.

Köhnə tanış – İsrail

İsrail futbolunun son illər durmadan inkişaf etməsi hər kəsə məlumdur. Klubları qitəmiqyaslı turnirlərin qrup mərhələsində mübarizə aparan yəhudilərin millisi də seçmə tsikllərdə daha yüksək hədəflər uğrunda mübarizə aparır. Ümumiyyətlə, tarixi ərzində daha çox Asiya zonasında yarışan İsrail yalnız bir dəfə – 1970-ci ildə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb, onda da qrupdan çıxa bilməyib. İsrail millisi komandamız üçün tanınmaz rəqib olmadığı kimi, ümumilikdə İsrail  futbolu da bizim futbol ictimaiyyətinə yad hesab olunmur.

Ölkəmizin milli komandası İsrail yığması ilə indiyədək dörd dəfə qarşılaşıb. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən hər iki oyunda komandamız 0:2 hesabı ilə məğlub olub. 2004-cü ildə İsraildə keçirilən yoldaşlıq matçında da futbolçularımız meydançanı məğlub tərk ediblər- 0:6. D.ünya çempionatının seçmə mərhələsində isə cari seçmə mərhələdə qarşılaşdığımız İsrail millisi ilə Baakıda 1:1 hesablı bərabərlik əldə etmişik.

Maraqlıdır ki,İsraillilərlə ilk 4 oyunun hər biri əlamətdar hadisə ilə yadda qalıb. Avro-1996-nın seçmə mərhələsinə təsadüf edən ilk matç yığmamızın öz meydanında ilk seçmə matçı olub. Lakin nominal meydan sahibi olan millimiz Trabzonda “siftə” edib.

Avro-1996-dakı növbəti duelimiz isə Kazbek Tuayevin millinin baş məşqçi postundakı debütü ilə yadda qalıb. Sonuncudan əvvəlki matçımızda isə milli tarixində ilk əcnəbi baş məşqçinin debütü gerçəkləşib. Lakin braziliyalı Karlos Alberto Torres fiasko ilə üzləşib.

Cari seçmə mərhələdəki ilk qarşılaşmamız isə İsrail yığmasından ilk dəfə xal almamızla və rəqib qapısından ilk topu keçirməmizlə yadda qalıb.

Klub səviyyəsində isə 5 dəfə qarşılaşma baş tutub. Bu duellərin 4-də rəqibimiz mərhələ adladığı halda, bir dəfə bizimkilər sevinən tərəf olub. “Qarabağ” Hayfa “Makkabi”sini keçdiyi halda, “Xəzər-Lənkəran” “Makkabi”(Tel-Əviv) və  “Makabi” (Hayfa) , “Simurq” “Bney Yehuda”, “Neftçi” isə Hapoel (Kryat Şmona) səddini aşa bilməyib.

 Oyunöncəsi problemlər

Milli komandamız son hazırlıq matçında Malta üzərində böyükhesablı qələbə qazandığından yığmamızda özünəinam hissinin nisbətən bərpa olunduğunu demək olar. Bundan başqa, milli komandamızın cari seçmə mərhələdəki son iki səfər görüşündə uduzmaması da əhval-ruhiyyə məsələsinə müsbət təsir edən məqamlardandır.  Amma Berti Foqtsun komandasında narahatlıq doğuran məqamlar da yetərincədir. Belə ki, cəza səbəbindən İsrail qarşısında forma geyə bilməyəcək Vaqif Cavadov və Branimir Subaşiçin, eləcə də zədələnən Əfran İsmayılovun yoxluğunu komandamız üçün ciddi itki saymaq olar. Son çempionat matçında zədələndiyinə görə millinin heyətindən kənarlaşdırılan qapıçı Səlahət Ağayevin və eyni səbəbdən yığmaya dəvət almayan Pərdis Fərcad-Azadın yoxluğunu isə ciddi problem saymayanlarla razılaşmaq olar. Elə rəqib düşərgədə də heyət baxımından işlərin qaydasında olduğunu demək mümkünsüzdür. Yussi Benayun, Beram Kayal, Rami Gerşon, Eden Ben-Basat, Avi Rikan və Tomer Hemed kimi milli üzvlərinin baş məşqçi Eli Qutmanın sərəncamında olmamasını sıradan fakt kimi qiymətləndirmək olmaz. Hələ İsrail millisinin və Belçikanın “Mons” klubunun sağ cinah müdafiəçisi Yuval Şpunqi, Fransanın “Valansyen” komandasının oyunçusu Maor Melikson və Hayfa “Makkabi”sinin sol cinah müdafiəçisi Taleb Tavathanın da sabah meydana çıxmasının sual altında olmasını nəzərə alsaq, rəqib üçün vəziyyətin nə dərəcədə gərgin olduğunu anlamaq çətin olmaz.

Foqts kimlərə güvənə bilər?

Sabahkı qarşılaşma öncəsində maraq doğuran məqamlardan biri də milli komandamızın İsrail qarşısında hansı “onbirlik”lə mübarizə aparacağıdır. Deməli, ilk “onbirliy”in əhatə dairəsi haqqında müəyyən fikirlər yürütmək maraqlı olardı.

 

Qapı

İsrail yığması ilə matça ümumilikdə üç qapıçı dəvət olunsa da, alman məşqçinin həmişəki kimi bu qarşılaşmada da Kamran Ağayevə etimad göstərəcəyinə şübhə yeri yoxdur.

Müdafiə

Müdafiə xəttinin sağında həm Maksim Medvedev, həm də Mahir Şükürov yer ala bilər. Amma Berti Foqtsun sözügedən qarşılaşmada “Neftçi”nin futbolçusu Mahir Şükürova şans verəəcəyini proqnozlaşdırmaq çətin deyil. Arxa xəttin mərkəzində Rəşad Sadıqovla Rasim Ramaldanov çıxış edəcək. sol cinah müdafiəçisi qismində isə yığmaya iki futbolçu cəlb olunub ki, bunlardan biri “Eskişehirspor”lu Ufuk Budak, digəri isə “Xəzər-Lənkəran”lı Elnur Allahverdiyevdir. Foqtsun İsrail yığması ilə qarşılaşmada hansı müdafiəçiyə güvənəcəyinə gəlincə, oyun praktikası olmayan Ufuk Budakla müayisədə Elnur Abdullayevin şansları daha yüksək qiymətləndirilir.

Yarımmüdafiə 

Milli komandamızın oyuna beş yarımmüdafiəçi ilə çıxacağı gözlənilir. Belədə yığmamızın üç dayaq yarımmüdafiəçisi ilə oynaması gözləniləndir. Belə olarsa, Rahid Əmirquliyev, Ruslan Abışov və Rəşad Sadiqovun start heyətində yer alacağını ehtimal etmək olar. Orta xəttin sağ cinahında Əfran İsmayılovun oynaması daha inandırıcı idi, amma “Bakı”nın üzvünün zədə səbəbindən yığmanın düşərgəsini tərk etməsindən sonra onu əsas heyətdə Vüqar Nadirovun əvəzləməsi proqnozlaşdırılır. Sol cinahda isə “Neftçi”nin oyunçusu Araz Abdullayev qərarlaşacaq.

Hücum

Milli komandamızın bugünkü matçdakı qol silahı isə Rauf Əliyev olacaq. Branimir Subaçiç və Vaqif Cavadovun yoxluğunda Əliyevin start heyətində oynaması demək olar ki, şübhəsizdir. “Bakı”nın hücumçusunun millimizin digər forvardı Rüfət Dadaşovla müqayisədə daha təcrübəli olması Berti Foqtsun məhz paytaxt klubunun ön xətt oyunçusuna güvənməsini şərtləndirə bilər.

 

Bu dəfə də sentyabrın 7-də

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah İsrail millisi ilə qarşılaşacaq yığma komandamız sözügedən kollektivlə qrupdakı ilk oyununa da məhz sentyabrın 7-də çıxmışdı. Ötən ilin 9-cu ayının 7-ci günündəki qarşılaşma komandamız üçün uğurlu olsa da, (1:1) əvvəlki illərdə tarixin bu gününə təsadüf edən matçlar millimizin məğlubiyyəti ilə yadda qalıb. Xatırladaq ki, Bakıdakı İsrail qarşılaşmasına qədər üç dəfə sentyabrın 7-də meydana çıxan əsas yığmamız 1994-cü ildə Buxarestdə Ruminiyaya 0:3, 2002-ci ildə Bakıda İtaliyaya 0:2, 2010-cu ildə isə Kölndə Almaniyaya 1:6 hesabı ilə məğlub olub.

 

Millimiz üçün isveçli

 Xatırladaq ki, sabah Rmat-Qanda baş tutacaq və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək. Görüşün referisi Stefan Yohannesson olacaq. Qeyd edək ki, indiyədək heç vaxt yığmalarımızın oyununa təyinat almayan isveçli 2009-cu il avqustun 5-də Çempionlar liqasının III təsnifat mərhələsində “Bakı”nın görüşünü idarə edib. Təmsilçimizin Bolqarıstanda “Levski”yə uduzduğu matçda məhz skandinaviyalı fit çalıb.

 

Tural Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın