İnfeksionist Vüsalə Yaşar: COVID-19-a qarşı hər il vaksinasiyadan keçməli olacağıq

998

Kollektiv immunitetin yaranması üçün əhalinin çox hissəsi vaksinasiyadan keçməlidir. Yalnız bundan sonra pandemiyaya qalib gələ bilərik.

Bu barədə Media.az-a müsahibəsində həkim infeksionist Vüsalə Yaşar bildirib.

O, ölkədə başlanan vaksinasiya ilə bağlı nəticələrin yaxşı olacağına ümid etdiyini deyib.

“Peyvəndləmənin könüllü olduğunu nəzərə alaraq, vətəndaşlarımızı bu mövzunu etibarlı mənbələrdən araşdırmağa çağırıram. Əks təqdirdə, səhv düşüncələr yarana, nəticələri isə ağır ola bilər”, – deyə həkim vurğulayıb.

İnfeksionist əhalinin peyvənd məsələsinə şübhə ilə yanaşması ilə bağlı fikirlərini də bölüşüb. Onun sözlərinə görə, vaksinasiyaya qarşı çıxan hər zaman olub və olacaq, bu normaldır.

“Əlbəttə ki, əhalinin əksəriyyətinin daha məntiqli qərarlar verməsini istərdim. Biz tez-tez yalan və bəzən gülünc iddialar eşidirik, məsələn guya insanları çipləşdirəcəklər və sair. Ancaq seçim olduqda – təhlükəli bir xəstəliklə qarşılaşmaq və ya peyvəndlənmək, əlbəttə ki, ikinci variantın lehinə seçim edilməlidir. Qorxacaq bir şey yoxdur, bu eynilə Hepatit B-də olduğu kimi inaktiv (yəni “öldürülmüş”) vaksindir”, – deyə o, əlavə edib.

Bir çoxlarını vaksinləri istehsal edən ölkələr narahat etməsinə gəlincə isə həkim bunu əsassız hesab edib və bildirib ki, bu məsələ insanları narahat etməməlidir, çünki peyvənd çox ciddi təşkilatlar tərəfindən təsdiqlənib, bütün sınaqlardan keçib. O, həmçinin vurğulayıb ki, dünyanın əksər ölkələri bu peyvənddən istifadə edirlər.

Müsahib peyvənddən sonra koronavirusdan müdafiənin müvəqqəti olması məsələsinə də toxunub.

“Böyük ehtimalla vaksinasiya ildə bir dəfə həyata keçiriləcək. Məsələ burasındadır ki, peyvəndin bir illik müdafiə təmin edəcəyinə inanırıq”, – deyə Vüsalə Yaşar sözlərini yekunlaşdırıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər