İlbər Ortaylıdan qeyri-adi tarixi faktlar: "İran adını ilk dəfə biz istifadə etmişik" - MÜSAHİBƏ

1252

Tarixi bilmək, vətənin, xalqın keçmişinə sahib çıxmaq yalnız seçilənlərin qismətinə yazılır. Türk dünyasının böyük oğlu, şöhrətli alim İlbər Ortaylı da tarixin sevib-seçdiklərindəndir.

İlbər Ortaylı 1947-ci il 21 mart tarixində Avstriyanın Bregenz şəhərində Krım tatarı ailəsində dünyaya gəlib. Cəmi iki yaşında ikən ailəsilə birgə Türkiyəyə köçür. Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsini tarix ixtisası üzrə bitirib, təhsilini Vyana Universitetində, ardınca isə Çikaqo Universitetində davam etdirir. 1982-ci ildə Türkiyə ali məktəblərində aparılan siyasi islahatlara etiraz olaraq istefa edir. Bu müddət ərzində Moskva, Paris, Vyana, Roma, Strazburq, Sofiya, Kembric, Oksford və digər şəhərlərin ali təhsil olacaqlarında seminarlarla çıxış edir.

Professor Ortaylı hazırda Qalatasaray və Bilkend Universitetlərində hüquq dərsi verir. Rus, alman, fransız, italyan, fars və latın dillərini bilir.

İlbər Ortaylı onlarla kitabın, elmi məqalələrin müəllifidir. O, həçminin dünyanın nüfuzlu mükafatlarına layiq görülüb. Hətta 2007-ci ildə Rusiya prezidenti Vladimir Putin rus dilini və mədəni mirasını yayan, ölkələr və xalqlar arasındakı əlaqənin gücləndirilməsində xüsusi xidmətlərinə görə təqdim olunan Puşkin medalına Türkiyədən yalnız İlbər Ortaylını layiq görmüşdü.

Hazırda böyük şəxsiyyət vətənimizdə qonaqdır. İlbər bəylə görüşüb, qısa müsahibə almaq bizə də qismət oldu.

– İlbər bəy, vətənimizə, vətəninizə xoş gəlmisiniz. Sizi görmək çox böyük qürurdur.

– Təşəkkür edirəm.

– Hocam, Türkiyə Azərbaycan arasındakı dostluğa, qardaşlığa bu zəfər təntənəsi ilə bir daha şahidlik etdik. Dövlətlərimiz arasındakı münasibəti necə dəyərləndirirsiniz?

– Məmləkətlər arası dostluq, xoş münasibət bütün dövrlərdə olub. Bu baxımdan Türkiyə ilə Azərbaycanın birliyi siyasi birlik deyil. İki dövlətik, amma eyni millətik. İstər mədəniyyət, istərsə də din, dil… Bizi birləşdirən bir çox dəyər var. Bu gün şanlı 15 sentyabr istiqlal gününün 100 illiyini qeyd edirik, 2118-ci ildə birlik simvolunun 200 yaşını birgə keçirəcəyik. Bu tarix bölgədəki varlığımız baxımından çox önəmlidir. Problemlər kökündən həll olunmadı, sadəcə şəkil dəyişdirdi. Ərazi eynidir, tək fərq silahların keyfiyyəti, iqtisadi problemlərdir. Yenə də iqtisadi, siyası bərabərsizlik ucbatından əziyyət çəkən, səfalət içərisində yaşayan insanlarımız var. Bəlkə də bu problemlər getdikcə daha da qloballaşacaq. Bu baxımdan belə bir dünyada əl-ələ olmağın sonsuz faydası var. Birliyimiz adına məni Bakıya dəvət edən əziz dostlarımıza ürəkdən təşəkkür edirəm.

– Bir çox dildə danışırsınız. Hər birinin də sizin üçün özünəxas xüsusiyyətləri, doğmalığı var. Bəs Azərbaycan dilini necə xarakterizə edə bilərsiniz?

– Azərbaycan dili bizim gəncliyimizin dilidir. Ona görə bu ləhcə ruhumuza çox doğmadır. Kim öz gəncliyini sevməz ki? Doğrudur, Azərbaycan dilində fars mənşəli sözlər daha çoxdur. Biz türk dilinin Azərbaycan ləhcəsini Orta Asiya xalqlarının dilindən daha tez anlayırıq. Çünki Orta Asiyalıların dilləri qıpçaq dil qrupuna daxildir. Ümumiyyətlə, ləhcənin ən böyük özəlliyi odur ki, başqa heç kim o şivə ilə danışa bilməz. Təqlid edə bilərsən, amma danışmaq mümkünsüzdür.

– Azərbaycanlı, Azərbaycan türkü, yoxsa azəri?

– Azərbaycanlı, Azərbaycan türkü doğrudur, azəri isə yanlışdır. Azərbaycanlılara türk deməyin turançılıqla heç bir əlaqəsi yoxdur. 1936-cı il sovet konstitusiyasına görə türk adlandırıldılar. Hətta arxivimdə 1928-ci ildə çap edilən rusca-türkcə lüğət var. Cəfər Cabbarlı, Səməd Vurğun kimi ədəbiyyat xadimlərinin əsərlərində türk kəlməsinə rast gəlirik.

“Azəri” sözü var. Təəssüf ki, bu kəlməni qüvvətləndirən olduqca hörmət etdiyim hüquqşünas, tarixçi, dilçi alim, ən əsası türk oğlu Seyyid Əhməd Kəsrəvidir. Kəsrəvi 3 cildlik “İran məşrutə tarixi” əsərinin müəllifidir. Bu əsər bir sıra dillərə tərcümə edilib. Kəsrəvi özünə iranlı deyirdi. Desin, burada qəbahət yoxdur. Çünki İran adını ilk dəfə biz istifadə etmişik, dövlətin adını da biz qoymuşuq. O, əsərlərində fars milliyətçiliyini təbliğ edirdi. Azərbaycanlıların türk yox, azəri adlı ayrı bir millət olduqları fikrini iddia edirdi. Kəsrəviyə görə Azərbaycan dili türk dil ailəsinə mənsub deyil, İran mənşəli dildir. Azərilər Səlcuqluların İrana gəlməsi ilə türkləşməyə başlamışdılar, həmçinin kiçik bir etnik qrupun adıdır. Kəsrəvi həm də xurafatdan uzaq dinin təbliğatçısı idi. Həftədə iki dəfə Sədinin, Hafizin kitablarını yandırırdı. Bu isə İran mollalarının hiddətinə səbəb oldu və Kəvsərini öldürdülər. Məzarını qazıb, içinə atdılar, üstünü də betonladırlar. İndi onun işlətdiyi azəri sözünü İrandakı xırda etnik qruplar da özlərinə aid edirlər. Bu yanlışdır. Çünki belə bir xalq Xəzər dənizinin cənub sahillərində yaşayıb. Mən azərilərin tarixini gözümlə görüb, qulağımla eşitdim və kövrəldim. Çünki mədəniyyət aşiqiyəm. Xüsusən də fars mədəniyyətini çox sevirəm. İndi bizim azərbaycanlıları halaç türkərinin yaşadığı əraziyə aparsam, heyrətlənərlər. Çünki onlar sizin uşaqlıq dilinizdə danışırlar. Farslardan tamamilə fərqli antropologiyaları var. Ləhcələrinin yazı dili yoxdur. Onları bir növ Yunanıstanın cənubunda Spartadan qalma həqiqi yunanlarla da müqaisə edə bilərik. Qısası, bəli, İranda azərilər var. Amma o biz deyilik, siz deyilsiniz, Cənubi azərbaycanlılar deyil. Onların adını bizimlə eyniləşdirmək cahillikdir. Bu sevdadan vaz keçilməlidir. Təəssüflə etiraf edirəm ki, Türkiyədə məktəblərimizdə tarix, coğrafiya elmlərini tədris edən müəllimlər də məlumatsızdırlar. Bunun qarşısını almalıyıq.

Картинки по запросу İlber Ortaylı

– Günümüzün acı mövzusuna toxunduq. Şimali Aəzrbaycan və Türkiyə qardaşlığı bu gün sədaqətini, birlyini dünyaya sübut edir. Amma güneyli qardaşlarımız öz dillərində ədəbiyyatdan tutmuş, ana dilində ünsiyyətə qədər kasadlıq çəkirlər. Belə deyək, dilimizə, mədəniyyətimizə susayıblar. Necə düşünürsünüz, bütövləşmək üçün hansı inamlı addımlar atmalıyıq?

– İran azərbaycanlıları oğuz qruplarına aid olan ən seçilən qrupdur. Onları yaxından tanıdıqca heyranlığım daha çox artdı. İranlı azərbaycanlılar hər iki dildə gözəl danışırlar. Hətta bəziləri buradan İrana köç etdiklər üçün rusca da bilirlər. Təhsil aldıqları dövrdə fransızca, ingiliscə öyrənirlər. Hətta deyim ki, türkcə də gözəl danışırlar. Türkiyənin tarixinə də qatqıları danılmazdır. Doğrudur, ana dillərində məktəbləri yoxdur. Amma mən ümidsiz deyiləm, çünki çağdaş cəmiyyətdə məktəbin önəmi azalıb. Yəni tək məktəbə qalsaydı, işləri çoxdan bitmişdi. Bizsə əksinə şahidlik edirik. Hətta bilirsiniz nəyə diqqət etmişəm? Din adamları belə daha dərin türkdür, türkçüdür. Musiqiçisindən satıcısınadək bambaşqa insanlardır. Ürəkləri Azərbaycan deyir. İstər diplomat olsun, istərsə də memar, hər biri işinin peşəkarıdır. Təbii ki, İrandan da götürdükləri keyfiyyət var. Avstriyanın məşhur iranşünasları da sübut edir ki, İran adı Sasanilər dövründə bir irq kimi istifadə olunub. Məhz bu səbəbdən bu gün İran şəcərələrində də türk köklərinə rastlayırıq. Odur ki, muzeylərin varlığı tarixin unudulmaması baxımından çox önəmlidir. Təəssüf ki, siyasətdə hər şey tədricən baş verir. zaman keçdikcə arzularımız da gerçəkləşəcək.

– Hocam, təəssüf ki, övladlarımız məktəblərdə sizin kimi tarix bilicilərindən, türk tarixinə dərindən bələd müəllimlərdən məhrumdurlar. Onlara tariximizi necə mənimsədə bilərik?

– Məktəb çərçivəsində uşaqlarımıza pianoda ifa etməyi öyrədə bilmədiyimiz kimi, tarixi də sırf tədris proqramı ilə dərindən mənimsədə bilmərik. Həftəsonu məşğələlərinə göndərin, özünüz bildiklərinizi paylaşın. Tarix çox önəmlidir. Çünki tarixini bilməyən xalq tarix yaza bilməz. Bu gün tarixçilər ingilislər, macarlar, hindlərdir. Ruslar da onların ardından gedir. Biz də artıq tarixçilər yetişdirməliyik. Hətta bəzilərinə rast gəlirəm ki, heç yaxın tariximizi belə bilmirlər. Bu səbəbdən diqqətli olmalıyıq.

Leyla Sarabi

Fotolar: Səfiyar Məcnun

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər