İlham Əliyev onların rütbə maaşlarını qaldırdı: 3 sərəncam

1888

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şəki rayonunun Çayqaraqoyunlu–Turan–Cəyirli–Qozlubulaq–Sarıca–Qayabaşı–Bolludərə–Qaratorpaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

sumqayitxeber.com sərəncamın mətnini təqdim edir:

1. On bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu–Turan–Cəyirli–Qozlubulaq–Sarıca–Qayabaşı–Bolludərə–Qaratorpaq avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,08 milyon (iyirmi milyon səksən min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilsin.

2. “Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 01 iyul tarixli 967 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 414; 2004, № 10, maddə 829; 2005, № 3, maddə 209; 2007, № 4, maddə 352; 2011, № 4, maddə 358) 2-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev A.A.Rzayevanın Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Aydan Atif qızı Rzayeva Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu vəzifəsindən geri çağırılsın.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər