Menu
Geri İrəli

Muxtar Babayev: ” Sumqayıt regionda aparıcı sənaye şəhərlərdən birinə çevriləcək”

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2016 • Baxış sayı: 338 dəfə • Şərh yoxdur

13Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin iclas zalında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev çıxış edərək Sumqayıtda həyata keçirilən və gələcəkdə planlaşdırılan layihələrdən danışıb.

sumqayitxeber.com   şıxışı təqdim edir:  

 ”- Möhtərəm cənab Prezident.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının bu gün Sizin rəhbərliyinizlə uğurla davam etdirilməsi ölkəmizdə neft-kimya sənayesinin dinamik inkişafı üçün böyük perspektivlər açıb. Sizin Azərbaycan neft-kimya sənayesinin tarixində yeni bir mərhələ açmış 2010-cu il 2 aprel tarixli Sərəncamınız kimya sənayesində SOCAR-ın əsas fəaliyyət proqramıdır. Tövsiyə və tapşırıqlarınıza uyğun olaraq, “Azərikimya”nın SOCAR-ın tərkibinə verildiyi ilk gündən insan amili, kimyaçıların və bütövlükdə sumqayıtlıların sağlamlığı prioritet təşkil edib, fiziki və mənəvi cəhətdən köhnəlmiş, zərərli qurğular istismardan çıxarılıb, istehsalat sahələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Qeyd etmək lazımdır ki, “Azərikimya”nın əsas istehsal sahəsi olan “EP-300” qurğusunun inşasına 1981-ci ildə başlanılmışdı. O dövrdə bu istehsalat kompleksinin əhəmiyyətini və perspektivini düzgün qiymətləndirən ulu öndər Heydər Əliyevin rəhbər qətiyyəti və prinsipiallığı sayəsində qurğunun Sumqayıtda tikintisinə nail olundu. Əslində sovet rəhbərliyi bu qurğunun tikintisini İttifaqın başqa bir şəhərində planlaşdırmışdı.

Ötən altı il ərzində etilen-polietilen zavodunda yeni azot-oksigen kompleksi, susoyutma kompleksi, mütləqləşdirilmiş izopropil spirti qurğusu, İstehsalata və keyfiyyətə nəzarət laboratoriyası tikilib. Həmçinin ötən il oktyabrın 25-də Sizin iştirakınızla propan-propilen fraksiyasının təmizlənməsi və butan-butilen fraksiyasının hidrogenləşməsi qurğuları istismara verilib. Xüsusən qeyd etmək lazımdır ki, əgər əvvəllər istehsalatlarımızda xammal kimi yalnız naftadan istifadə olunurdusa, bu gün dörd növdə xammaldan istifadə edilir və bunun üçün neft emalı zavodundan ayrıca boru kəmərləri çəkilib.

Kimyaçılarımızın iş və məişət şəraiti yaxşılaşdırılıb, istehsalatda onların əməyinin və sağlamlığının mühafizəsi sahəsində də ciddi dəyişikliklərə nail olunub. Müasir tibbi avadanlıqla təmin edilmiş “Kimyaçı” poliklinikası və təcili yardım mərkəzi istifadəyə verilib. SOCAR-ın tibbi sığorta proqramı çərçivəsində hər bir kimyaçı sığortalanıb.

“Azərikimya”da ixtisaslı gənc fəhlə kadrların hazırlanması da diqqət mərkəzindədir. Sizin göstərişiniz əsasında 2012-ci ildə Sumqayıtda müasir tipli Təlim-Tədris Mərkəzi yaradılıb. Mərkəz həm “Azərikimya”, həm də SOCAR-ın digər zavodları üçün beynəlxalq təhsil standartlarına uyğun yüksək ixtisaslı fəhlə kadrları hazırlayır. Artıq Mərkəzi bitirmiş 500-ə yaxın gənc kadr SOCAR-ın müəssisələrində işlə təmin olunub. Hər il burada 1000 nəfərə yaxın əməkdaşımız müxtəlif kurs və təlimlərdə iştirak edir.

Aparılmış yenidənqurma işləri nəticəsində istehsal edilən məhsullar üzrə göstəricilər xeyli yaxşılaşıb və bütün sahələr üzrə dinamik artım müşahidə olunmaqdadır. Əmtəəlik məhsul istehsalı 2010-cu illə müqayisədə 64 faiz artıb. Son altı il ərzində orta aylıq əməkhaqqı 3 dəfədən çox artaraq 205 manatdan 626 manata yüksəlib. “Azərikimya” Dövlət Şirkətinin 2010-cu ilə qədər yığılıb qalmış bütün yerli və xarici kreditor borcları qısa zamanda tərəfimizdən ödənilib. Müəssisəmiz 2013-cü ildən başlayaraq mənfəətlə işləyir və bu artan dinamika davam etməkdədir.

2015-ci ildə istehsal edilən kimya məhsullarının 88 faizi ixrac olunub, daxili bazar isə 12 faiz təşkil edib. İxracdan söz düşmüşkən qeyd edim ki, Türkiyənin “Petkim” şirkəti ilə inteqrasiya əlaqələrinin qurulması nəticəsində istehsal etdiyimiz kimyəvi məhsulların xarici bazarlarda, xüsusilə də Avropa ölkələrində satış şəbəkəsi getdikcə genişlənməkdədir. Bu məqsədlə son illərdə kimya məhsullarımızın dünya bazarına əsas ixrac istiqamətlərindən biri kimi Gürcüstanın Kulevi terminalından istifadə edilir. Orada qaz məhsullarının gəmilərə yüklənməsi üçün yeni terminal 2013-cü ildə istismara verilib.

Bakı-Tbilisi-Qars dəmir yolu da neft-kimya məhsullarının Türkiyəyə, oradan da Avropa və dünya bazarına çıxarılmasında mühüm rol oynayacaq.

Neft emalı və neft-kimya zavodlarında modernləşmə işləri çərçivəsində 2015-2019-cu illər ərzində önəmli layihələr həyata keçiriləcək. Hədəfimiz mövcud istehsalat gücünün artırılması, yeni bir neçə qurğunun tikintisi, hazır məhsul parkının yenidən qurulması və “EP-300” istehsalatının effektliliyinin artırılmasıdır. Bu da imkan verəcək ki, “SOCAR-Polimer” layihəsi çərçivəsində Kimya Sənaye Parkında inşa olunan polipropilen və polietilen zavodlarını lazım olan miqdarda yüksək keyfiyyətli xammalla təmin edə bilək. Bu zavodlar “Azərikimya” tərəfindən propilen, etilen, hidrogen, buxar və digər xammal ilə təmin olunacaq.

Kimya Sənaye Parkının 30 hektarlıq ərazisində həyata keçirilən “SOCAR-Polimer” layihəsi öz növünə və miqyasına görə son dövrdə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Bir məqama toxunum ki, bu qurğuların əvvəlcə “Azərikimya”nın tərkibində tikilməsi nəzərdə tutulmuşdu. Lakin Kimya Sənaye Parkının rezidenti statusu bu qurğuların Parkın ərazisində inşa olunmasını daha cəlbedici etdi. Hazırda layihə üzrə tikinti işləri tam sürətlə gedir. 2018-ci ilin birinci rübündə polipropilen qurğusunun, son rübündə isə polietilen qurğusunun istismara verilməsi üçün bütün qüvvələr səfərbər olunub.

EP zavodunda icra olunan layihələrdən biri də 15 il bundan öncə yapon texnologiyası ilə tikilib istifadəyə verilmiş buxar-generator kompleksinin modernləşdirilməsidir. Bu nadir qurğunun tikintisi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi insanın uzaqgörənliyi sayəsində buxar-generator kompleksi nəinki kimya sənayesini tənəzzüldən xilas edib, hətta “Azərikimya”nın bu günü üçün etibarlı enerji təminatının yaradılmasına bir vasitə olub. Bu il isə SOCAR və Almaniyanın EON-UNIPER şirkətləri arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisə yaradılıb. Yeni buxar turbininin tikintisi nəticəsində enerji istehsalının iki dəfə artırılması nəzərdə tutulur.

Diqqətçəkən layihələrdən biri də istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisidir. Xəzər dənizinə atılan suların maksimal təmizlik həddi təmin ediləcək və təmizlənmiş suyun bir hissəsi suvarma sahəsində istifadə olunacaq. Qurğunun 2017-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Hazırda istehsalatda istismar olunan qurğular ekoloji tələblərə cavab verir, zərərli tullantılar və havaya atılmalar minimuma endirilib.

SOCAR-ın Sumqayıtda icra etdiyi böyük layihələrdən biri də karbamid zavodudur. Bu zavodun 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, biz Sumqayıt kimyaçıları Sizin diqqət və qayğınızı həmişə öz üzərimizdə hiss etmişik. Keçən il Sizin xeyir-duanızla Sumqayıt kimya sənayesinin 70 illik yubileyini təntənəli şəkildə qeyd etdik. Uzun illər kimya sənayesində çalışmış, səmərəli fəaliyyətləri ilə kimya sənayesini şöhrətləndirmiş insanlar Sizin sərəncamlarınızla müxtəlif dövlət mükafatları ilə təltif olundular.

Siz, sözün həqiqi mənasında, bu çətin və şərəfli peşə sahiblərinə əsl bayram sevinci yaşatdınız. İcazə verin, bütün kimyaçılarımızın dərin minnətdarlığını, sevgi və sayğılarını Sizə çatdırım.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyiniz altında Sumqayıt böyüyür və inkişaf edir, aparılan misli görünməmiş abadlıq və quruculuq işləri bizim gözlərimiz önündə icra olunur. SOCAR da bu inkişafa töhfələrini verməklə bundan sonra da Sumqayıtda perspektivli layihələr həyata keçirməkdə davam edəcək.  Şəhərimiz regionda aparıcı sənaye, ələlxüsus kimya sənayesi mərkəzi olmaqla, ekoloji cəhətdən təmiz və gözəl şəhərlərdən birinə çevriləcək.

Diqqətinizə görə minnətdaram.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın