Menu
Geri İrəli

Azərbaycanda 52 adda dərman istehsal edən yeni müəssisə yaradılır

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2016 • Baxış sayı: 429 dəfə • Şərh yoxdur

imzaİqtisadiyyat Nazirliyi məlumat yaydı.

Bu gün Azərbaycanda avtomobil və dərman istehsalı sahəsində müştərək layihələrin icrası ilə bağlı 4 memorandum imzalanıb.

İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, memorandum Azərbaycanın  “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və İranın “Iran Khodro” və “Darou Pakhsh” şirkətləri arasında imzalanıb.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və İranın “Darou Pakhsh” şirkəti arasında imzalanmış Azərbaycanda əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalının təşkili haqqında Anlaşma Memorandumuna əsasən, birgə maliyyələşdiriləcək yeni müəssisə yaradılacaq.

Müəssisədə ağrıkəsici, antibiotik və vitamin təyinatlı 52 adda dərman preparatlarının istehsalı nəzərdə tutulur.

Dərman preparatları ilkin olaraq daxili bazar üçün nəzərdə tutulur. Müəssisənin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılması planlaşdırılır.

Qeyd edək ki, İranın ən böyük əczaçılıq şirkəti olan “Darou Pakshs” 1956-cı ildən fəaliyyət göstərir və İranın Əmək və Sosial İşlər Nazirliyinin tabeliyindədir.

İstehsal etdiyi dərman preparatlarını Azərbaycan da daxil olmaqla dünyanın 20-dən çox ölkəsinə ixrac edir.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə İranın “Darou Pakhsh” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalı layihəsinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilməsi ilə bağlıdır.

Memoranduma uyğun olaraq, tərəflər əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalı layihəsinin həyata keçirilməsi üçün “Darou Pakhsh”, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Holdinq” MMC-nin təsisçiliyi ilə yaradılacaq yeni şirkətin Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçməsi üçün lazımi prosedurları həyata keçirəcəklər.

Azərbaycanın “Azevrocar” MMC və İranın “İran Khadro” şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, şirkətlər Azərbaycanda minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalını həyata keçirəcəklər.

İlkin olaraq layihə üzrə istehsal edilməsi məqsədəuyğun olan avtomobil modelləri müəyyənləşdiriləcək, sonra isə layihə üzrə Biznes Plan hazırlanacaq. Layihənin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi nəzərdə tutulur. Zavodun 2 ilə tikilməsi planlaşdırılır.

Tədbir çərçivəsində həmçinin, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azevrocar” MMC arasında avtomobil və müvafiq ehtiyat hissələrinin istehsalı layihəsinin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Memoranduma uyğun olaraq, “Azevrocar” şirkətinə Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunun verilməsi üçün şirkət müvafiq sənədləri hazırlayaraq AİŞ-ə təqdim edəcək.

Bundan sonra isə layihənin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi üçün “Azevrocar” şirkətinə AİŞ tərəfindən sənaye məhəlləsinin iştirakçısı statusu veriləcək.

Qeyd edək ki, Azərbaycan və İran arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, iqtisadi sahədə 40-dan çox olmaqla indiyədək 120 sənəd imzalanıb.

Ülviyyə R. Əli
www.oxu.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın