Menu
Geri İrəli

“At qəzaya səbəb oldu, sığorta 4 min istəyir”

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2015 • Baxış sayı: 207 dəfə • Şərh yoxdur

039

Cəlilabad rayonu Qarazəncir kənd sakini Məlik Xəlilov “Qafqazinfo”ya müraciət edərək “Beynəlxalq Sığorta Şirkəti”nin ondan 4 min manat pul istədiyini bildirib.

M. Xəlilovun sözlərinə görə, bu il may ayının 17-də onun və qonşusunun atı Bakı-Astara trasında 90-CF-081 nömrə nişanlı “Hunday Sonata” avtomobilin qarşısına çıxıb və nəticədə yol nəqliyyat hadisəsi baş verib. Məhkəmə tərərfindən M. Xəlilov zərərvuran kimi tanınıb və 90 manat cərimə ödəyib: “Cəriməmi ödəyərək bu işin bitəcəyini sansam da, bir müddət sonra “Beynəlxalq Sığorta Şirkəti”ndən mənə məktub gəldi. Məktubda bildirilirdi ki, siğorta şirkətinin avtomobil üçün ödədiyi 4015 manatlıq məbləği mən onlara ödəməliyəm. Başa düşmürəm pulu mən ödəyəcəmsə, onda bu sığorta şirkəti nəyə lazımdır. Mən adi bir kəndliyəm, uçuq daxmamda zorla yaşamağa çalışıram. İndi atım da ölüb necə yaşayacağımı bilmirəm, bunlar da məndən 4 min istəyir.

İddialar Departamentinin direktoru Fərhad İzmayılov və şirkətin idarə heyətinin sədr müavini İlham Ağayev mənə məktub göndərib. Hər iki məktubun mətnini dəfələrlə oxusam da bir şey başa düşə bilməmişəm. Sadəcə onu bilirəm ki, mənim onlara ödəmək üçün 4015 manat pulum yoxdur”.

Məsələ ilə əlaqədar olaraq Beynəlxalq Sığorta Şirkəti” ilə əlaqə saxladıq və şirkətin İddialar Departamentinin əməkdaşı Ruslan Əhmədov qeyd olunan məbləği tələb etməkdə tam haqlı olduqlarını bildirib: “Yol polisinin verdiyi sənəddə atların sahibinin günahkar olduğu göstərilir. Qanunvericiliyə əsasən biz şirkətimiz tərəfindən sığortası olan şəxsə dəyən hər hansı bir zərəri ödəyirik, sonra isə zərərvurandan ödədiyimiz məbləği tələb edirik. Əgər avtomobili idarə edən şəxs günahkar çıxarılsaydı, maşının icbari sığortası ilə atın sahibinə pul ödəniləcəkdi. Əgər sığortası olmasaydı, atın sahibi bu dəfə ödənişi sürücüyə edəcəkdi. Bu, subroqasiya hüququdur. Subroqasiya hüququ bir şəxsə başqasına məxsus olan tələb hüququnun keçməsi kimi də başa düşülə bilər”.

“Qafqazinfo” sığorta şirkətləri ilə vətəndaşlar arasında bu kimi halların tez-tez baş verdiyini nəzərə alaraq sığorta eksperti Xəyal Məmmədxanlının subroqasiya ilə bağlı fikirlərini öyrənib. Ekspert bildirib ki, subroqasiya bir hüquqdur, sığorta şirkəti istəsə, bunu qaldırmaya da bilər: “Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Ölkəmizdə çox sığorta şirkətləri bu hüquqdan istifadə edir. Burada əsas iki məsələ var. Birincisi odur ki, subroqasiya hüququ yalnız zərərin sığorta şirkəti tərəfindən tam ödənildiyindən sonra istifadə oluna bilər. İkincisi isə zərərvurandan tələb olunan pul yalnız ödənilən zərər məbləğində ola bilər. Məsələn, öz müştərinizin zərərinə 5 manat ödədiyiniz halda qarşı tərəfdən 6 manat istəyə bilməzsiniz. Bəzən elə hallar olur ki, sığorta şirkəti zərərə 1000 manat ödəniləcəyi halda 2000 manat ödəyir və və qarşı tərəfdən də həəmin məbləği tələb edir. Belə olan halda əgər zərərvuran ziyanın daha az olduğunu iddia edirsə, məsələ məhkəməyə gedə bilər. Məhkəmə ekspertiza təşkil edir və zərər müəyyən olunduqdan sonra sığorta şirkətinin ödədiyi məbləğdən asılı olmayaraq zərərvuran məhkəmənin müəyyən etdiyi məbləği ödəyir. Bundan başqa, Mülki Məcəllədə də qeyd olunub ki, yarana biləcək arzuolunmaz problemlərə qarşı hər hansı bir zərərlərin hesablanması zamanı həm sığortaçı, həm sığorta olunan, həm də üçüncü şəxslər bu prosesdə iştirak edə bilərlər”.
Ekspert sözügedən şikayətdə qeyd olunan məsələyə də münasibət bildirib: “Qanunvericilikdə nəzərdə tutulan maddəyə əsasən, heyvanların avtomobil yollarında, xüsusilə də magistrallarda nəzarətsiz buraxılmasına görə yarana biləcək zərərlər üçün həmin heyvanların sahibləri birbaşa məsuliyyət daşıyır. Yox əgər hadisə hansısa kənd yolunda və yaxud kəndin içində, dağda olsa, bu zaman sığorta şirkəti heç bir şey tələb edə bilməz”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın