Menu
Geri İrəli

SOCAR-ın 7 milyard borcu var…

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2015 • Baxış sayı: 270 dəfə • Şərh yoxdur

socar_logo_new_200914

Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kredit borcu 1 mlrd. dollar azalıb. Bu barədə jurnalistlərə ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. Onun sözlərinə görə, SOCAR-ın 7,9 mlrd. dollar məbləğində olan kredit borcu 6,9 mlrd. dollaradək enib.

Onun sözlərinə görə, SOCAR Azərbaycan Beynəlxalq Bankından 1 mlrd. 860 mln. manat məbləğində götürəcəyi kreditin yaxın günlərdə ilk tranşı həyata keçiriləcək. Bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

O qeyd edib ki, 1 mlrd. 260 mln. manat Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun yenidən qurulması üçün, 600 mln. manat isə “Bulla”, “Günəşli” yataqlarında neft-qaz quyularının qazılması üçün istifadə olunacaq.

O xatırladıb ki, bununla bağlı artıq Nazirlər Kabinetinin sərəncamı var, Maliyyə Nazirliyi də dövlət zəmanətçisi kimi çıxış edir. S.Qasımov bildirib ki, müqavilələr imzalanıb, birinci tranşın əldə olunması üçün tələb olunan sənədləşmələr yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, birinci tranşın məbləği qazma üçün 200 mln. manata qədər, Neft Emalı zavodunun rekonstruksiyası üçün isə 50-60 mln. manat təşkil edir. “Qazma ilə bağlı kreditin qaytarılma mənbəyi hasil olunan məhsulun satışından, rekonstruksiyada isə götürülən məbləğin qaytarılması 10 il müddətinə dövlət büdcəsindən bərabər hissələrlə SOCAR-ın Nizamnamə kapitalına ayırmalar hesabınadır”. S.Qasımov kreditlərin uzunmüddətli olduğunu, rekonstruksiya üçün 3 il qaytarılmasına güzəştlə 10 il müddətində, neft-qaz hasilatı ilə bağlı isə 5-6 illik nəzərdə tutulduğunu əlavə edib (report.az).

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Bizim Yol”a şərhində bildirib ki, neft-qaz layihələri kapital yönümlü layihələr olduğundan iri yatırımlara ehtiyac var: “Sərmayə qoyulmasa, enerji sektorunda fəaliyyət göstərməyin mənası yoxdur. 2012-ci ilə “Qərbi Çıraq-2″ platformasına 6 milyard dollar yatırım qoyuldu. 2014-cü ildən oradan hasilata başlanıldı. Sərmayənin 1.5 milyardını təkcə 2014-cü ildə çıxdı. 2015-ci il də nəzərə alınmaqla bu iki il ərzində investisiyanın 2.4 milyard dollarını çıxarmaq mümkün olub. 3.5 ilə bu layihəyə qoyulan xərc özünü doğruldacaq.

Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşməsinə çəkilən xərc isə 1 milyard dollar olacaq. Zavodun  emal gücü 1.5 milyon ton artırılaraq 7 milyon tona yüksələcək. Həmin neftin 1 milyon tonundan emal olunan məhsulları xarici bazara yönəltsək, iki il ərzində ona çəkilən xərci çıxarmaq mümkün olacaq”.

“Zavod istismara verilərkən, Azərbaycandakı neft hasilatı aşağı düşəcək. O zaman zavod xam mal idxalından asılı qala bilərmi” sualına İ.Şaban belə cavab verib: “Hazırda “Azneft”in hasilatı 7 milyon tondur. Doğrudur, 2018-2019-cu il üçün “Azneft”in neft hasilatı 6.5 milyon ton səviyyəsinə düşə bilər. 0.5 milyon tonu Dövlət Neft Şirkəti quruda fəaliyyət göstərən birgə müəssisələrdən ala bilər. Digər tərəfdən ixraca göndərdiyi xam neftin həcmini azalda bilər. Neftin qiymətinə gəlincə, 2022-ci ilə kimi 80-85 dollar ətrafında olacağı proqnozlaşdırılır. Belə olan halda şirkətlər xam neftin satışına deyil, onun emalına maraqlı olurlar. Bizim isə müasir standarta uyğun müəssisəmiz yoxdur. Əgər belə bir müəssisəmiz olsaydı, emal etdiyimiz məhsuldan əldə edəcəyimiz gəlir daha yüksək olardı. Neftin qiyməti 100 dollardan yüksək olanda marja 5 faizdən aşağı düşür. Onda neft emalına maraq az olur, xammal satmaq daha sərfəli olur. Hazırda o şirkətlər qazanır ki, onların müasir neft emalı müəssisələri və satış infrastrukturları var. Bu gün Belarus yaxşı pul qazanır. Çünki 2010-cu ildən “AVRO-5″ standartlarına uyğun, Avropa bazarında özünü göstərən emal müəssisələri var. Onların illik gücü də 22 milyon tondur”.

Kreditin alınmasında xarici deyil, yerli banklara müraciət edilməsinə gəlincə, İ.Şaban bunu SOCAR-ın xaricdəki borclanmasının yüksək olması ilə izah etdi: “SOCAR Türkiyədəki layihələr üçün kifayət qədər borc alıb. 2018-2019-cu illər üçün həmin layihələri başa çatdırmalıdır. Bundan əlavə Dövlət Neft Şirkəti neftin qiymətinin ucuz olduğu vaxtda TANAP layihəsinə üstələnib. Bunun üçün çoxgedişli kombinasiyalar edir, oradakı 7 faizlik payından törəmə şirkətlərinə də verir ki, Amerika banklarından da vəsait cəlb edə bilsin. Əlbəttə, xarici borclanma da limitsiz deyil, şirkətin ödəmə qabiliyyəti nəzərə alınmalıdır. İndi daxildə də Neft-Kimya və Qaz Emalı Kompleksinin tikintisi məsələsi durur. Ona görə də, hökumət partnyor axtarır ki, riskləri bərabər bölüşdürsün. Digər tərəfdən, layihəni yubatmaq olmaz. Bu səbəbdən, dövlət banklarında çox aşağı faizlə belə kreditlər cəlb etməyi düşünürlər”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın