Menu
Geri İrəli

İpoteka ilə alınmış evlər satışa çıxarılır

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyun 2017 • Baxış sayı: 1,365 dəfə • Şərh yoxdur

navastroykaBakı və Xırdalanda ipoteka krediti ilə alınmış mənzillər ya şirkətə geri qaytarılır ya da satışa çıxardılır.

Bu haqda xəbəri “Marja” yayıb. Sayt bildirir ki, əmlak saytlarında ipotekada olan mənzillərin satışı elanları kəskin artıb. Səbəb maddi vəziyyəti pisləşən ailələrin aylıq kredit borclarını ödəyə bilməmələridir.

Yaşayışa yeni təhvil verilmiş yaşayış komplekslərinin sakinləri bildirirlər ki, mənzillər boşalır. Son 2 ayda mənzilindən imtina edənlərin sayı kəskin artıb.

Manatın devalvasiyalarına qədər və sonra tikinti şirkətləri Azərbaycan Beynəlxalq Bankının ilkin ödənişsiz və ya 10% ilkin ödənişli 20 illik ipotekası ilə xeyli mənzillər satmışdılar. Bu gün isə gəlirləri azalan bir çox ailələr krediti ödəməkdə çətinlik çəkirlər. Vəziyyətin pisləşdiyini görən Beynəlxalq Bank ipotekanın bir addan digər ada rəsmiləşdirilməsinə icazə verir. Yəni, borcunu ödəyə bilməyəcəyini görən alıcı mənzili başqasına təklif edə bilir. Bu halda, satıcı satışa qədər banka ödədiklərini alıcıdan alır, həmçinin qalan aylıq ödənişlər də yeni alıcı tərəfindən Banka ödənilir.

Mənzilin tikinti şirkətlərinə qaytarılması halları da mövcuddur. Mənzil tikinti şirkətinə qaytarılan zaman alıcı cərimələnir (mənzilin dəyərinin 2%-nə çatan dəbbə pulu), MTK-ya dəymiş ziyan və digər məsrəflər alıcıdan tutulur. Mənzilin başqa bir şəxsə satışından əldə edilmiş vəsaitdən bütün məsrəflər çıxılır, sonra alıcının ötən müddət ərzində MTK-ya və ya Banka ödədiyi vəsait qaytarılır.

Bundan başqa, bank ilə alıcı arasında bağlanmış müqaviləyə görə, alınan mənzil girova qoyulur. İpoteka krediti üzrə aylıq ödəniş 90 gün gecikdiyi zaman mənzil üzrə bütün hüquqlar Banka keçir və Bank mənzili satışa çıxarda bilər.

Cərimələnməmək və digər məsrəfləri ödəmək istəməyənlər mənzilini elan saytları vasitəsilə özləri satışa çıxardıblar. Bu gün əmlak saytları ipotekada olan mənzillərin satış elanları ilə doludur.

Digər tərəfdən, Azərbaycan Beynəlxalq Bankı ipoteka kreditini dayadırdıqdan sonra tikinti şirkətləri 3-5 illik daxili kredit təklif etməyə başladılar. Daxili kreditdə ilkin və aylıq ödəniş çox yüksək olur. Adətən tikinti şirkətləri 50%-dək ilkin ödəniş tələb edirlər.  Daxili kredit ilə alınmış mənzillərin geri qaytarılması halları da artıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın