Menu
Geri İrəli

Mənzillər sürətlə ucuzlaşır

Müəllif: Sumqayitxeber.com • Tarix: 22 Avqust 2015 • Baxış sayı: 430 dəfə • Şərh yoxdur

mingechevir_300

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti azaldığından mənzillərin qiyməti düşür.

“Marja” xəbər verir ki,  əmlakın qiymətləndirilməsi və konaltinq xidmətləri göstərən “MBA Ltd” şirkəti İyul ayına dair Daşınmaz əmlak bazarı hesabatını yayımlayıb.

Hesabata görə, İyul ayında İyun ayı ilə müqayisədə ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin (yeni tikili mənzilləri) 1 kvadrat metrinin (кv.m) orta təklif qiyməti  7.17% azalaraq 1116 dollardan 1036 dollara qədər, milli valyuta ilə isə ay ərzində 1170 manatdan  1087 manata düşmüşdür.

Qeyd edək ki, yeni tikili mənzillərin 1 m2-nin orta təklif  qiyməti ötən ilin sonlarında 1377 dollara qədər çıxmış, sonradan çüzi aşağı düşən qiymətlər yenidən bu ilin Fevralında reallşamış  devalvasiya ilə əlaqədar olaraq 1374 dollara qədər yüksəlmişdi.

İlin əvvəlindən yeni tikili mənzillərin 1 m2-nin orta təklif  qiyməti 341 dollar və ya təxminən 25% aşağı düşüb.

Təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin 1 kvadrat metrinin orta təklif qiyməti isə 1612 dollardan -0.43% azalaraq 1605 dollara qədər, milli valyuta ilə isə ay ərzində 1676 manatdan -0.43% azalaraq 1669 manata düşmüşdür.

2015-ci ilin əvvəlində təkrar yaşayış mənzil bazarında orta qiymətlər 2050-2100 manat civarında idi. Ötən 7 ayda təkrar yaşayış mənzil bazarında mənzillərinin 1 kvadrat metrinin  orta təklif qiyməti 431 manat və ya təxminən 20% aşağı düşüb.

NEFT DÜŞÜR, TƏLƏB AZALIR

“2015-ci ilin ilk aylarından mənzil bazarında hiss edilən durğunluq iyul ayında da qeydə alınmışdır ki, bu da öz növbəsində əmlak bazarında qiymətlərin nisbətən enməsi ilə yanaşı tələbin azalmasına da gətirib çıxartmışdır. Tələbin azalması ilə yanaşı dünya və daxili bazardakı son dəyişikliklər də Bakının əmlak bazarına təsirsiz ötüşməmişdir. Neftin qiymətinin ucuzlaşma prosesinin davam etməsi və şimal qonşumuz olan Rusiya iqtisadiyyatında müşahidə edilən durğunluq Bakının mənzil bazarına da mənfin təsir göstərmişdir”,- “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupu bildirib.

YARIDAN ÇOXU “UCUZ” MƏNZİLLƏRDİR

Hesabatda qeyd olunur ki, ilkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini 1000 dollar/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edir, ümumi portfelin 53.6%-i. Qiyməti 1000-1500 dollar/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 38.0%-dir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 765 dollar/kv.m və 1195 dolar/kv.m-dir. Ümumi təklif portfelinin qalan 8.4%-ni isə qiyməti 1500 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillərdir, burada qeydə alınan orta qiymət isə 2145 dollar/kv.m-dir.

MƏNZİLLƏR ƏN ÇOX BU RAYONLARDAN SATIŞA ÇIXARDILIR

Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir və bu 3 rayonun ümumi təklif portfelindəki payı birlikdə 64.1%-ə bərabərdir.

MƏNZİLLƏR KİÇİLİR

Son ayda bаzаrdа təklif olunan “pod moyak” mənzillərin ümumi orta sahəsi -8.6% azalaraq 113.58 kv.m təşkil edib. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 56.4, iki otaqlı 90.54, üç otaqlı 128.7, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 185.4 və 190.0 kv.m qeydə alınmışdır.

Təklif üzrə ən çoх paya 2 və 3 otaqlı mənzillər sahibdir, müvafiq olaraq 34.9% və 32.8%.

TƏKRAR BAZARDA SATIŞA ÇIXARDILAN MƏNZİLLƏR AZALIB

Hesabatda bildirilir ki, əmlak bazarında sürən passivliyin nəticəsi olaraq təklif olunan mənzillərin sayında da azalma müşahidə eidlmişdir. İyul ayında bazarın bu seqmenti üzrə təklif həcmi -12.0% azalıb. İyun ayında ümumi təkliflərin sayı 1590 olduğu halda, bu rəqəm iyul ayında 1397 təşkil edib. Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə -35.0% azalıb. Nəsimi, Nərimanov və Yasamal rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edib və onların ümumi payı 54.0 faizə bərabər olub.

Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1500 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 43.0%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1188 dollar/kv.m-dir.emlak_iyul emlak_iyul2 emlak_iyul3 emlak_iyul4

Facebook Şərhləndirmə:

Şərhinizi yazın