Menu
Geri İrəli

Dollara tələbat artır, manata etibar azalır

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2015 • Baxış sayı: 451 dəfə • Şərh yoxdur

img1734620

Qubad İbadoğlu: “Mərkəzi Bank bəyanatla çıxış etməlidir”

 

“Prezident İlham Əliyevin “Manat həddindən artıq bahalaşmamalıdır” fikri son 10 ildə davamlı bahalaşdığına görə etibarlı valyutaya çevrilən manatın məzənnəsinə psixoloji təsir göstərək, Mərkəzi Bankın valyuta bazarına manat alışı üzrə müdaxiləsini artıraraq valyuta ehtiyatlarının azalmasını şərtləndirəcək”. 

 

 Bu açıqlamanı iqtisadçı ekspert Qubad İbadoğlu verib.

 

 Onun sözlərinə görə, bu açıqlama valyuta dəyişmə məntəqələrindən dolların alışının kəskin artımına gətirib çıxara bilər: “Müşahidələr göstərir ki, artıq bu proses başlayıb, son günlər manatla yığımı və vəsaiti olanlar onu dollara dəyişmək qərarını veriblər. Odur ki, son 2 gündə bəzi valyuta dəyişmə məntəqələrinə dolların satış qıtlığı yaranıb. Düzdür Mərkəzi Bank yenə də əvvəlki məzənnə siyasətini davam etdirir. Amma hesab edirəm ki, bu kifayət etməyəcək, nə qədər ki, ajiotaj yaranmayıb, Mərkəzi Bank bəyanatla çıxış etməlidir. Çünki, hazırda dollar qıtlığı yaradan digər amil onun Azərbaycanda Rusiyaya göndərilməsidir ki, bu da valyuta bazarında əlavə gərginliyin artmasına səbəb olur. Digər tərəfdən əmlak bazarında alış və satışların dollara transformasiya olunması prosesinin başlaması da bu təhlükəni artıra bilər”.

 

 

Dövlət başçısının “manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək”, fikirləri ilə əlaqədar ekspert deyib: “Onu da qeyd etmək istərdim ki, Azərbaycan manatı 1 avro 1 manat nisbətində dövriyyə buraxılsa da hazırda onun məzənnəsi dollara nisbətdə tənzimlənir. Mərkəzi Bank manatın yaxın gələcəkdə məzənnəsini inzibati yolla saxlamağa qadirdir. Odur ki, bildirmək istərdim ki, manatla əmanətləri və yığımları olan olan vətəndaşlarımız bundan çox narahatlıq keçirməsinlər. Manatın orta və uzunmüddətli dövrdə taleyi isə dünya bazarında neftin qiymət səviyyəsindən və Rusiyadakı sosial-iqtisadi durumdan asılı olacaq”.

 

 

Manat kəskin ucuzlaşmalıdırmı?

 

İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavata” açıqlamasında deyib ki, hazırda manatın sürətlə devalvasiyası (ucuzlaşdırılması) heç də uğurlu addım sayılmır: “Çünki, qeyd edildiyi ki, əgər bu siyasət ixracın artırılmasına yönəlibsə ilk növbədə nəzərə almaq lazımdır ki, ölkədə istehsal mühiti ixrac istiqamətli deyil. Və indiki halda ixracın artımından əldə olunması nəzərdə tutulan dividentlər heç bir halda manatın devalvasiyasının gətirəcəyi zərərlərə adekvat ola bilməz. Beləki, manatın ucuzlaşdırılması istiqamətində atılan ilk addımda ölkə vətəndaşı nəzarətində olan vəsaitə təhlükə hiss edəcək. Başqa sözlə son 8-10 ildə yığımda manata üstünlük verən vətəndaş bu vəsaitlərin vaxt itirmədən xarici valyutaya, xüsusi ilə də ABŞ dollarına dəyişdirilməsinə cəhd edəcək. Nəticədə devalvasiya prosesi nəzarətdən çıxa və manat kəskin şəkildə ucuzlaşa bilər. Digər tərəfdən banklar ciddi şəkildə zərərə uğraya bilər. Çünki, manatla verilən kreditlər dəyərini itirəcək. Diqqət ediləsi digər bir məqam idxal xam maldan asılı olan yerli istehsaldır. Bu məhsullar dollarla alınır və manatın dollara nisbətdə dəyərdən düşməsi məhsulların maya dəyərinin artımına yol açacaq. Beləliklə yerli istehsal qiymətləri artırmaq məcburiyyətində qalacaq ki, bu öz növbəsində ikirəqəmli inflyasiyaya səbəb olacaq. Əks halda isə iqtisadi aktivlik azala bilər. Yəni mənfəət normasının kəskin şəkildə azalması yerli istehsalı tormozlaya bilər. Bütün bunlarla yanaşı vətəndaş daha çox zərərə məruz qalacaq. Çünki, təcrübə göstərir ki, əhalinin gəlirlərinin artım sürəti bu kimi hallarda heç də devalvasiya faizinə uyğun şəkildə baş vermir. Yəni gəlirlər daha ləng şəkildə artır ki, bu hal sonda daxili tələbatın azalmasına, yoxsulluğa və təbii ki, daha çox daxili tələbata yönələn yerli istehsalın həcminin azalmasına səbəb olacaq. Beləliklə növbəti zərbə məşğulluğa dəyəcək. İxtisarların sayı arta, xüsusi ilə də kiçik sahibkarlıqla məşğul olanlar işlərini itirə bilərlər ki, nəticədə hökumət işsizlik kimi ciddi dilemma ilə üzləşə bilər.

 

 Bütün bunları deməkdə məqsəd hazırda ölkə iqtisadiyyatının və makroparametrlərin kəskin devalvasiyaya hazır olmadığını göstərməkdir. Digər tərəfdən isə manat üzərində təzyiq hər növbəti gün daha da artır. Yəni hökumətin çıxış yolu da yoxdur. İndiki halda mümkün qədər optimal variant seçilməli və ölkənin sosial-iqtisadi mühitinə dəyəcək zərər minimuma endirilməlidir”.

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın