Menu
Geri İrəli

Azərbaycanda ətin qiyməti niyə bahalaşır?

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Sentyabr 2017 • Baxış sayı: 150 dəfə • Şərh yoxdur
Share Button

et4Ölkədə ət və ət məhsullarının qiyməti ifrat həddə bahalaşıb, eyni zamanda bu məhsulların idxalında kəskin artım başlayıb.

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlardan aydın olur ki, bu ilin 8 ayında ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə çəki ifadəsində 67 faizədək, dəyər ifadəsində isə 2 dəfədən çox artıb. Əgər ötən ilin yanvar-avqustunda xaricdən 16,9 min ton ət gətirib buna 20,4 milyon dollar xərcləmişdiksə, bu il 28,2 min ton ət alıb, 43 milyon dollara yaxın vəsait sərf etmişik.

Ətin qiyməti niyə artır?

Qiymət artımının bir neçə mühüm səbəbini qeyd etmək olar. Bunlardan birincisi, heyvanların qidalanmasında əsas yer tutan ot və ot bağlamalarının bahalaşmasıdır. Belə ki, builki hədsiz quraqlıq şəraitində heyvandarlar əvvəlkindən xeyli az ot və yonca əldə edə biliblər. Bu azlığın digər səbəbi son illərdə biçənək sahələrinin böyük bir hissəsinin əkin altına salınmasıdır.

Qeyd edim ki, əhalinin bütün əsas növ ərzaq məhsulları ilə daxili istehsal hesabına təmin olunması son illərdə ölkə rəhbərliyinin əsas prioritetlərindən biridir. İqtisadiyyatın qeyri-neft sektorunda ixracyönümlü aqrar istehsalın inkişafı da həmçinin… Çox təəssüflər olsun ki, bir çox məmurlar, xüsusilə də sahəyə məsul qurumların rəhbərləri bu  prioritetlərdən birincinin arxa plana keçirilməsi hesabına ikinciyə daha çox diqqət ayırmaq yolunu tutublar: rayonlarda əsas biçənək, otlaq əraziləri, qışlaqların yerləşdiyi sahələr ucdantutma əkin altına salınır. Halbuki dövlət başçısının çıxışlarında aqrar istehsalda yüksəlişə ekstensiv – əkin sahələrinin genişləndirilməsi deyil, intensiv – yəni məhsuldarlığı artırmaq yolu ilə nail olunmasının vacibliyi dəfələrlə vurğulanıb. Eyni zamanda şoranlaşmış, yaxud bataqlığa çevrilmiş ərazilərin əkinə yararlı vəziyyətə gətirilməsinin vacibliyi qeyd olunub.

Lakin xüsusilə yerli məmurlar bu çağırışları görməzdən gələrək, bütün gücü əkin sahələrinin heyvandarlığın sıxışdırılması hesabına genişləndirilməsinə yönəldiblər. Heyvandarlıqla məşğul olan fermerlərin etirazları hələlik heç bir fayda vermir.

Nəticə heç də ürəkaçan deyil – hələ payız başlamayıb yonca bağlamasının biri 4-5 manat arasında dəyişir. Bu qiymətə bağlama alıb heyvana yedirdənlər, aydın məsələdir ki, heyvandan əldə etdiyi bütün məhsulları – əti, südü, yunu, pendiri və s. baha satmağa çalışacaq. Düzdür, taxıldan istehsal edilən heyvan yeminin qiymətində cüzi də olsa ucuzlaşma var, lakin bu, otun qiymətindəki bahalaşmanı kompensasiya etmək imkanında deyil.

Yerli istehsalın azalması, yaxud qiymətlərin bahalaşması istər-istəməz xaricdən idxalı stimullaşdırır. Bu isə irihəcmli vəsaitlərin xaricə axması, həm də yerli istehsalın tənəzzülə doğru getməsi ilə nəticələnir.  Nəzərə almaq lazımdır ki, bizim ət idxal etdiyimiz ölkələrin əksəriyyətində qiymətlər xeyli ucuzdur. Məsələn, Ukraynada əla növ mal ətinin kiloqramı 3,4 dollara, şaqqalanmış halda kiloqramı 2,4 dollara təklif olunur. Dondurulmuş halda qiymətlər bundan təxminən 15-20 faiz aşağıdır. Aşağı qiymətə alınıb gətirilən xarici məhsul isə bahalı yerli istehsalı bazardan rahatlıqla sıxışdırıb çıxara bilir.

Əti haradan alırıq?

Hazırda bizim iribuynuzlu heyvan əti idxalımızın 90 faizə yaxını Ukraynanın payına düşür. Halbuki ötən ilədək bu məhsulu əsasən Hindistandan idxal etmişik. Məsələn, 2015-ci ildə cəmi 5 min ton təşkil edən ümumi idxalımızın 2647,7 tonu bu ölkənin payına düşüb. Bu zaman ətin kiloqramını təxminən 1,6 dollara almışıq. Həmin il Ukraynadan 2004,9 ton iribuynuzlu heyvan əti almışıq – kilosu 2,5 dollara…

2016-cı ildə isə Hindistandan idxa l 2 dəfədən də çox azalıb – bu ölkədən cəmi 286,96 ton ət almışıq – 564,47 min dollara (kilosu1,96 dollar).

Ötən il xarici ölkələrdən ümumilikdə 5235,5 ton iribuynuzlu heyvan əti idxal etmişik. Bunun 87 faizdən çoxu – yəni 4565,47 tonu Ukraynadan alınıb (təzə, soyudulmuş, sümüklü, sümüksüz dondurulmuş və sair). Bu zaman ümumi idxala 13 milyon 615,41 min dollar, o cümlədən Ukraynadan idxala 10 milyon 650,95 dollar sərf etmişik. Beləliklə, ümumi idxal üzrə orta qiymət 2,6 dollar, Ukraynadan idxal üzrə isə 2,3 dollar təşkil edib.

Onu da qeyd edim ki, bu, ətin növləri üzrə orta qiymətdir. Belə ki, ötən il təzə və ya soyudulmuş iribuynuzlu heyvan ətinin 1 kiloqramının orta idxal qiyməti 2,3 dollar, dondurulmuşu isə 2,56 dollar təşkil edib. Qoyun və keçinin təzə, soyudulmuş və ya dondurulmuş əti isə 1,9 dollara idxal olunub.

İdxal belə sürətlə artmaqda davam edərsə, bu, Azərbaycanda heyvandarlıq sahəsində böyük problemlər yarada bilər: ucuz idxal əti yerli istehsalı rentabelsiz edəcək. Otlaq, biçənək və qışlaq sahələrinin əkin altına salınması bu prosesi daha da sürətləndirə, ölkəmiz isə indiyədək özünü yerli istehsal hesabına tam təmin etdiyi ət və ət məhsulları üzrə idxaldan asılı vəziyyətə düşə bilər.

Kənd Təsərrüfatı Nazirliyi və digər əlaqədar qurumların məsələyə daha adekvat yanaşması, yaranmış problemlərin həllində heyvandarlıqla məşğul olan fermerlərə zəruri dəstəyi təmin etməsi vacibdir.

Dünya Sakit, Musavat.com üçün

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın