Menu
Geri İrəli

“Bank of Azerbaijan”ın lisenziyası ləğv edildi…

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Yanvar 2016 • Baxış sayı: 354 dəfə • Şərh yoxdur

bankkkEkspertlər bunu düzgün qərar adlandırır bağlanan bankların sayı artacaq…

 Ölkənin bank sistemində gözlənilən proseslər başlanır. Artıq bir bankın – “Bank of Azerbaijan”ın lisenziyası ləğv edilib. Bildirilir ki, Mərkəzi Bankın İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.

Mərkəzi Bankdan APA-ya verilən məlumata görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 18.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib. Mərkəzi Bank bildirir ki, “Bank of Azerbaijan” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
Ekspert Samir Əliyev isə bu addımı düzgün qərar hesab edib: “”Bank of Azerbaijan” ASC-nin bağlanması qərarı düzgün addımdır və təəssüf ki, xeyli gecikib. Onsuz da bankın maliyyə imkanları çox pis idi və əmanətləri qaytara bilmirdi. Əmanətçilər aylarla süründürülürdü, ancaq əmanəti geri ala bilmirdilər. Səbəb çox sadə idi: bankın maliyyə vəziyyəti pisləşmişdi. Digər tərəfdən də Mərkəzi Bank bankın lisenziyasını ləğv etmirdi. Bu isə sığorta hadisəsinin baş verməsinə imkan vermir. Nəticədə bank yarımcan idi. Nə birdəfəlik bağlanmırdı ki, camaat da pulunu Əmanətlərin Sığortalanması Fondundan geri alsın. Nə də vəziyyəti düzəlmirdi. İl ərzində baş verən devalvasiya bankın xilası ümidini də itirdi. Bu baxımdan bank sektorunun dayanıqlığını pozan bilən daha bir bankın bazarı tərk etməsi yaxşı qarşılanmalıdır”.
 
Ekspertin sözlərinə görə, “Bank of Azerbaijan” yeganə deyil: “Daha bir neçə bank var ki, oxşar vəziyyətdədir. Onlara da Mərkəzi Bank əncam çəksə, yaxşı olar. Onu deyim ki, bu, 2016-cı ildə bağlanacaq yeganə bank olmayacaq. İl ərzində bazarı tərk edəcək bankların sayı çox olacaq. Ona görə də Mərkəzi Bank əhalinin bank sektoruna inamını qorumaq üçün təcili surətdə əmanətlərin sığortalanması mexanizmini təkmilləşdirməlidir”.
Qeyd edək ki, bankların bağlanması, yaxud birləşdirilməsi bir neçə ilin mövzusudur. Bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyev də bankların vəziyyətinə toxunub. İlham Əliyev bank sektorunda islahatların aparılması, özəl bankların ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirak etməsi ilə bağlı fikirlərini çatdırıb. Ekspertlər isə ilin sonuna qədər əksər bankların bağlanacağının anonsunu verirlər.
 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında qeyd edib ki, problemin ciddiliyi hökumət tərəfindən diqqətə alınmalıdır: “Bankların bağlanması, tamamilə fəaliyyətini dayandırması baş verəcək. İri bankların kiçik bankları özünə birləşdirməsi, təmərküzləşməsi pozitiv addım olardı. Sadəcə, bizdə problem odur ki, bütün bankların eyni tipli problemləri var. Yəni xarici borcları çoxdur, daxili kreditlərin yığılmasında problemlər var, problemli kreditlər həddindən artıq yüksək səviyyəyə çatıb. Bütün bunlar təbii ki, bankların ümumi durumunu pis vəziyyətə salıb. Ona görə də tək təmərküzləşmə ilə bu problemləri kökündən həll etmək mümkün olmayacaq. Daha ciddi addımlar atılmasına ehtiyac olacaq. Çünki bankrot olan, tamamilə sıradan çıxan bankları da görəcəyik. Bank sektoru çox pis durumdadır”.
 
Ekspertin sözlərinə görə, dövlətin gücü çatacaqsa, müəyyən banklara dəstək əli uzatmalı olacaq: “Bunsuz problemi tam çözmək mümkün olmayacaq. Ya dövlət büdcəsi hesabına, ya Neft Fondu hesabına və yaxud da digər resurslar hesabına bank sisteminə müəyyən dərəcədə dəstək vermək lazım olacaq. Bu dəstək elə olmalıdır ki, keçmişdə olan yatırımlar və böyük proqramlar kimi boşa getməsin. Bu dəstək proqramlarının heç olmasa ciddi effekti olsun. Bunun üçün isə ciddi ictimai nəzarətə, media nəzarətinə, hesabatlılığa ehtiyac var. Bunu edəcəklər, ya etməyəcəklər, bu, məsələnin ikinci tərəfidir”.
 
Ekspertlər qeyd edirlər ki, 2016-cı il ərzində bankların azı yarısı bazarı tərk edəcək.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın