Menu
Geri İrəli

Milli valyutanın perspektivi – nələr gözlənilir?

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2016 • Baxış sayı: 321 dəfə • Şərh yoxdur

fikretFikrət Yusifov: “Manatın məzənnəsində bundan sonra tədrici yumşalmaların baş verəcəyi proqnozlaşdırılır”

Milli valyuta olan manat hər gün kiçik həcmdə olsa da, ucuzlaşmaqdadır. Ekspertlər son bir həftədə artan bu tendensiyanın təhlükəli olduğunu bildirirlər. Qeyd edilir ki, bu, ilin sonuna doğru növbəti devalvasiya ilə nəticələnə bilər.

 İqtisadçı alim Fikrət Yusifov musavat.com-a bildirib ki, manat bir ildən bir qədər az vaxt ərzində dəyərini iki dəfə kəskin şəkildə itirdikdən sonra cəmiyyətdə növbəti devalvasiya təhlükəsinin olub-olmaması sualı kifayət qədər aktuallaşıb: “Öncə onu demək lazımdır ki, bütün hallarda, manatın keçən ilin fevral və dekabr aylarının 21-də baş vermiş kəskin devalvasiyasının təkrarlanması həm nəzəri, həm də praktiki cəhətdən real deyil. Belə ki, artıq manatın məzənnəsi rəsmi olaraq valyuta bazarında, tələb və təklif əsasında müəyyən olunur. Bu səbəbdən də onun məzənnəsində bundan sonra da hər hansı bir dəyişik tədricən baş verəcək. Lakin bu gün məzənnə ilə bağlı bütün məqamların tam olaraq bazarın öhdəsinə buraxıldığını demək sadəlövhlük olardı”.
Ekspertin sözlərinə görə, vəziyyət Mərkəzi Bankın nəzarəti altındadır: “Manat tam sərbəst buraxılmayıb, o, idarə olunan üzən məzənnəyə keçirilib. Mərkəzi Bank milli valyutanın real dəyərini müəyyənləşdirmək məqsədilə bu sahədə əsas indikator rolunu oynayan qara bazarın məlumatlarından da istifadə edir. Əslində burada təccüblü heç nə yoxdur. ”Qara bazar” manatın məzənnəsi ilə bağlı əsl reallığın nədən ibarət olduğunu müəyyənləşdirməkdə qeyri-rəsmi bir alət kimi istifadə oluna bilər”.
F.Yusifov qeyd edib ki, ilin sonuna qədər və ondan sonrakı dövrdə manatın aqibəti, bugünkü məzənnəsinin real dəyərini əks etdirib-etdirməməsi kimi suallar indi cəmiyyətdə mövqeyindən asılı olmayaraq hər kəsi düşündürür:“Manatın məzənnəsində bundan sonra tədrici yumşalmaların baş verəcəyi gözləniləndir. Bunun əsas səbəbi isə neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə müşayiət olunan qlobal iqtisadi böhranın yaratdığı valyuta itkiləridir. Valyuta gəlirləri bir tərəfdən neftin qiymətlərinin və onun hasilatının, digər tərəfdən isə qeyri- neft sektorundan ixracın həcminin aşağı düşməsi hesabına azalıb. Günün reallığı bundan ibarətdir ki, hazırda ölkənin tədiyyə balansında mənfi saldo yaranıb və bütövlükdə manatın möhkəm valyuta təminatında çətinliklər meydana çıxıb”.
Vəziyyətdən çıxış yollarına gəldikdə isə F.Yusifov deyib ki, əslində burada mürəkkəb və ya kiminsə bilmədiyi heç nə yoxdur: “Sahibkar kimi qurub-yaratmaq qabiliyyəti yüksək səviyyədə olan iş adamlarımızın qarşısındakı bütün maneələr tam aradan qaldırılmalıdır. Bu gün yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ölkə prezidentinin onların qarşısında qoyduğu tələblərə uyğun olaraq iş adamlarının yanında olmalı, yəni üzlərini sahibkarlara tutmalıdırlar. Hər hansı bir müəssisənin nə səbəbdən işləməməsi və ya öz gücündən az çalışması yerli idarəetmə qurumlarını ən çox narahat edən bir məsələyə çevrilməlidir. Bir sözlə, indi məmur sahibkara yardımçı olmaq vəzifəsini öz üzərinə götürməlidir. Belə olursa, onda yerlərə yeni investisiyaların axını baş verəcək. Ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılmasının yeganə düzgün və ən qısa yolu budur. Son bir ildə ölkə başçısı tərəfindən sürətli iqtisadi islahatların aparılmasını və nəticə etibarılə real sektorun lazım ola biləcək bir səviyyədə inkişafını təmin etməyə yönəlik kifayət qədər qətiyyətli qərarlar qəbul edilib. İndi söz bu qərarların icrasını həyata keçirməli olan aidiyyəti icra strukturlarınındır. Milli valyutanın sabitliyi də məhz ölkə iqtisadiyyatının real sektorunun bundan sonra necə inkişaf edəcəyindən asılı olacaq”.
Ekspertin fikrincə, bu gün ölkəyə qeyri-neft sektorundan daxil olacaq möhkəm valyutanın həcminin artırılmasına böyük ehtiyac var: “Hazırda bizim möhkəm valyuta ehtiyatlarımız 40 milyard dolları ötsə də, bu ehtiyatları manatın məzənnəsinin müəyyən bir səviyyədə saxlanılması məqsədlərinə istifadə etmək olmaz. Manatın məzənnəsini təmin edə biləcək əlavə valyuta gəlirlərini real sektordan ixracı artırmaq hesabına təmin etmək lazımdır. Bunun üçün bütün imkanlar mövcuddur. Azərbaycan iqtisadiyyatının real sektorunun əsas istiqamətləri hesab olunan qeyri-neft sənayesinin, aqrar sektorun, tranzit yükdaşımaların və turizmin inkişafına dair son bir il ərzində qəbul edilmiş qərarların icrası yaxın bir neçə il ərzində bu sahələrdən kifayət qədər valyuta gəlirlərinin daxil olmasını təmin edə bilər”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın