Menu
Geri İrəli

Tahir Mirkişili: “Bütün tədbirlər, islahatlar, atılan addımlar beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilir”

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2016 • Baxış sayı: 273 dəfə • Şərh yoxdur

“Doing Business 2017” hesabatında Azərbaycanın dünyada üç və daha çox islahat aparan 29 ölkədən biri kimi təqdim edilməsi bu cür qiymətləndirilir
Bu günlərdə Dünya Bankı 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatını açıqlayıb. Builki hesabatda Azərbaycan 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, “Xarici ticarətin aparılması” göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal və ixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan hesabatda bir sıra göstəricilər üzrə mövqeyini daha da yaxşılaşdırıb. Belə ki, ölkəmiz “Biznesə başlama” göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), “Xarici ticarətin aparılması” göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib. Bundan başqa, “Doing Business 2017” hesabatının “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib. Bundan başqa, “Əmlakın qeydiyyatı” (22), “Kiçik investorların maraqlarının qorunması” (32), “Vergilərin ödənilməsi” (40), “Müqavilələrin icrasının təmin edilməsi” (44) göstəriciləri üzrə Azərbaycan öz mövqelərini yaxşılaşdıraraq 190 ölkə arasında ilk əllilikdə qərarlaşıb. Onu da əlavə edək ki, hesabat 189 ölkədə biznes mühitinin qiymətləndirilməsi əsasında hazırlanıb.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov mövzu ilə bağlı fikirlərini “Kaspi”yə bölüşərkən deyib ki, “Doing Business” hesabatı Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2003-cü ildən bu yana hər il hazırlanır. Onun sözlərinə görə, burada ölkələr üzrə biznesin tətbiqi sahəsində bir sıra göstəricilər baxımından əlverişlilik səviyyəsi nəzərdən keçirilməklə, bu sahədə mövcud vəziyyət qiymətləndirilir. Ekspert bildirib ki, həmin göstəricilərə müəssisələrin qeydiyyatı, tikintiyə icazənin alınması, elektrik enerjisinə qoşulma, mülkiyyətin qeydiyyatı, kreditləşdirmə, sərmayənin qorunması, vergiyığımı, xarici ticarət, müqavilələrin icrasına təminat, həmçinin iflas kimi məsələlər daxildir: “Ötən il, yəni ki, “Doing Business -2016”-ya əsasən, ölkəmizin 100 mümkün baldan 67,8-ni toplayaraq 63-cü yeri tutmuşdu. Builki hesabatda isə 65-ci pillədə qərarlaşmışıq. Bununla belə, çox yaxşı göstəricidir. Xatırladım ki, 2015-ci ildə 80-ci, 2014-ci ildə isə 70-ci yerdə idik. Biz, keçənilki nəticəyə görə qeyd etmişdik ki, ətrafda kəskin iqtisadi böhran və maliyyə qıtlığı hökm sürdüyü vaxtda 17 pillə irəliləmək böyük nailiyyət hesab olunur. Keçənilki hesabatda da ən diqqəti çəkən bilavasitə, “Biznesə başlama”da 5, “Tikinti üçün icazələrin alınması”nda 36, “Kiçik investorların maraqlarının qorunması”nda 15, “Elektrik təchizatı şəbəkələrinə qoşulma”da 49, “Xarici ticarətin aparılması”nda isə 72 pillə irəliləməyimiz idi. Bu il də ölkəmiz “Biznesə başlama” göstəricisi üzrə 2, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 4, “Xarici ticarətin aparılması” göstəricisi üzrə 9, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə isə 5 pillə yüksəlib”.
P.Heydərov bütün bu göstəricilərin nə ilə əlaqədar olmasına da aydınlıq gətirib. Qeyd edib ki, hər şey ölkədə həyata keçirən islahatların və görülən işlərin nəticəsidir: “Ümumiyyətlə, istər Dünya İqtisadi Forumunun, istərsə də “Doing Business” kimi beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə irəliləmək üçün biznes mühiti durmadan yaxşılaşdırılmalı, mövcud qanunlar təkmilləşdirilməli, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində fasiləsiz islahatlar aparılmalıdır. Bütün bunları da Azərbaycan hökuməti bacardıqca həyata keçirtməyə çalışır. Çünki rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsinin dərinləşdirilməsi, insan kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması kimi tədbirlər məhz sahibkarlıq fəaliyyətini genişləndirməkdən və bunun üçün zəruri olan şəraiti inkişaf etdirməkdən keçir. Hələ ötən il bu vaxt qeyd etmişdim ki, Prezident İlham Əliyevin təşəbbüsü nəticəsində Milli Məclisdə qəbul edilən və 2015-ci ilin noyabrın 1-dən qüvvəyə minən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna görə, yoxlamaların 2 il müddət ərzində dayandırılması daha böyük müsbət nəticələr verəcək ki, bu addım da gələnilki hesabatda bir neçə pillə irəliləyəcəyimiz üçün əsas olacaq”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili də qəzetimizə açıqlamasında bildirib ki, Dünya Bankının hazırladığı bu hesabat bir çox amillərin və faktorların iqtisadi mühitə təsirini araşdırır və nəticəni çap etdirir. Millət vəkilinin fikrincə, bu və bundan əvvəlki hesabatlar göstərir ki, Azərbaycanda son zamanlar iqtisadi mühitin yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlər, bürokratiyanın aradan qaldırılması, investorların cəlb olunması, ümumiyyətlə, iqtisadi fəaliyyətin təşviq edilməsi istiqamətində görülən işlər, sadəcə, iqtisadiyyatın effektiv çalışmasına hesablanmayıb: “Belə fəaliyyət paralel olaraq, Azərbaycan iqtisadiyyatının ölkə xaricində olan nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsi mexanizmlərinə və qiymətləndirilməsi indekslərinə də böyük təsirlər etməyə başlayıb. Bu da təsadüfi deyil. Çünki, bütün tədbirlər, islahatlar, atılan addımlar beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilir. Digər inkişaf etmiş və ya etməkdə olan ölkələrin uğurları dərindən öyrənilir, həmin uğurlara çatma yolları təhlil edilir. Ən nəhayət, bu uğurlar Azərbaycan reallığına uyğunlaşdırılaraq, ölkəmizin mütləq və nisbi, həmçinin daxili və xarici rəqabətdə əldə edə biləcəyimiz effektiv üstünlüklər nəzərə alınmaqla həyata keçirilir. Bunun da nəticəsi olaraq həm Dünya Bankı, həm də Davos İqtisadi Forumunun hesabatlarında Azərbaycan müvafiq sahələrdəki reytinq göstəricilərinə görə xeyli irəliləyib. Davos İqtisadi Forumunun açıqladığı nəticələrdə hətta bir sıra göstəricilərinə görə, Azərbaycan MDB məkanında birinci yerdə qərarlaşıb”.
Rufik İSMAYILOV 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın