Menu
Geri İrəli

Tahir Mirkişili: Büdcə rəqəmləri makroiqtisadi sabitlik planlarına tam uyğundur

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2016 • Baxış sayı: 359 dəfə • Şərh yoxdur

tahir2Dövlət büdcəsi əsas gəlir və xərcləri özündə ehtiva etməklə yanaşı, dövlətin hüquqi qüvvəyə malik olan əsas maliyyə planını təcəssüm etdirir. Sosial məsuliyyət prinsipini rəhbər tutan dövlətimiz büdcənin mədaxil və məxaric hissəsini vətəndaşların mənafeyi baxımından qurmağa və yüksək sosial rifaha nail olmağa çalışır.

2017-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat nəzərdə tutulur. Dövlət büdcəsi gəlirlərinin 8 milyard 100 milyon manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. 2017-ci il üçün dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 40,3 faiz səviyyəsində olacaq. Bu da cari illə müqayisədə 5,7 faiz çoxdur. Cari illə müqayisədə bu xərclər 292 milyon manat və yaxud 4,6 faiz artaraq 6 milyard 686 milyon manat təşkil edəcək. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi üçün dövlət büdcəsində 178 milyon manat, onların məskunlaşma və yaşayış şəraitlərinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondunun büdcəsindən 90 milyon manat və ya xaricdən cəlb edilmiş kredit hesabına 26 milyon manat cəm olaraq 294 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Müdafiə xərclərinə isə 2017-ci ilin dövlət büdcəsinin xərclərinin 16,7 faizi həcmində vəsait nəzərdə tutulub. Bu, cari illə müqayisədə 2,9 faiz çoxdur.

Həmçinin, Tarif Şurası tərəfindən qəbul olunan qərarla bir sıra enerji məhsulları üzrə diferensiallaşmış tariflərin tətbiq olunması məqsədəuyğun hesab edilib. Bununla əlaqədar, 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisə təqdim edilmiş layihəsində nəzərdə tutulan gəlirlər üzrə daxilolmaların artacağı gözlənilir.

“Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə 2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatında yüksək nailiyyətlər əldə edilmişdir. ÜDM-in həcmi bu illərdə 3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış, orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir. Dünya iqtisadiyyatında Azərbaycanın yeri 2005-ci ildə 0.07%-dən 2015-ci ildə 0.15%-ə qədər (2.2 dəfə) artmışdır. Əhalinin gəlirləri nəzərəçarpacaq dərəcədə – real əmək haqqı 5.5 dəfə, pensiyalar 9.6 dəfə artmışdır. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 16 dəfə artmışdır.” Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili dedi. T.Mirkişili dünyada gedən makroiqtisadi proseslər, tərəfdaş ölkələrdə baş verən iqtisadi təlatümlər və neftin qiymətinin kəskin düşməsinin Azərbaycanın iqtisadi artım modelinə də təsir etdiyini bildirdi. “Əgər əvvəlki illərdə ÜDM-in orta illik artımı 10%-dən yüksək idisə, 2015-ci ildə ÜDM-in artımı 1.1%, 2016-cı ildə proqnozlaşdırılan azalma 2.8%, 2017-ci ildə proqnozlaşdırılan artım isə 1% həcmindədir. Neft gəlirləri azaldığı üçün büdcədə konsolidasiya prosesinin getməsi çox müsbət addımdır. Çünki bu, ilk növbədə büdcə kəsirinin artımına yol vermir, ikincisi inflyasiyanı cilovlayır, strateji valyuta ehtiyatlarının qorunmasına səbəb olur. Bu isə ölkənin təhlükəsizlik yastığıdır, həm də ölkənin beynəlxalq reytinqinin qorunmasına dəstək olur. Bu ehtiyatlar tədiyyə balansının kəsirinin zərurət yarananda maliyyələşməsinin ən etibarlı mənbəyidir. 3-cüsü də ki, maliyyə intizamının güclənməsinə xidmət edir. Bu səbəblər isə makroiqtisadi sabitliyin və dayanıqlılığın zəruri şərtləridir”, deyən Milli Məclisin deputatı son illərdə ilk dəfə olaraq qeyri-neft sektorunun büdcə daxilolmalarında xüsusi çəkisinin 50 %-i keçməsinin proqnozlaşdırıldığını diqqətə çatdırdı: “Bu gəlirlər 2016-cı il ilə müqayisədə 503 milyon manat çoxdur. Vergi daxilolmalarının 75 %-dən çoxunun qeyri-neft sektorunun payına düşməsi dayanıqlı planlaşdırmadan xəbər verir.”

T.Mirkişili onu da vurğuladı ki, cari xərclərin azaldılması makroiqtisadi sabitliyə nail olmağın əsas yollarından biri kimi müsbət qiymətləndirilir: “Büdcə xərclərində sosialyönümlü xərclərin artaraq ümumi xərclərin 40 %-dən çoxunu təşkil etməsi ölkə Prezidentinin sosial siyasətinin davam etdirməsinin göstəricisidir. Gələn ilin büdcəsində elm, təhsil xərclərinin artırılması və ayrıca elmi tədqiqatlar və innovasiyalar üçün vəsaitin nəzərdə tutulması uzunmüddətli iqtisadi artım üçün çox faydalı olardı. Ümumilikdə büdcə rəqəmləri makroiqtisadi sabitlik planlarına tam uyğundur.”

Orxan Vahidoğlu, “İki sahil”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın