Menu
Geri İrəli

Qeyri-neft sektorunun inkişafında hədəf nədən ibarət olmalıdır? – RƏY

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Noyabr 2015 • Baxış sayı: 458 dəfə • Şərh yoxdur

business-development“İdxalın həcmi ixracla müqayisədə artmaqdadır”.

Əslində, ölkəmizə dair bir sıra mühüm iqtisadi faktorlara əsasən neftin dünya bazar qiymətlərinin ucuz olmasına görə narahat olmağa dəyməz. Yəni, bu gün bunun üçün heç bir ciddi əsas yoxdur desək, yanılmarıq.

Bu faktorlardan birini isə məhz xarici ticarət dövriyyəsi təşkil edir.

Belə ki, ölkəmizin xarici ticarət sahəsində hələki müsbət saldo hökm sürür. Yəni, cari ilin yanvar-sentyabr ayları ərzində təqribən, 6,5 milyard ABŞ dollarından çox idxal əməliyyatları həyata keçirilib ki, ixrac üzrə bu rəqəm 8,7 milyarddan çox təşkil edib.

Düzdür, idxalın həcmi ixracla müqayisədə artmaqdadır.

İdxal ilə əlaqədar aylıq göstəricilərə diqqət yetirsək, onun göstərilən müddət ərzində yalnız mart, may və bir də yay aylarında azaldığının şahidi olarıq. İxrac isə ancaq may və iyul aylarında artmış, qalan aylarda isə azalıb. Bu isə o deməkdir ki, xarici ticarətdə müsbət saldonun səviyyəsi enməkdədir. Bu da bilavasitə xam neft ixracının azalması ilə əlaqədardır.

Xatırladaq ki, ümumi ixracda xam neftin payı 70,7%-dir.

Ancaq sözümüz bunda deyil.

Neftin dünya bazarlarında qiymətlərindən əgər, daimi olaraq sığortalanmaq istəyiriksə xarici ticarətdə müsbət saldonu qoruyub saxlamalıyıq. Bu, bilavasitə manatın taleyi üçün də önəmli məsələdir və makroiqtisadi sabitlik üçün də əsas şərtlərdən birini təşkil edir.

Bu mənada, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoruna aid məhsulların ixracının 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 1179,0 milyon dollar təşkil etməsi mühüm faktordur. Bir tərəfdən, dövlət büdcəsinə gəlirlərdə qeyri-neft sektorundan daxilolmaların həcminin artmaqda olması, digər tərəfdən isə ölkədən ümumi ixracda qeyri-neft məhsullarının payının yüksəlməsi müsbət haldır.

Sual yaranır ki, bəs, bu tendensiyanın inkişafı üçün nə tələb olunur?

Sözsüz ki, iqtisadiyyatda qeyri-neft sektorunun genişlənməsini təmin etmək və xüsusən də bunun düzgün istiqamətdə həyata keçməsinə nail olmaq lazımdır. Azərbaycanda isə qeyri-neft sektorunun inkişafı istiqamətində indiyədək bir çox layihələrə imza atıldığı və bütün bunların da, heç də dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar baş vermədiyi yaxşı məlumdur.

Belə ki, ölkəmizdə neft gəlirləri hələ yüksək olan illərdə də qeyri-neft sektorunun inkişafına diqqət yetirilib və Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətin bu vaxta qədər keçirilən demək olar, bütün iclaslarında qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsi və bu sahədə əldə edilən nəticələr gündəlikdə olub.

Dövlət başçısı bu barədə hökumət üzvlərinin qarşısında daima ciddi vəzifələr qoyub, tapşırıqlar verib.

Prezidentin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqda Fərmanını xatırlatmaq yerinə düşər. Həmin Konsepsiyaya görə ölkədə 2020-ci ilə qədər ümumi daxili məhsul istehsalı həcmi 2 dəfə artmalıdır. Və buna xüsusən, qeyri-neft sektorunun hesabına nail olmaq nəzərdə tutulub.

Bu vəzifə irəli sürülərkən dünya bazarında neftin qiymətinin hələ aşağı düşməmişdi. Bu faktın özü də Azərbaycan hökuməti və dövlət başçısı tərəfindən neft ucuzlaşmamışdan öncə də qeyri-neft sektorunun inkişafının düşünüldüyünü və müəyyən addımlar atıldığını göstərirdi.

Sadəcə olaraq, reallıq bundan ibarətdir ki, qeyri-neft sektorunun inkişafı müəyyən bir vaxt, dəqiq yanaşma tələb edir. Neftin qiymətinin aşağı düşməsinə rəğmən, tələsik şəkildə qeyri-neft sektorundan müvafiq nəticələr gözləmək əbəsdir. Ötən illərin Azərbaycanda “Turizm ili”, “İKT ili”, “Sənaye ili”, bu ilin isə “Kənd təsərrüfatı ili” elan olunması da qeyri-neft sektorunu inkişaf etdirməyin dövlətimiz tərəfindən hər zaman prioritet sayıldığını göstərib.

Bu gün də sözügedən istiqamətdə iş gedir və bunun nəticəsini biz mərhələ-mərhələ görür və gələcəkdə də görəcəyik. Hazırda dövlət büdcəsinə daxilolmalara baxdıqda görürük ki, qeyri-neft sektorundan əldə edilən gəlirlər neft sektorundan gələn gəlirləri getdikcə üstələyir.

Bu sahədə daha artıq və arzu edilən nəticəyə nail olmaq üçün isə təkrar edirik ki, vaxt lazımdır.

Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı necə deyərlər, harada gəldi zavod, fabrik, istehsal müəssisəsi yaratmaqdan və məhz, natural ifadədə məhsul istehsalı həcminə nail olmaqdan keçmir.

İstənilən vaxt bunlara nail olmaq mümkündür.

Ancaq əsas məsələ orada nəyi necə istehsal etməkdir.

Ümumiyyətlə, əsas sual ondan ibarətdir ki, istehsal etdiyimiz məhsul öz xarici analoqu ilə ölkə daxilində rəqabət qabiliyyətində ola biləcəkmi və alıcı qüvvəsi cəlb edəcəkmi?

Digər tərəfdən, şərt o da deyil ki, biz istehsal etdiyimiz bütün növ məhsulları kənara ixrac edə bilək və xarici bazarlara çıxaraq. Və yaxud da ki, çox çeşiddə qeyri-neft məhsulları istehsal edək. Qeyri-neft sektorunun inkişafı heç də müxtəlif və çox çeşiddə məhsul istehsal etməkdən ibarət deyil.

Əsas odur ki, çeşidi az olun, amma daxili və xarici bazarlarda yüksək səviyyədə rəqabətə davamlı, alıcının tələbini ödəyən, keyfiyyətli məhsul istehsal edə bilək.

Qeyri-neft sektorunun inkişafında əsas hədəf də məhz bundan ibarət olmalıdır.

Yalnız o zaman, xarici ticarətdə müsbət saldonu qoruyub saxlaya bilərik.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın