Menu
Geri İrəli

“Sənaye məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitənin təqdimatı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Mart 2014 • Baxış sayı: 353 dəfə • Şərh yoxdur

teqdimatMartın 5-də Sumqayıt Texnologiyalar Parkının (STP) konfrans zalında “Sənaye ili” çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən yaradılmış “Sənaye məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitənin (TK) təqdimatı keçirilmişdir

 AzərTAc xəbər verir ki, əvvəlcə STP haqqında videofilm nümayiş olunmuşdur.
Mərasimdə çıxış edən SMPDK-nın sədri Ramiz Həsənov son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanıldığını, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olaraq sənaye məhsulları istehsalının üç dəfəyə qədər artdığını bildirmişdir. Qeyd olunmuşdur ki, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuş, müasir dövrdə yeni ideyalar, təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi tədbirləri həyata keçirilmiş, sənaye parkları yaradılmış, regionlarda sənaye potensialının təşviqi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanlar formalaşdırılmışdır. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2014-сü ilin “Sənaye ili” elan edilməsi bu sahənin daha sürətli inkişafı üçün zəmin yaratmışdır.
Ölkə iqtisadiyyatının gücləndirilməsi və yerli sənayenin rəqabət imkanlarının artırılmasının əsas alətlərindən biri olan standartlaşdırmanın inkişafından danışan komitə sədri R.Həsənov yeni texniki komitələrin yaradılmasının, bu çərçivədə beynəlxalq standartlarla harmonizə edilmiş yeni milli standartların hazırlanmasının qarşıda duran başlıca vəzifələrdən olduğunu xüsusi vurğulamışdır. Bildirilmişdir ki, “Sənaye ili” ilə bağlı görüləcək tədbirlər çərçivəsində sənayenin infrastruktur təminatının yaxşılaşdırılması, ölkəmizin güclü sənaye mərkəzinə çevrilməsi istiqamətində mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədilə Sumqayıt Texnologiyalar Parkının (STP) bazasında “Sənaye məhsullarının standartlaşdırılması üzrə” yeni Texniki Komitə yaradılmış, onun Əsasnaməsi, strukturu, tərkibi, 2014-cü il üçün Fəaliyyət Planı təsdiq edilmişdir. TK-nın strukturuna “Sumqayıt Texnologiyalar Parkı” MMC və Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə yanaşı, “Polimer məmulatların standartlaşdırılması”, “Elektrik məmulatların standartlaşdırılması”, “Tikinti materiallarının, dəmir-beton məmulatlarının və metal konstruksiyaların standartlaşdırılması” və “Maşınqayırma” üzrə dörd alt komitə də daxildir. TK-nın əsas məqsədi ölkədə istehsal olunan sənaye məhsullarının xarici bazara çıxışının təmin edilməsi və rəqabət qabiliyyətinin artırılması istiqamətində beynəlxalq tələblərə cavab verən milli standartların işlənib hazırlanması və bu sahədə fəaliyyət göstərən beynəlxalq texniki komitələrlə əlaqələrin genişləndirilməsidir.
Daha sonra çıxış edən “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, Nazirlər Kabinetinin şöbə müdiri Səyyaf İsmayılov və digər hökumət rəsmiləri ölkədə sənayenin davamlı inkişaf etdiyini bildirmiş, bununla bağlı dövlət siyasətinin uğurlu nəticələri və gələcəkdə görüləcək işlər haqqında məlumat vermişlər.
Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev STP-nin bazasında yaradılan Texniki Komitə haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, onun vəzifələrinə sənaye sahəsini tənzimləyən standartların və digər normativ hüquqi sənədlərin layihələrinin hazırlanmasını və ekspertizasını təşkil etmək, sənaye məhsullarının istehsalı üzrə qüvvədə olan beynəlxalq standartlar, normalar və tövsiyələr əsasında müvafiq milli standartların hazırlanması, yenidən baxılması, dəyişdirilməsi, əlavələr edilməsi və ləğvi barədə təkliflər vermək və digər müvafiq məsələlər daxildir.
“Sənaye məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitənin sədri İdris Mustafayev TK-nın Fəaliyyət Planı haqqında danışaraq demişdir ki, bu il Avropa standartları əsasında 20 milli standart layihəsinin hazırlanması nəzərdə tutulur.
Daha sonra TK-nın ilk iclası keçirilmişdir.
Tədbir iştirakçıları STP-nin müəssisələri ilə tanış olmuşlar

Facebook Şərhləndirmə:

Şərhinizi yazın