Menu
Geri İrəli

Banklar niyə dollar yığır- mart ayına hazırlıq?…

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2016 • Baxış sayı: 454 dəfə • Şərh yoxdur

Banklar Mərkəzi Bankdan aldıqları dollarları vətəndaşlara vermir, əhalinin dollar əmanətləri qaytarılmır, banklar dollardan qazanmaq üçün fürsət gözləyir…

Mərkəzi Bank tez-tez banklara dollar satsa da, keçirilən hərraclarda az sayda bank iştirak edir və az miqdarda dollar alınır. Banklar isə vətəndaşlara çox hallarda dollar satmaqdan imtina edirlər. Həmçinin dollarla olan əmanətlərin, depozitlərin qaytarılmasında ciddi problemlər var. Üstəlik, banklar kredit verilməsini də dayandırıblar. Maraqlıdır, banklar Mərkəzi Bankın hərracları vasitəsilə aldıqları dollarları hara xərcləyirlər? Bu vəsait üçüncü devalvasiya dönəmi üçün saxlanılıb?

Qeyd edək ki, bankların dollar satmaqdan imtinası Mərkəzi Bankın normativ xarakterli aktlarına dəyişikliklərlə izah edilir. Bu ilin yanvarında Mərkəzi Bank tərəfindən “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması” qaydaları yeni redaksiyada qəbul edilib. Qaydaların tələblərinə görə, mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Valyutadəyişmə məntəqələri ləğv edildiyindən, artıq banklar valyuta dəyişdirilməsini həyata keçirirlər və dollar satmırlar.
 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, banklar aldıqları pulları bir neçə məqsədlə istifadə edirlər: “Birinci odur ki, bankların özlərinin xarici öhdəlikləri var. Xarici kredit təşkilatları qarşısında götürdükləri öhdəlikləri və borcları var. Ümumi bank sektorunun borcu yanvar ayının 1-nə 5,7 milyard dollar idi. Təəssüf ki, dəqiq bilinmir hansı bankın nə qədər borcu var. Ümumi borcun həcmini Mərkəzi Bank açıqlamışdı. Bankların bir qismi dolları xarici borclarının ödənməsinə sərf edirlər. İkinci variantda ola bilər ki, hər hansı fors-major situasiyaya hazırlıq prosesi gedə bilər. Çünki Mərkəzi Bank son dövrlərdə manatın dövriyyəsini kəskin şəkildə azaltmaqla, monetar siyasəti sərtləşdirməklə müəyyən dərəcədə psixoloji bir əməliyyat da həyata keçirirdi. Gündəlik olaraq dolların məzənnəsini 1 qəpiyin onda, on beşdə biri qədər ucuzlaşdırırdı. Simvolik olaraq, manatı gücləndirərək ajiotaj yaradırdı ki, Azərbaycanda dollar ucuzlaşır. Ola bilər ki, bunlar mart ayındakı gözlənilən addımlara hazırlıqdır. Martda monetar siyasətin daha da yumşalmasını gözləmək mümkündür. Yeni büdcə yenidən dəyişikliklərlə təsdiq olunacaq. Büdcə parametrlərində ilkin görünən odur ki, iqtisadi aktivliyi canlandırmaq üçün xərcləmələrə gediləcək. Dövriyyədə manat artacaq. Dövriyyədə manat artdıqca manata olan basqılar da artacaq. Dollara tələbat artacaq. Ola bilər, banklar bu situasiyaya hazırlaşırlar ki, gələcəkdə manatın dövriyyəsi artdıqca dolların məzənnəsində müəyyən dəyişikliklər olacaq. Yuxarıya doğru avtomatik olaraq hərəkətlənmə olacaq. Artıq bu prosesə hazırlıq görürlər”.
 
Ekspertin sözlərinə görə, hazırda banklara 500 dollardan artıq valyuta satılmaması bir hədəf kimi qoyulub:“Bundan artıq satış həyata keçirilmir. Çox vaxt dollar depozitlərinin geri qaytarılmasında problem var. Ya qaytarmırlar, ya gecikdirirlər, ya da gündəlik çox cüzi məbləğlərlə depozitlərini geri qaytarırlar. Banklarda dollarla bağlı problemlər var. Gələcəkdə əgər bu problemlərin aradan qaldırılması üçün daha yumşaq siyasətə keçiriləcəksə, dolların məzənnəsinin yüksəlməsi ehtimalı böyükdür”.
 
Ekspert Rəşad Həsənov isə musavat.com-a açıqlamasında qeyd edib ki, bankların vətəndaşlara dollar satmamasının səbəbi özlərində də kifayət qədər olmamasıdır: “Düşünmürəm ki, banklar hazırda Mərkəzi Bankdan dollar aldıqdan sonra onu gələcək üçün yığım kimi saxlayırlar. Bu, bankların hazırkı imkanları xaricindədir. Belə ki, hazırda bankların xarici valyuta ilə yanaşı, eyni zamanda milli valyuta sıxıntısı da vardır. Dövriyyədə valyuta çatışmazlığı var. Mərkəzi Bank təxminən il yarım müddətində manatın kütləsini kifayət qədər azaldıb ki, bu da banklarda əlavə manat kütləsinin olmamasına gətirib çıxarıb. Hazırda bankların bu istiqamətdə imkanları məhduddur. Eyni zamanda Mərkəzi Bankın hərraclarında iştirakçının az olmasının səbəblərindən də biri məhz bu amildir. Bankların məhdud manat ehtiyatlarını daha çox müştərilər qarşısında öhdəlikləri yerinə yetirmək məqsədilə istifadə etməsi səbəbindən hazırda hərraclarda iştirak payı da azalıb.
Bu gün banklar kifayət qədər ehtiyacı olduğu, tələbin olduğu qədər xarici valyuta ala bilmədiyi üçün, məhdud xarici valyutanın da müəyyən limitlər çərçivəsində satışını həyata keçirirlər. Yəni eyni zamanda burada zaman-zaman müxtəlif digər versiyalar da ortaya çıxır. Bəzi hallarda banklar sahibkarlıq subyektləri ilə razılaşırlar, yığdıqları xarici valyutanı və yaxud da milli valyutanı rəsmi müəyyən edilmiş məzənnədən yüksək gəlirlə onlara verirlər. Banklar zaman-zaman valyuta dəyişməsində qara bazarın iştirakçısına çevrilirlər. Həm də  müəyyən qədər idxal azalıb. İdxalın azalması səbəbindən təbii ki, ölkədə valyuta tələbi də aşağı düşüb. Bu da Mərkəzi Bankın hərraclarda xarici valyuta satışının həcminin az olmasına öz köməkliyini göstərir”.
Qeyd edək ki, ikinci devalvasiyadan iki aya yaxın vaxt keçsə də, ölkədə hələ də dollar panikası var. Mərkəzi Bank hər gün dollar satışı həyata keçirsə də, ekspertlər bunun bazarın ehtiyacını ödəmək qabiliyyətində olmadığını vurğulayırlar.
 
Röya RƏFİYEVA

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın