Menu
Geri İrəli

Bakı aptekləri necə narkotik satır? – “Bir paçka verin…”

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2015 • Baxış sayı: 320 dəfə • Şərh yoxdur

8ef076c5fc08

Bakının apteklərində narkotik satışı açıq şəkildə davam edir. Aptekə yaxınlaşırsan və ad çəkmədən “bir paçka verin” deyirsən. Satıcı sənin nə istədiyini bilir və dərhal narkotik vasitəni sənə uzadır. Halbuki, bu cür dərmanı yalnız reseptlə satmaq olar.

Haqqında danışdığımız dərman “tramadol”dur. Reseptlə satılmalı olan psixotrop dərman vasitəsi paytaxt Bakıda bir neçə aptekdə açıq şəkildə, istənilən şəxsə satılır.

Musavat.com saytının reportyoru bu cür dərmanların satıldığı apteklərdə olub. Müşahidələr zamanı məlum olub ki, “tramadol”un əsas alıcıları gənclər və orta yaşlı kişilərdir.

Əvvəlcə dərman haqda qısa məlumat verək…

“Tramadol” psixotrop dərmandır. “Tramadol” tərkibli həblərin satışı qadağan edilməyib, lakin bu dərman güclü psixotrop təsirə malik olduğundan yalnız həkim göstərişi əsasında satıla bilər. Bu dərmanın reseptsiz satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib. Bu preparatdan ancaq güclü ağrısı olanlar, məsələn, xərçəng xəstələri istifadə edə bilərlər. Həmin dərmanın əlavə təsirindən biri də bu dərmanın asılılıq yaratmasıdır. Bu dərmanlar eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur. “Tramadol” dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilərlər. “Tramadol” güclü narkosərxoşluq və asılılıq yaradan narkotik vasitə kimi Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub.

“Tramadol”un satışı…

Bakıda bir neçə aptek var ki, bu dərmanın açıq şəkildə, reseptsiz satışı ilə məşğuldur. Bu cür apteklərdən biri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev 151 K ünvanında yerləşir. Əvvəlcədən də yollandığımız aptekdən dərmanı rahatlıqla, heç bir resept tələb edilmədən, ən azından sorğu-sual edilmədən alacağımızı eşitmişdik. Və elə də olur. Aptekə yaxınlaşırıq və dərmanın adını çəkmədən satıcıya 20 manat uzadaraq “bir paçka verin” deyirik. Satıcı bir paçka “tramadol”u və 16 manat qalıq pulu bizə qaytarır.

Dərmanı aldıqdan sonra aptekin qarşısında bir neçə dəqiqə müşahidə aparırıq. İstənilən şəxs aptekə yaxınlaşır və həbləri rahatlıqla alır.

Aptekin qarşısında 25-28 yaşlı alıcılardan biri ilə söhbətimiz:

- Salam, “tramadol”u reseptsiz aldınız?
- Aha. Resept istəmirlər, axı…
- Məndə ala bilərəm? 
- Əlbəttə. Bu dərmanı hamı alır. 
- Bəs, deyirlər, narkotik vasitə kimi istifadə olunduğu üçün hər kəs ala bilmir…
- Siz niyə məni suala tutursunuz? Alacaqsınızsa, girin aptekdən alın…
- Mən xəstə üçün almıram…
- Bilirəm nə üçün alırsınız. Guya alanlar xəstə üçün alır? Sağ olun. Mənim vaxtım yoxdur…

Həmsöhbətimiz nədən danışdığımızı başa düşür və bizdən uzaqlaşır.

Aptek satıcısından bu dərmanı niyə respetsiz satdığını soruşmuruq. Çünki onlar da bu dərmanın kimlər tərəfindən və nə məqsədlə alındığını bilirlər. Bu cür apteklər narkotik vasitələrin aludəçiləri olan şəxslər tərəfindən tanınır. Bu apteklərə məhz “tramadol” almaq üçün üz tuturlar.

Xətai rayonundakı bir neçə aptekdə də açıq şəkildə “tramadol”un satışı həyata keçirilir. Bu aptekdə də dərmanın reseptsiz və istənilən şəxsə satıldığını müşahidə etmək olar.

Onu da əlavə edək ki, “tramadol” əvvəllər “tramal” adı ilə satışda idi.

“Tramadol”dan istifadə edəndə nə olur?

Bu dərmandan istifadə etdikdən sonra süstlük yaranır, reallıq hissi itir, hərəkət ləng olur, ətrafda baş verənlərə reaksiya vermək qabiliyyəti əhəmiyyətli dərəcədə azalır. Dərmanın istifadəçilərinin dili ilə desək, “adamı tamamilə söndürür, elə bil ayaqların yerdən üzülür”.

“Lirika” tərkibli dərmanlar da psixotrop dərmandır. Bu dərmanların satışı Bakıda qadağan edilib. Səhiyyə Nazirliyi 2013-cü ilin yanvarından “Lirika” preparatının fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər bu həblərin satışını dayandırıb və dövlət qeydiyyatından çıxarıb.

Məlumat üçün bildirək ki, “tramadol” və “lirika” həbləri narkotiklə birgə qəbul olunanda narkotikin təsirini uzadır. Bundan əlavə, uyuşdurucu təsiri göstərir.

Səhiyyə Nazirliyindən verilən məlumatda isə deyilir ki, “Lirika” həbləri ilə yanaşı, “Koaksil”, “Tropin” və “Midriasil” dərman vasitələrinin də uyuşdurucu təsiri olduğu, xəstələrdə asılılıq yaratdığı üçün “Koaksil” dərman preparatlarının respublikaya idxalı bu preparatların fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər dayandırılması və dövlət qeydiyyatından çıxarılması qərara alınıb. “Tropin” və “Midriasil” dərman preparatlarının stasionar tibb müəssisələrində istifadə olunan dərman preparatları sırasına daxil edilməsinə və aptek şəbəkəsindən çıxarılmasına dair qərar verilib.

Səhiyyə Nazirliyi bu cür apteklərə qarşı reydlər keçirir. Xatırladaq ki, bu ilin əvvəlində “Murad Farm” MMC-yə məxsus Xətai rayonunda yerləşən “Murad” aptekin fəaliyyəti dayandırıldı. Səhiyyə Nazirliyi yanvarın 21-də “Murad” aptekinin lisenziyasının ləğv edilməsi haqqında qərar verdi.

Nazirlik tərəfindən yoxlama zamanı aptekdə satışı aparılan və dövlət qeydiyyatına alınmamış 46 adda dərman preparatı aşkarlanaraq müsadirə edilmişdi. Həmçinin reseptlə satılmalı olan psixotrop dərman vasitələrinin reseptsiz satışının aparılması və xüsusi saxlama rejimi tələb olunan termoləbil dərman vasitələrinin saxlanma şəraitinə riayət olunmaması faktları da müəyyən edilmişdi.

Yuxarıda qeyd etdiyimiz ünvanlarda “tramadol”un satılması haqda 2013-cü ildə də məlumat vermişdik. Bundan sonra Səhiyyə Nazirliyi həmin apteklərdə yoxlamalar apardı və bu dərmanın satışının qarşısı alındı. Nazirlik tərəfindən yoxlamalar aparılsa da, qeyd etdiyimiz ünvanlarda hələ də bu cür psixotrop dərmanların qanunsuz satışı həyata keçirilir.

Bakı aptekləri necə narkotik satır? -  “Bir paçka verin…”
Bakı aptekləri necə narkotik satır? -  “Bir paçka verin…”

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın