Menu
Geri İrəli

“SOCAR Polymer” layihəsi Azərbaycanın neft-kimya sənayesində son 40 ildə həyata keçirilən ən böyük layihədir

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2017 • Baxış sayı: 369 dəfə • Şərh yoxdur

Azərbaycanda qeyri-neft sektorunun ən iri layihələrindən biri sayılan, ölkədə kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ildə təsis edilən və Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu almış “SOCAR Polymer” layihəsi son 40 ildə miqyasına görə respublikamızın neft-kimya sənayesində həyata keçirilən ən böyük layihədir. Layihənin əsas məqsədi idxalın azaldılması və ölkənin ixrac potensialının artırılmasıdır.

“SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının 30 hektar ərazisində şirkətin polipropilen və yüksəksıxlıqlı polietilen zavodları inşa olunur. Bu zavodlar istismara verildikdən sonra ildə 180 min ton polipropilen və 120 min ton yüksəksıxlıqlı polietilen istehsal ediləcək. Məhsulların 30 faizi yerli bazara, 70 faizi isə xarici bazarlara çıxarılacaq. Layihənin investisiya dəyəri 750 milyon ABŞ dolları təşkil edir. Tikintidə ən qabaqcıl dünya təcrübəsi və müasir texnologiyalar tətbiq olunur. Zavodların lisenziarları “Lyondell Basell” və INEOS şirkətləridir. Layihənin icrası qrafikə uyğun həyata keçirilir.

Burada istehsal olunacaq məhsulların əsas hissəsi ixrac olunacaq və ölkəyə ildə təqribən 400 milyon dollar həcmində valyuta gələcək. 100 milyon ABŞ dolları məbləğində istehsal olunmuş məhsul isə yerli bazarda satılacaq ki, bu da idxalın böyük hissəsini qarşılayacaq.

MMC-nin direktoru Fərid Cəfərov qeyd edib ki, hazırda zavodun tikintisində 2280 işçi çalışır. Onlardan 760 nəfəri Sumqayıt sakinidir. Layihə istismara verildikdən sonra müəssisədə 400 daimi iş yerinin yaradılması gözlənilir.

Layihədə çalışan işçilər hər gün təhlükəsizlik qaydaları haqqında təlimatlandırılırlar. Sağlamlıq, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi üzrə mühəndis Seymur Quliyev bildirib ki, layihənin icrasından bu günədək 3 milyon təhlükəsiz iş saatına nail olunub.

“SOCAR Polymer”in tikinti işləri üzrə mütəxəssisi Bəhruz Hacıyev də köhnə zavodların sökülüb yerində belə bir nəhəng layihənin inşasını ölkəmizdə kimya sənayesinin inkişafının bariz nümunəsi kimi qiymətləndirir. O bildirib ki, tikintidə əsasən yerli mütəxəssislər çalışır. Layihəyə dünyanın məşhur tikinti şirkətlərindən təcrübəli mütəxəssislər də dəvət alıb. “Hazırda metal konstruksiya işləri görülür. Bir çox tikinti işləri bu ilin ikinci rübündə yekunlaşacaq. Bu baxımdan indidən istedadlı gənclərin layihəyə cəlb edilməsinə və onların inkişafına böyük əhəmiyyət verilir. Polipropilen zavodu üçün operator və texniklər işə götürülüb və SOCAR-ın Bakı Kadrlar Hazırlığı, Sumqayıt və Qobustanda yerləşən təlim mərkəzlərində təlim keçirlər. Ümumilikdə, kurslara 62 nəfər cəlb edilib. Yüksəksıxlıqlı polietilen zavodu üçün operatorlar və texniklər aprel ayının sonunadək seçiləcək və eyni qaydada təlimlərə cəlb olunacaqlar”, – deyə mütəxəssis vurğulayıb.

Polipropilen zavodunun 2018-ci ilin fevralında, yüksəksıxlıqlı polietilen zavodunun isə həmin ilin avqustunda istismara verilməsi nəzərdə tutulur. Layihənin icrası ölkə iqtisadiyyatına güclü təsir göstərəcək, yeni iş yerləri açılacaq, Sumqayıt nəhəng sənaye mərkəzinə çevrilməklə yanaşı, ölkəmizin iqtisadi inkişafına da yeni təkan verəcək.

14869802631753721587_1000x669 14869802632175428547_1000x669 1486980263416151734_1000x669 1486980263548636980_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın