Menu
Geri İrəli

Dollar 1,65 manata yaxınlaşır – 2 manat proqnozu aktuallaşır

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2016 • Baxış sayı: 413 dəfə • Şərh yoxdur

dollar_exchange_290114Vahid Əhmədov: “…O zaman manat 2.05, 2.10-a qədər ucuzlaşa bilər”

 Mərkəzi Bank “üzən məzənnə” rejimindən imtina edəcəyi ilə bağlı informasiyaları yalanlayıb. Yayılan informasiyalarda dolların məzənnəsinin 2 manatadək bahalaşacağı və yalnız ondan sonra bu sahədə sabitlik yaranacağı iddia olunur.

Mərkəzi Bankın mətbuat xidmətindən isə bu informasiyaların hansısa jurnalist təxəyyüllünün məhsulu olduğu bildirilib: “Hazırda Mərkəzi Bankda ”üzən məzənnə” sisteminin ləğv edilməsi ilə bağlı qərar yoxdur. Gələcəkdə olacağını isə indidən proqnozlaşdırmaq mümkün deyil”.
Təəccüb doğuran bir məqam da odur ki, bu məsələni ilk dəfə hökumətə yaxın olan bir saytın analitik qrupu yayıb. Bu da təsadüfi deyil. Üstəgəl, Mərkəzi Bankın son dövrlər dollar tələbatını tam ödəməməsi də manatın ucuzlaşacağını qaçılmaz edir. Bəs görəsən, analitiklərin səsləndirdiyi iddia, dolların 2 manata qədər bahalaşması, daha dəqiq desək, 2.05 məzənnəsində qərar tutacağı və uzun müddət bu həddə sabit qalacağı realdırmı? Yeri gəlmişkən, Mərkəzi Bank martın 11-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən “APA-Economics”ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi martın 11-ə 1,6456 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar martın 10-da 1,6315 manata bərabər olub.
 
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda “üzən məzənnə” siyasəti özünü tam doğrultmadı: “Onsuz da manat hələlik öz real qiymətini almayıb. Ona görə də manat mütləq öz qiymətini almalıdır. Rusiyada diqqət etdinizsə, rubl gəlib öz bazar qiymətini aldı. İndi neftin qiyməti bir az qalxan kimi rublun da qiyməti müəyyən qədər möhkəmlənir.  Azərbaycanda isə əksinə, neft 10 dollar bahalaşsa da, manat ucuzlaşır. Mərkəzi Bank hələlik manatı saxlamaqla əlaqədar maliyyə bazarına müəyyən intervensiya edir. Ancaq elə etmək lazımdır ki, manat gəlib öz bazar qiymətini alsın. O zaman neftin qiyməti və sair amillər də manata təsir edəcək. İnsanlar arxayın olacaq ki, bu, artıq manatın real qiymətidir və bundan sonra devalvasiya olmayacaq.  Ona görə də hökumət manatı tədricən buraxır. Bu gün Avropada da avronun məzənnəsi ilə əlaqədar, faiz dərəcəsi ilə əlaqədar məsələlərə baxılır. Ola bilər ki, orada da müəyyən dəyişikliklər olsun. Bunlar hamısı manata təsir edir. Ümumiyyətlə, elə siyasət aparmaq lazımdır ki, manat gəlib bazarda öz real qiymətini alsın. Nə qədər çətin və ağır olsa da, buna getmək lazımdır ki, sabah faktlar qarşısında qalmayaq”.
Məclis üzvünün sözlərinə görə, manatın real qiymətinin hazırda neçə olduğunu demək çox çətindir: “Bu, neftin qiymətindən asılıdır. Neftin qiyməti əgər 50-60 dollar olacaqsa, indiki qiymətdə, bəlkə bir qədər də artıq qiymətdə saxlamaq olar. Yox, əgər neftin qiyməti kəskin aşağı düşərsə, o zaman manat 2.05, 2.10-a qədər ucuzlaşa bilər. Bizim əsas hasilatımız neftdir, başqa heç bir sahədən bu qədər gəlir gəlmir. Təxminən bir il, ilyarım vaxt lazımdır ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf eləsin, biz neft və qazdan asılı qalmayaq. Mənim fikrimcə, bu prosesi elə yavaş-yavaş aparmaq lazımdır ki, insanlar əziyyət çəkməsin”.
 
İqtisadçı ekspert Rəşad Həsənov isə bildirdi ki, “üzən məzənnə”dən imtina edilməsi gözlənilən ssenarilərdən biridir: “Ümumiyyətlə , Azərbaycan hökuməti ”üzən məzənnə” siyasətinə məcburiyyətdən keçmişdi, burada nə bazar, nə  iqtisadi sektorlar, nə valyuta bazarları, nə də ölkə iqtisadiyyatı üzən valyuta rejiminə hazır deyildi. Bütün iqtisadi siyasət sabit məzənnə siyasətinin üzərində qurulmuşdu və bunun fəsadları ortadadır. Lakin Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması bu qurum qarşısında başqa çıxış yolu qoymadı və hökumət, o cümlədən də Mərkəzi Bank ucuz neft satışının daha  qısamüddətli olacağını düşünürdü. Lakin bu da baş vermədi və uzunmüddətli dövrü əhatə edən vəziyyətdə proseslərin idarə edilməsi çətinləşdi. Hər bir məzənnə dəyişikliyində, hər bir devalvasiya cəhdində Mərkəzi Bank prosesi arqumentləşdirməli və cəmiyyətə izah etməli idi. Bu baxımdan da ən asan  yollardan biri “üzən valyuta” rejiminə keçidin təmin edilməsi və baş verənlərin bazarda tələb və təklif əsasında formalaşmasının arqumentləşdirilməsi idi. Eyni zamanda Mərkəzi Bank da gözləyirdi ki, onların nəzarət imkanları məhdudlaşıb və onların tələb və təklifləri əsasında manatın ucuzlaşması davam edəcək. Bu baxımdan da Mərkəzi Bank və hökumət qısa müddətdə “üzən məzənnə” rejimindən imtina etməyəcək”.
İqtisadçı ekspert Natiq Cəfərli isə vurğuladı ki, Azərbaycanda iqtisadi proseslərdə heç bir məntiq olmadığını, verilən qərarlarda səbəb-nəticə əlaqəsinin olmadığını nəzərə alsaq, manatla bağlı hər şey baş verə bilər: “Biz onsuz da ilk gündən demişdik ki, Azərbaycanda ”üzən məzənnə” yoxdur. Həm də Azərbaycanda “üzən məzənnə”yə keçid üçün heç bir əsas yox idi. Əgər bundan imtina edib, Azərbaycanda məzənnə inzibati yolla tənzimlənir deyilsə, bu daha səmimi olar”.
Nərgiz LİFTİYEVA

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın