Menu
Geri İrəli

Baş bankirdən manatla bağlı nikbin proqnoz: “İlin sonunadək…”

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2017 • Baxış sayı: 605 dəfə • Şərh yoxdur
Share Button

 

İqtisadçı ekspert: “Elman Rüstəmovun sonuncu fikri  onun əvvəlki açıqlamasını təkzib edir”

Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsinin möhkəmlənəcəyini istisna etmir. Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun son açıqlaması bunu deməyə əsas yaradır. Azərbaycanda üzən məzənnə rejiminin tətbiqindən danışan baş bankir bildirib ki, manatın bahalaşması  üçün potensial var.

“Üzən məzənə rejimi cari məsələ deyil, davamlı bir rejim olacaq. Bundan sonra da bu rejim fəaliyyət göstərəcək.  Üzən məzənnə  rejiminin tətbiqini mövcud iqtisadi reallıqlar və beynəlxalq təcrübə tələb edir. Bu gün bir çox ölkələr bu keçidə hazırlaşır. Azərbaycanın effektli inkişafı, xüsusilə xarici şoklara davamlılığı üçün məhz üzən məzənnə rejimi ən effektli tədbirdir. Onun faktiki olaraq alternativi yoxdur. Bazarda yaranan sabitlikdən də görünür ki, üzən məzənnə rejimi özünü doğruldub”, – deyə ölkənin baş bankiri qeyd edib.

Son zamanlar manatın məzənnəsinin möhkəmlənməsinə toxunan E.Rüstəmovun sözlərinə görə, buna tədiyyə balansının vəziyyətinin yaxşılaşması, neftin bahalaşması kimi faktorlar təsir edib. O, ilin sonuna kimi manatın bahalaşmasını istisna etməyib: “Müsbət tendensiyalar onun göstərir ki, manatın bahalaşmasının potensialı daha çoxdur”.

Image result for İqtisadçı ekspert Samir Əliyev

İqtisadçı ekspert Samir Əliyev isə “Yeni Müsavat”a açıqlamasında manatın üzən məzənnə rejimində olması fikri ilə razı olmadığını dedi: “Mərkəzi Bankın manatın üzən məzənnə rejiminə keçməsini elan etməsinə baxmayaraq, hələ də manat ”üzmür”. Mərkəzi Bank tərəfindən məzənnə tənzimlənir. Sanki əvvəlki qaydada proses davam edir. 2015-ci ilin 21 dekabrına qədər vəziyyət belə idi ki, manat dollarla münasibətdə sabit idi, ancaq digər valyutalara münasibətdə dəyişirdi. İndi də eyni proses baş verir. Burada yalnız ad dəyişib. Əvvəl fiksə olunmuş məzənnə idi, indi “üzən məzənnə”. Diqqət yetirsəniz görərsiniz ki, son bir neçə ayda manatın məzənnəsi dəyişməyib. O baxımdan hesab edirəm ki, Azərbaycanda “üzən məzənnə”yə keçid səhv idi. Azərbaycan iqtisadiyyatının hazırkı durumu diktə edir ki, manatın  məzənnəsi “üzən” yox, fiksə olunmuş məzənnə olsun. Reallıq da onu göstərir ki, fiksə olunmuş siyasət yürüdülür. Biz o  zaman da demişdik ki, Azərbaycanda “üzən məzənnə”yə keçid həm mümkün deyil, həm də arzu olunan. Fikrimizi belə izah etmişdik ki, manat “üzən məzənnə” rejimində olsa,  kəskin oynamalara məruz qalar. Elman Rüstəmov manatın bahalaşa biləcəyi ilə bağlı açıqlama verib və bildirib ki, tədiyyə balansı buna imkan verir. Mən də bu fikirlə razıyam. Çünki manat “üzən məzənnə” rejimində olmadığına görə tədiyyə balansında müsbət saldonun artmasına rəğmən, əvvəlki səviyyəsində qalıb. Əgər “üzən məzənnə” olsaydı , indiki tədiyyə balansı ilə manat bahalaşmalı idi”.

Ekspertin sözlərinə görə, Elman Rüstəmovun sonuncu fikri onun əvvəlki açıqlamasını təkzib edir: “Manat həqiqətən də ”üzən məzənnə” rejimində deyil. Bu gün Mərkəzi Bank bazardan əlini çəksə, məzənnəni tənzimləməsə, bəlkə də manat 1.50-yə qədər  bahalaşardı. Amma burada sual yarana bilər ki, bahalaşma daimi olacaqmı? Əlbəttə, Azərbaycan kimi iqtisadiyyatlarda “üzən məzənnə” rejiminə keçildikdə, məzənnə qeyri-sabitliyi daha kəskin olur. İqtisadi baxımdan diversifikasiya olunmuş ölkələrdə isə məzənnə daha dayanıqlı olur. Əgər tam “üzən məzənnə” rejimi olsaydı, Azərbaycan iqtisadiyyatının indiki durumunda manat bir gün dollar qarşısında 1.50, növbəti üçün 2 manat, üçüncü gün isə yenidən 1.70-ə düşərdi”.

Ancaq  ekspertə görə, Mərkəzi Bank bunu tənzimləyir: “Mən hesab edirəm ki, haqlı olaraq tənzimləyir. Çünki Azərbaycan iqtisadiyyatının indiki dövründə manatın məzənnəsinin sabitliyi çox vacibdir. Ona görə də ”üzən məzənnə”yə keçidin həm mümkün olmadığı, həm də məqsədəuyğun olmadığı qənaətindəyəm”.

S.Əliyevin fikrincə, manatın hazırkı sabitliyi “üzən məzənnə” ilə bağlı deyil: “Manatın sabitliyinin əsas təminatçısı Dövlət Neft Fondudur. İkinci əsas səbəb isə idxalın məhdudlaşdırılmasıdır. Büdcədən maliyyələşən təşkilatlara 2018-ci il yanvarın 1-nə qədər idxal malı almaq qadağan edilib. Üçüncü səbəb isə neftin qiymətinin müəyyən qədər artmasıdır ki, ölkəyə gələn dolların həcmi artıb. Həmçinin, az da olsa, turizmdən də ölkəyə gəlir gəldi. Bütün bu amillər ona gətirib çıxarır ki, 2015-2016-cı illə müqayisədə tədiyyə balansının vəziyyəti yaxşıdır, müsbət saldo əldə olunub. Mərkəzi Bank bazardan əlini çəkərsə, manat bahalaşa bilər. Ancaq bu, o demək deyil ki, bir aydan və ya 3 aydan sonra həmin situasiya qalacaq”.

İqtisadçının proqnozuna görə, ilin sonuna qədər manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir, manat  elə bu səviyyədə qalacaq: “Ola bilər ki, dekabr ayında dollara tələbatın artması ilə manat müəyyən qədər təzyiq altında olsun və dollar cüzi bahalaşsın. Dollar rəsmi olaraq 1.75 manata qədər bahalaşa bilər. Amma Elman Rüstəmovun açıqlamasından sonra məndə belə bir qənaət yaranıb ki, ilin sonuna qədər manatı saxlamağa çalışacaq. O baxımdan ciddi bir bahalaşma və ucuzlaşma  gözlənilmir. Çünki bahalı manat da hökumətə sərf eləmir. Ola bilər ki, E.Rüstəmov fikirləri təsdiqini tapsın deyə, manatı 1.68-ə qədər möhkəmləndirsin, texniki bir bahalaşma olsun. Ancaq ciddi bir bahalaşma gözləmirəm”.

Nərgiz LİFTİYEVA

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın