Menu
Geri İrəli

Azərsun-dan inhisarçılıq ittihamına cavab

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2015 • Baxış sayı: 267 dəfə • Şərh yoxdur

afiqqq

 

“Azərbaycanda hər bir istehlakçı mağazaların rəflərində “Azərsun Holdiq”in istehsal etdiyi məhsullarla yanaşı, yüzlərlə çeşid digər çay, yağ və başqa məhsulları da görə bilərlər. Həmin məhsulların maksimum yalnız 3-5 faizi “Azərsun”a məxsus ola bilər. Yerdə qalanlar müxtəlif sahibkarlıq subyektləri tərəfindən istehsal edilən və ya ölkəyə gətirilən məhsullardır”.

 

Milli.az-a açıqlamasında “Azərsun” Holdinqin İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov millət vəkili Fəzail Ağamalının ittihamlarına cavab verərkən deyib. A. Səfərov bildirib ki, onlar millət vəkilinin bu açıqlamasını və iddalarını çox təəccüblə qarşılayıblar: “Biz, sadəcə, çalışırıq keyfiyyətli məhsul istehsal edək. Bu rəqabət mühiti “Azərsun”u inkişaf etdirir. Əgər bazarda bu qədər çeşiddə məhsullar varsa, onda bu iddialar nə dərəcədə həqiqəti əks etdirir? “Azərsun” kimdir ki, hansısa məhsulun Azərbaycana gətirilməsinə və ya istehsalına icazə verə və ya verməyə?! Azərbaycan hüquqi dövlətdir. Təəssüf edirəm ki, insanların düşüncələrində hələ də ötən əsrin 90-cı illərinin qaragüruhçu fikirləri qalıb. Biz Azərbaycanda yalnız biznes strukturuyuq. Biz məmur deyilik. “Azərsun Holdinq”in rəhbəri anadangəlmə ticarət adamıdır və onun hər hansı müstəsna səlahiyyəti yoxdur ki, hər hansı məsələdə ölkə səviyyəsində öz biznesini qoruyacaq qərarlar, qanunlar qəbul etsin və ya qanunvericiliyə təsir mexanizmi olsun. Bizim belə rıçaqlarımız yoxdur. Ona görə də “Azərsun Holdinq”i inhisarçı kimi təqdim etmək yanlışdır. “Azərsun Holdinq” Azərbaycanda 30 çeşiddə məhsul istehsal edir və bu məhsullar min bir zəhmətlə ərsəyə gəlir”.

 

A.Səfərov millət vəkilinin duz zavodu ilə bağlı fikirlərini də absurd adlandırıb: “Duz zavodu Azərbaycanda fəaliyyətə başladığı gündən Masazır camaatı həmin günü “duz bayramı” kimi qeyd edir. Zavod işə başlayandan bəri deyirlər ki, bizim mağazalara borcumuz qalmadı, qəsəbədə borc dəftərləri ləğv olundu. Çünki onlarla adam işlə təmin olundu. Bu zavod fəaliyyətə başlayandan bəri ölkədə yod çatışmazlığı xəstəliyi minimum həddə enib. Bu gün “Azərsun Holdinq”in Masazır Duz Zavodunun fəaliyyəti UNİCEF tərəfindən digər ölkələrə uğurlu model kimi təqdim olunur. Digər tərəfdən, bu zavod, əslində, “Azərsun Holdinq”in bir sosial layihəsidir və o, Azərbaycan dövlətinin investisiya dəstəyi ilə qurulub. Açığı duz zavodu ilə bağlı fikirləri oxuyanda bu açıqlamanın Fəzail Ağamalı tərəfindən verildiyinə inanmadım. Gölün hasara alınması fikri isə tamamilə absurddur. Orada əvvəllər kustar üsulla, heç bir təmizləmə və yodlaşdırma aparmadan duz istehsal edən və əhaliyə satan sexlər var idi. Bu gün məhz onun qarşısının alınması üçün ərazi hasarlanıb, tullantılardan təmizlənib, gölün ətrafında əlavə artezian quyuları qazılıb. Orada istehsal olunun duzun keyfiyyətini şübhə altına almaq da düzgün deyil. Əgər o məhsul pis olsaydı, onu Biləcəridən o yana, xarici ölkələrə çıxarıb satmaq olmazdı”.

 

Holdinqin sözçüsü millət vəkilinin belə bir açıqlamanı hansı səbəbdən verdiyini anlamadıqlarını deyib: “Fəzail müəllimin belə bir açıqlamanı hansı səbəbdən verdiyini, seçkiqabağı təşviqat zamanı əlavə xal qazanmaq üçün edib-etmədiyini də bilmirəm. Əslində, bizim şirkətin Fəzail Ağamalı ilə münasibətləri çox yaxşıdır və hətta özüm də onunla bir neçə dəfə həm canlı, həm də telefonda ünsiyyətdə olmuşam. O, özü də dəfələrlə “Azərsun Holdinq”in fəaliyyətini təqdir edib. Fəzail müəllim müxtəlif dövrlərdə bizdən bir neçə nəfərin işlə təmin olunmasını xahiş edib. Lakin “Azərsun Holdinq”də işə qəbul prosesi obyektiv test və imtahan nəticələrinə əsaslandığına görə onun bu xahişini yerinə yetirə bilməmişik. Amma bunun Fəzail müəllimin bu açıqlamasına səbəb ola biləcəyini də düşünmürəm. Fəzail müəllim siyasətçidir. Axı zəhmət insanını tənqid etmək heç kimə başucalığı gətirməz. “Azərsun Holdinq”in fəaliyyəti həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən həmişə yüksək qiymət alıb. Bu holdinqin əli torpaqda olan, əliqabarlı, məhsullarını “Made in Azerbaijan” adı altında dünyanın onlarla ölkəsinə ixrac edən, siyasətdən uzaq, yalnız Azərbaycan dövlətini və dövlətçiliyini düşünən və Azərbaycanın keyfiyyətli məhsulu ola biləcəyini əməli ilə sübut edən siması var. Bu simaya ləkə yaxmaq heç kimə nüfuz gətirməz”.

 

Məsələ ilə bağlı milli.az İqtisadiyyat və Sənaye Nazirliyinə sorğu ünvanlayıb. Lakin nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məsələ ilə bağlı münasibət bildirmək istəmədiklərini deyib.

 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə bildirib ki, nazirliyin bununla bağlı deyəsi heç bir fikri yoxdur: “Bununla bağlı heç bir fikir yoxdur. “Azərsun Holdinq” də özəl şirkətdir. Biz bununla bağlı nə deyə bilərik ki? Bu, Fəzail Ağamalının subyektiv fikridir”.

 

Xatırladaq ki, Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Qafqazinfo”ya müsahibəsində “Azərsun Holdinq”i inhisarçılıqda ittiham edib. O deyib: “Mənə deyirlər ki, ölkəyə gətirilən bir sıra məhsullar “Azərsun Holdinq”in inhisarı altındadır. Çaydan başlamış digər məhsullara kimi. Və kimsə əgər ölkəyə çay gətirirsə, hökmən ya “Azərsun Holdinq”dən icazə almalıdır, ya da ki onun xətti ilə gətirməlidir. Təbii ki, holdinq də buna imkan vermir. Bax, bu cür şəbəkələşmiş şirkətlər ölkədə var. Mən birinin adını çəkdim. Qalanlarını siz araşdırın.

 

Bu yaxınlarda mənə belə bir fakt bəlli olub ki, Masazırda duz gölünün qırağını çəpərləyiblər. İnsanlar bəzən orada gedib müalicə alırdılar. Eyni zamanda, qışda qar yağanda oradan duz götürüb yollara tökürdülər ki, buz ərisin. Bu ölkənin sərvətidir. İndi mənə bəlli olub ki, oradan duz götürmək üçün tonuna 60 manat pul ödəmək lazımdır. Bu nə deməkdir? Niyə bir ölkənin sərvətini “Azərsun” şirkəti pulla satmalıdır, bundan gəlir qazanmalıdır? Halbuki, o duza pul verməyə ehtiyac yoxdur. Bu Allah tərəfindən xalqımıza verilmiş olan tükənməyən sərvətdir.

 

O duzdan məişətdə xörək duzu kimi istifadə olunur. Gedin baxın, Novxanının bütün kanalizasiya xətləri yola axıdılır. Antisanitariya orada baş alıb gedir. Ordan da duz istehsal edirlər və Azərbaycan vətəndaşları da o duzdan xörək duzu kimi istifadə edir”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın