Menu
Geri İrəli

Nazir: “Sumqayıtda işlər sürətləndiriləcək”

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2014 • Baxış sayı: 392 dəfə • Şərh yoxdur

shahin mustafayevİqtisadiyyat və Sənaye Nazirliyində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısının verdiyi tapşırıqların icrasına dair geniş müşavirə keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Bakı Biznes Mərkəzində keçirilmiş müşavirədə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev son 10 ildə ölkəmizin sosial-iqtisadi inkişaf göstəricilərini bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır. Nazir vurğulamışdır ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlətimizin başçısı proqram xarakterli çıxışında görülmüş işlərə yekun vurmuş, qarşıdakı illər üçün iqtisadi inkişafın prioritetlərini müəyyən etmiş, müvafiq qurumlar, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirmişdir. Belə ki, Prezident İlham Əliyev növbəti illərdə də makroiqtisadi sabitliyin qorunub saxlanması, sürətli inkişaf tempinin təmin edilməsi, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənayedə infrastruktur layihələrinin icrası, ən müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılması, enerji potensialının daha da artırılması, yeni elektrik stansiyalarının tikintisi, elektrik verilişi xətlərinin yenilənməsi, bərpa olunan enerji növlərinə diqqətin artırılması istiqamətində qarşıya mühüm vəzifələr qoymuşdur. Həmçinin bütün kəndlərdə asfalt yolların salınması, şəhər və kəndlərdə yeni su xətlərinin çəkilməsi, kanalizasiya sisteminin qurulması, Bakıda, eləcə də digər şəhər və kəndlərdə su təminatının 100 faizə, qazlaşdırma səviyyəsinin isə 95-96 faizə çatdırılması, sahibkarlığın inkişafına dəstəyin gücləndirilməsi, regionlarda sosial infrastrukturun – məktəb, xəstəxana, mədəniyyət müəssisələrinin, idman obyektlərinin tikintisinin davam etdirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi barədə mühüm tapşırıqlar verilmişdir.

2014-cü ilin “Sənaye ili” elan edilməsinin ölkəmizdə sənayeləşməyə dövlətimizin başçısı tərəfindən göstərilən böyük diqqətin göstəricisi olduğunu vurğulayan nazir Şahin Mustafayev bu istiqamətdə də mühüm vəzifələrin irəli sürüldüyünü bildirmişdir. Belə ki, Azərbaycan Prezidenti Gəncə, Sumqayıt və Mingəçevirdə texnoparkların, şəhər və rayonlarda infrastrukturla təmin olunmuş sənaye məhəllələrinin yaradılması istiqamətində göstərişlər vermişdir.

Nazir demişdir ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, növbəti illərdə də kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən olacaqdır. Bu sahənin intensiv və elmi əsaslarla inkişaf etdirilməsi, müasir və mütərəqqi metodların tətbiqi, məhsuldarlığın artırılması, fermerlərin elektron qeydiyyat və torpaqların elektron uçot sisteminin qurulması, bölgələr üzrə ixtisaslaşma aparılması, iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması, Azərbaycanda və xarici ölkələrdə logistik mərkəzlərin təşkil edilməsi, ailə fermer təsərrüfatlarına diqqətin artırılması qarşıda duran əsas vəzifələrdəndir. Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, özünü təminetmə səviyyəsinin yüksəldilməsini də mühüm vəzifə olaraq qarşıya qoymuşdur. Konfransda Taxtakörpü və Şəmkirçay su anbarlarının və kanallarının tikilməsi nəticəsində dövriyyəyə buraxılacaq torpaqlar, bu torpaqlarda yetişdirilməsi məqsədəuyğun hesab olunan məhsullar barədə müvafiq dövlət qurumları, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müvafiq məlumatların hazırlanaraq dövlət başçısına təqdim edilməsi tapşırılmışdır.

Nazir Şahin Mustafayev Prezident tərəfindən fermerlərin istehsal etdikləri məhsulların satışına dövlət dəstəyinin göstərilməsi, daxili bazarın qorunması, yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığın azaldılması, ixracyönümlü məhsulların istehsalının prioritet olaraq saxlanması, yeni bazarlara çıxışın təmin olunması, xaricdən idxal olunan məhsullara ciddi nəzarət olunması barədə müvafiq tapşırıqlar verildiyini vurğulamışdır. Qarşıya qoyulan vəzifələr sırasına, həmçinin cənub və qərb zonalarının, Naxçıvan Muxtar Respublikasının turizm potensialının reallaşdırılması istiqamətində işlərin görülməsi, ətraf mühitin qorunması, Bakının və Abşeron yarımadasının tullantılardan təmizlənməsi, yeni açılan müəssisələrin ən yüksək ekoloji standartlara cavab verməsi də daxildir.

Dövlətimizin başçısının Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə 3-cü dövlət proqramının hazırlanması, yeni proqramda regionların inkişafına dair bütün məsələlərin nəzərə alınması barədə tapşırığını xatırladan nazir demişdir ki,
Prezident vətəndaşlarla münasibətdə həssaslığa, vətəndaş müraciətlərinə xüsusi diqqət göstərilməsinə böyük önəm verir, bunu hər bir dövlət məmurundan qəti surətdə tələb edir.

Müşavirədə Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyi qarşısına qoyulan bütün vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün konkret göstərişlər vermişdir. Qeyd olunmuşdur ki, nazirlik tərəfindən infrastruktur layihələrinin icrasına, sosial obyektlərin tikintisinə nəzarət daha da gücləndiriləcək, əhalinin kommunal xidmətlərlə keyfiyyətli təminatı istiqamətində tədbirlər davam etdiriləcəkdir. Sənaye potensialının artırılması üçün Sumqayıt və Balaxanı sənaye parklarında işlər sürətləndiriləcək, spesifik xüsusiyyətləri, xammal ehtiyatları nəzərə alınmaqla (xüsusilə metallurgiya, yüngül sənaye və digər sahələrdə) Gəncə, Sumqayıt və Mingəçevirdə texnoparkların təşkili, şəhər və rayonlarda sənaye məhəllələrinin yaradılması təmin olunacaqdır.

Bildirilmişdir ki, nazirliyin müvafiq qurumları tərəfindən yeni bazarlara çıxış imkanları dərindən təhlil ediləcək, iri taxılçılıq təsərrüfatlarının yaradılmasına diqqət daha da artırılacaq, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünü təminetmə səviyyəsinin yüksəldilməsi üçün fermer təsərrüfatlarının yaradılmasına dəstək tədbirləri gücləndiriləcək, istehlak bazarına nəzarətin səmərəliliyi yüksəldiləcəkdir. Regionlarda və paytaxta yaxın ərazilərdə yeni logistik mərkəzlər yaradılacaq, eləcə də yerli məhsulların ixracının genişləndirilməsi məqsədilə digər ölkələrdə bu cür mərkəzlərin yaradılması imkanları araşdırılacaq, Aktauda logistik mərkəzin təşkili diqqət mərkəzində saxlanılacaqdır. Yeni dövriyyəyə buraxılacaq torpaqlar, bu torpaqlarda yetişdirilməsi məqsədəuyğun hesab olunan məhsullarla bağlı müvafiq təhlillər aparılacaq və müvafiq dövlət qurumları ilə birlikdə təkliflər hazırlanacaqdır.
Aparılmış təhlillər və bölgələrdən daxil olmuş təkliflər də nəzərə alınmaqla yeni dövlət proqramının hazırlanmasının ən qısa müddətdə başa çatdırılması barədə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilmişdir.

Geniş müşavirədə nazirliyin qurumlarının rəhbərləri çıxış etmiş, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi üçün konkret müddət və icraçılar göstərilməklə tədbirlər planının hazırlanması, nəzərdə tutulan işlərin gedişi barədə mütəmadi olaraq hesabatların dinlənilməsi qərara alınmışdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın