Menu
Geri İrəli

Azərbaycan yeni iqtisadi modelə keçib

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Aprel 2017 • Baxış sayı: 156 dəfə • Şərh yoxdur

9lham aliyevMəlum olduğu kimi, aprelin 17-də Yevlaxda prezident İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.

Prezident tədbirdə çıxış edərək qeyd edib ki, son illər ərzində Yevlax rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək üçün bir çox önəmli addımlar atılıb, həm iqtisadi, həm sosial layihələr icra edilib: “Əslində bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik. Sahibkarlarla mənim müntəzəm olaraq ildə bir neçə dəfə görüşlərim keçirilir. Son 13-14 il ərzində yüzlərlə sahibkarla görüş keçirilib. Mən sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar”.

Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verildiyini xatırladan prezident qeyd edib ki, bu kreditlər, eyni zamanda, sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq: “Çünki əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi. Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir”.

Azərbaycanın bir çox ölkələrdə ticarət evləri yaradacağını deyən prezident bildirib ki, birinci ticarət evi yaxın həftələrdə Belarusda yaradılacaq: “Digər post-sovet ölkələrində – Rusiyada, Ukraynada, Qazaxıstanda belə evlərin yaradılması gündəlikdədir. Bu, həm ölkəmizi təbliğ edəcək, həm də ixracatçılar üçün yeni imkanlar yaradacaq. Bununla bərabər, Asiya qitəsinin böyük ölkələrində mütləq ticarət evlərimiz olmalıdır. İndi Körfəz ölkələrində bizim məhsullarımıza böyük maraq göstərilir. Əslində, bu marağın da mənbəyi bizim fəaliyyətimizdir. Çünki son vaxtlar biz Körfəz ölkələri ilə, o cümlədən, bu istiqamətdə çox işgüzar əməkdaşlıq qura bilmişik və oraya Azərbaycan məhsullarının çıxarılmasına nail olmuşuq. Bizim xüsusilə, kənd təsərrüfatı məhsullarımıza o ölkələrdə böyük maraq var və Körfəz ölkələrinin istehlak bazarı kifayət qədər böyükdür. Onlar bizdə istehsal edilən və ixrac olunan malların bir çoxunu xaricdən, başqa ölkələrdən gətirirlər, idxal edirlər. Ona görə, biz bu bazarlara fəal girməliyik. Bunun üçün də Körfəz ölkələrində mütləq ticarət evləri yaradılmalıdır. Biz əlbəttə ki, bizim üçün prioritet olan ixrac bazarlarında böyük satış şəbəkələri ilə işgüzar əməkdaşlıq qurmalıyıq.

Onların adları bəllidir. Onları Azərbaycana dəvət etmək, imkanlarımızı göstərmək, bizim əsas, qabaqcıl müəssisələrə səfərlərini təşkil etmək lazımdır. Gəlib öz gözləri ilə görsünlər ki, burada həm böyük potensial var, həm də bizim məhsullarımız rəqabətqabiliyyətlidir. Əlbəttə, mən öz həmkarlarımla, başqa ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər zamanı daim bu məsələni qaldırıram. Çünki bizim ticarət dövriyyəmiz artmalıdır və mallarımız o ölkələrin bazarlarına çıxmalıdır. Əlbəttə ki, siyasi dəstək göstərilir, ancaq biz müxtəlif səviyyələrlə işləməliyik və ən yaxşı yol, yenə də deyirəm, böyük satış şəbəkələri ilə münasibətlər qurmaq və onları Azərbaycana dəvət etməkdir”.

Azərbaycanın ixrac missiyalarının artıq öz səmərəsini göstərdiyini deyən ölkə başçısı qeyd edib ki, bu missiyaların çox böyük faydası var və ilboyu bu missiyalar təşkil edilməlidir: “Bu, avtomatik rejimdə olmalıdır, yəni, artıq mənim göstərişimlə yox. Hər il müxtəlif dövlət qurumları öz iş planına salmalıdırlar ki, bu il neçə ixrac missiyası hansı ölkələrə ezam ediləcəkdir. Bizim üçün ən yaxşı potensial bazar olan ölkələrə hər il missiyalar getməlidir. Böyük ölkələrin müxtəlif bölgələrinə xüsusi missiyalar təşkil edilməlidir. O ölkələrin təkcə paytaxt şəhərlərinə yox, bütün bölgələrinə, bütün regionlarına müntəzəm olaraq bizim qruplarımız getməlidir”.

Azərbaycanda iqtisadi sahədə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişaf etdiyini, ölkənin ixrac potensialının artdığını deyən prezident vurğulayıb ki, ölkəmiz yeni iqtisadi modelə keçib, bundan sonrakı dövrdə ölkə iqtisadiyyatı islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdiriləcək: “Azərbaycanda düşünülmüş siyasət, güclü iradə və ardıcıl fəaliyyət regionların sürətli inkişafını şərtləndirən əsas amillərdir.

Azərbaycan öz iqtisadi potensialını şaxələndirmiş, hazırda qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi 65 faiz təşkil edir. Dünyada mövcud olan ən qabaqcıl təcrübəyə əsasən Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərinin tətbiqinə başlanıb. Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Son illər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulub. Əsaslı islahatlar, sahibkarlığın inkişafına hərtərəfli dövlət dəstəyi Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdir”.

İlham Əliyev əminliklə bildirib ki, 2017-ci ilə yekun vurarkən biz yaxşı dinamikanı görəcəyik: “Əlbəttə, qeyd etdiyim kimi, ixracı artırmaq üçün, ilk növbədə, daxili tələbat tam ödənilməlidir – həm ərzaq məhsulları, həm də inşaat materialları ilə. Bu istiqamətdə konkret addımlar atılır və atılacaqdır”.

Prezidentin keçirdiyi müşavirədə ölkənin ixrac potensialının artırılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Milli Məclisin deputatı Tahir Mirkişili qeyd edib ki, görülən tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı həcmi artmaqdadır: “Azərbaycan prezidenti Yevlaxdakı müşavirədə yeni bazarların əldə edilməsinin vacibliyini qeyd edib. 2017-ci ilin 1-ci rübündə Azərbaycanın meyvə və tərəvəz ixracı ortalama 28 faiz artaraq 55 milyon dollar həcmində olub. Bəs ənənəvi Rusiya bazarından savayı, Azərbaycan meyvə və tərəvəzlərini hansı yeni bazarlara ixrac etmək olar? Son illər Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi münasibətlər xeyli inkaş etməkdədir. Bu münasibətləri iqtisadi müstəviyə də transfer etməklə Azərbaycan üçün tamamilə yeni və perspektivli ixrac bazarları açıla bilər”.

Birləşmiş Ərəb Əmirliklərinin 2017-ci ildən başlayaraq Dubay şəhərini təzə meyvə və tərəvəz məhsullarının regional mərkəzinə çevirmək planlarını açıqladığını deyən T.Mirkişili qeyd edib ki, artıq bu məqsədlə Birləşmiş Ərəb Əmirlikləri müxtəlif ölkələrlə danışıqlar prossesini sürətləndirməyə başlayıb: “Birləşmiş Ərəb Əmirliklərinin kənd təsərrüfatı məhsulları bazarı meyvə və tərəvəz növlərinə görə alt seqmentlərə bölünür. Bu alt seqmentlərin əksəriyyəti Azərbaycanda istehsal edilir. Dubay şəhəri hal-hazırda hər gün 11 min ton meyvə və tərəvəz idxal edir ki, bunun da 40 faizə qədəri müxtəlif qonşu ölkələrə re-eksport olunur. Qeyd edək ki, 2017-ci ilin 1-ci rübünün rəqəmlərini təhlil etsək, Azərbaycanın gündəlik meyvə və tərəvəz ixracı 617 tondur”.

Deputat bildirib ki, Körfəz ölkələrinin illik meyvə və tərəvəz idxalının həcmi 10 milyon ton və ya 6 milyard dollardır: “İdxalın 40 faizi, yəni, 4 milyon ton və ya 2.4 milyard dolları Birləşmiş Ərəb Əmirliklərinin payına düşür. İdxal əsasən Hindistandan (14%), Misirdən (13%), İordaniyadan (12%), Cənubi Afrikadan (10%), Çindən (7%), ABŞ-dan (7%), Türkiyədən (3%), Hollandiyadan (2%) həyata keçirilir. 2016-cı ilin oktyabr ayında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin qərarı ilə Hindistandan idxal olunan meyvə və tərəvəzlərin tərkibində pestisidlərin miqdarının normadan çox olması müəyyən edilib və Hindistan məhsullarının idxalı məhdudlaşdırılıb. Bütün bunlar Azərbaycan meyvə və tərəvəz istehsalçıları üçün coğrafi cəhətdən çox da uzaqda olmayan yeni bir bazara işarədir. Azərbaycan prezidenti də müşavirədə məhz belə yeni bazarların əldə edilməsinin vacibliyini qeyd edib”.

Deputat Tahir Rzayev isə qeyd edib ki, Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində Azərbaycan prezidenti İlham Əliyev ölkə iqtisadiyyatının bilavasitə inkişafı üçün mühüm məsələlərə toxunub və qarşıda duran hədəfləri müəyyən edib. O, “Trend”ə bildirib ki, prezident İlham Əliyev Azərbaycanda qeyri-neft sektorunun davamlı inkişafına mühüm önəm verir və çalışır ki, ölkə iqtisadiyyatının neft sektorundan asılılığı tamamilə aradan qalxsın və ixrac yönümlü məhsulların istehsalı çoxalsın: “Bunun üçün ötən dövr ərzində Azərbaycanda xeyli işlər görülüb. Prezidentin apardığı siyasət nəticəsində kənd təsərrüfatının, turizmin inkişafı, qeyri-neft sektoruna aid bütün sahələrdə istehsalın artırılması istiqamətində mühüm tədbirlər görülüb. Azərbaycan artıq öz brendi ilə dünyada tanınmağa başlayıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan öz ixrac potensialını daha da artırmalıdır”.

Deputat qeyd edib ki, Azərbaycanda ixrac potensialını artırmaq və dünya bazarında rəqabətədavamlı məhsulların istehsalı istiqamətində yerlərdə lazımi ifrastruktur yaradılır: “Artıq xeyli sayda istehsalat sahələri istifadəyə verilib və bir neçə zavodun da istifadəyə verilməsi, yeni sənaye parklarının açılması nəzərdə tutulur. Bu ilin birinci rübündə Azərbaycan ixrac edilən məhsullar hesabına xeyli gəlir əldə edib və işlər bu cür də davam etdirilməlidir. Eyni zamanda, Azərbaycanda regionların ixtisaslaşdırılması prosesinə də başlanır”.

T.Rzayev əlavə edib ki, bu gün Azərbaycanda əlverişli investisiya mühiti mövcuddur və sahibkarlara lazımi şərait yaradılıb: “Son illər ərzində ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulub ki, bu da çox böyük rəqəmdir. Görülən işlər artıq öz nəticəsini verir və inanıram ki, prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan əsaslı islahatlar, sahibkarlığın inkişafına hərtərəfli dövlət dəstəyi Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük təkan verəcək”.

Ceyhun ABASOV

Facebook Şərhləndirmə:

Şərhinizi yazın