İdman mediasının günü və Gündüzü

949

Gündüz Abbaszadəni çoxunuz tanıyırsız. Əvvəllər üzünü ANS-in idman xəbərçisi kimi görməyə alışdığımız Abbaszadə iş yerini “Neftçi”yə dəyişib. Hələ ötən il yazılarımın birində televiziyalarda çalışanların klublara “transferini” alqışladığımı vurğulamışdım. “Mavi ekrandan” pis-yaxşı futbolumuzun problemlərini dilə gətirən həmkarlarımızın klublarda məmur həyatına keçməsiylə ekranların açıq futbol söhbətlərinə həsrət qalacağından narahat idim. Söhbət Abbaszadənin “Neftçi”dəki işinin öhdəsindən pis, ya da yaxşı gəlməsindən getmir. Heç yazımın qəhrəmanının klubda, yoxsa televiziyada daha faydalı kadr olmasını da müzakirəyə çıxarmayacam. Sözümün canı başqadır. Başqalarını deyə bilmərəm, şəxsən mən onun daha çox şou-biznez və siyasi xəbərlərə daha çox diqqət ayıran saytlardan birinə verdiyi müsahibəsində idman mediasını hədəfə almasından dərin təəssüf hissi keçirdim. Qeybət eləməyə o qədər də həvəsli deyiləm. Həmin müsabəni oxuyan gün narazılığımı bilavasitə Gündüzün özünə çatdırdığım üçün indi fikirlərimi rahatca yaza bilirəm. Sadəcə, həmin müsahibəni oxuyanların haqqımızda yanlış fikrə düşməməsi üçün bəzi əlavələr etməyi özümə borc bildim. Üstəlik, “Neftçi”nin sabiq futbolçusu və kapitanı Rail Məlikovun Dənizlidən Gündüzün ünvanına bəzi göndərmələr etdiyini görüb həmin mövzuya da toxunmaq məcbiriyyəti hiss etdim. Sıralamanı pozmayım. Əlbəttə, obrazlı desəm idman mətbiatının içində saçlarını ağartmış birisinin bu camiəsnin xüsusiyyətlərinə yaxşı bələd olmasına şübhəm yoxdur. Gündüz idman mətbuatında ürəyinin oduyla yazılar yazanları da yaxşı tanıyır, həyatda özünə başqa sahədə yer tapmadığından təsadüfən bu sahəyə gələnləri də. Onun saytdakı müsahibəsində “bir qrup reklam pulu acları” kimi təqdim etdiyi idman mətbuatının nümayəndələri arasında kifayət qədər öz işinin peşəkarı olanlar, vicdanlı və namuslu zəhmətsevər insanlar yer alır. Və ən azından dostumuz idman mediasından söz açanda əvvəlcə belələrinin varlığından bəhs etməyə, daha sonra isə onalranla yanaşı biveclərin də mövcudluğundan yalandan da olsa, təəssüf hissiylə söz aça bilərdi. Ola bilsin ki, klubda çalıandan bəri mətbuatın yaramazları ilə daha çox üz-üzə gəlir və bu səbəbdən bizim camiədən danışanda Gündüzün gözünün önündə belələrinin obrazı daha tez canlanır. Amma Abbaszadə bunu da yaxşı bilir ki, rəqabətli reklam bazarının olmadığı bir mühitdə idman mediasının klublardan asılı vəziyyətə düşməsi heç də jurnalistlərin günahı deyil. Belə bir qarmaqarışıq vəziyyətdən klubların sui-istifadə etməsi, bütünlükdə idman mediasını ələbaxan obrazında təqdim etmək cəhdləri elə reklam almaq arzusuyla onların qapılarında yatan bur qrup bivecin əməli qədər qəbahətlidir. Gündüzün müsahibəsində səsləndirdiyi fikirlər də hər nə qədər həqiqət payı olsa da, mətbuata heç də yad olmayan birisindən bu cür iynəli sözlər eşitmək bizim üçün xoş olmadı. Gərək Gündüz fikirlərini bu qədər ümumi, bu qədər kəskin şəkildə ifadə etməyəydi. Onsuz da dəyərli oxucularımız kimin-kim olduğunu ayırmağı yaxşı bacarırlar. Azərbaycanda hər sahədə yaramazlar, sözüylə əməli düz gəlməyənlər, qeybəti sevənlər, öz şəxsi məqsədi üçün başqalarına şər atanlar var. Hər dəfə bu cür “keyfiyyətlərə” sahib biri ilə qarşılaşanda ürəyimizdən ən azı “Allah mərdimazara lənət” eləsin sözlərini keçiririk. Yəqin ki, Gündüz özü Rail Məlikovun müsahibəsində özü haqda yer alan haqsız fikirləri oxuyandan sonra bizim nə hiss etdiyimizi anlaya bilib. Yıxılana balta çalmaq xarakterimdə yoxdur. Özüm Gündüzü az-çox tanıdığımdan “Neftçi”nin eks-kapitanının fikirlərində iftra payının olmasına şübhə eləmirəm. Railin “Dənizlispor”a keçidinə ilk gündən sevinmişəm. Amma qardaş ölkənin aşağı liqasının heç də güclülərindən sayılmayan bir komandada çıxış etməsi həmyerlimiz üçün elə də böyük uğur sayılmamalıdır. Ən azından ona görə ki, Railin “Neftçi”nin heyətində keçirdiyi son oyunlarda buraxdığı səhvləri hələ unutmamışıq. Digər tərəfdən onun gedişindən sonra “ağ qaralar”ın Avroliqanın qrup mərhələsinə yüksəlməsi, indinin özündə də ölkə çempionatının lideri olması Railin yoxluğunun böyük itki olmadığını düşünməyə əsas verir. Şübhə etmirəm ki, yenidən vətəndə oynamağa can atan müdafiəçi məlum müsahibəsində səsləndirdiyi fikirlərlə futbol ictimayyətinin qarşısında özünə bəraət qazanmağa, “Neftçi”dən gedişinin hansısa qara qüvvələrin əməli nəticəsi olması haqda rəy yaratmağa çalışır. Əgər, Rail Gündüzün milli komandanın üzvlərindən pul istəməsini bilirdisə, niyə zamanında bunu açıqlamırdı? Bir kapitan kimi klub prezidentini xəbərdar etmək, keçmişində nöqsanı olan birinin “Neftçi” camiəsini daxil olmasını əngəlləmək onun borcu idi. İndi belə faktları dilə gətirmək qeybətdən, başqasına qara yaxmaqdan başqa bir şey deyil. Sağ əlin verdiyini sol əl bilməz deyiblər. Kiməsə çətin günündə kömək edib, sonradan bunu başa vurmaq da yaxşı xüsusiyyət hesab olunmur. Rail də bizlərdən biridir, Gündüz də. Futbolçunun mətbuat vasitəsiylə bizlərdən biri haqda belə obraz yaratmağa çalışması isə heç də xoş deyil. Gəlin, bir-birimizin qədrini bilək. Başqalarını özümüzə güldürməyək.

Amal Abuşov, “Futbol+”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər