Menu
Geri İrəli

Ticarət evləri ölkəmizə nə verəcək?

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Fevral 2017 • Baxış sayı: 207 dəfə • Şərh yoxdur
Share Button

Ekspertlərin fikrincə, ölkə iqtisadiyyatının ixrac imkanları araşdırılmalı və bu sahədə mövcud olan potensialdan tam istifadə etməyə başlanılmalıdır

Prezidentin xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədi ilə ”Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərman imzaladığı haqda məlumat vermişdik.
Artıq prosesə başlanılıb. Bu haqda AZƏRTAC-a müsahibəsindəiqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib. Bildirib ki, artıq Rusiya Federasiyasında ticarət nümayəndəsi təyin olunub. Təyinatın birinci olaraq, Rusiya Federasiyasından başlanması bir neçə səbəblə bağlıdır. İlk növbədə, Rusiya Federasiyası Azərbaycanın qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşıdır: “2016-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasına ixracının həcmi 409 milyon ABŞ dolları təşkil edib. Ölkəmizin qeyri-neft məhsullarının 31 faizi Rusiya Federasiyasına ixrac olunur və bu göstərici üzrə Rusiya ticarət tərəfdaşlarımız arasında 1-ci yerdədir. Digər tərəfdən isə, Rusiya Federasiyası ilə ölkəmiz investisiya sahəsində geniş əməkdaşlıq edir. Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox investisiya yatırıb. Ölkəmizin Rusiya iqtisadiyyatına qoyduğu investisiyaların həcmi isə 1 milyard ABŞ dollarından çoxdur. Azərbaycan Rusiyanın 78 regionu ilə əməkdaşlıq edir və 17 federasiya subyekti ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb. Qeyd olunanları nəzərə alaraq, ölkəmizin qeyri-neft məhsullarının Rusiya bazarına ixracının artırılması və mövcud potensialdan maksimum istifadə olunması məqsədilə bir sıra işlər görülür, Moskva şəhərindəki Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun təmirinə və yenidən qurulmasına, həmçinin “Azərbaycan evi”nin yaradılmasına başlanılıb. Rusiya Federasiyasındakı səfirliyimizə təyin olunan ticarət nümayəndəsi Ruslan Əliyev Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetini beynəlxalq hüquq sahəsində bakalavr və magistr üzrə bitirib, sonra təhsilini Londonda davam etdirib. Azərbaycanda və Rusiyada həm dövlət sektorunda, həm də özəl sektorda böyük təcrübəsi var, iqtisad elmləri namizədidir”.
Ticarət evlərinin Azərbaycanın ixrac potensialına verəcəyi töhfələr, təbliğatın genişləndirilməsi üçün daha hansı addımlara ehtiyac olduğu və s. məqamlarla bağlı ekspertlərlə danışdıq. Onların fikrincə, yaxşı nəticə əldə olunması üçün həm keyfiyyətli məhsul istehsal edilməli, həm də güclü marketinq və təbliğat işi qurulmalıdır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili ”Kaspi”yə açıqlamasında dedi ki, Azərbaycanda aparılan iqtisadi islahatların mühüm istiqamətlərindən biri ixrac potensialının artırılması və ixraca yönəlik sahələrin inkişafıdır. İxrac fəaliyyətinin əsas hissəsi xarici bazarlara çıxış, bazar araşdırmaları, xarici bazarların ələ keçirilməsi, xarici bazarlarda milli sahibkarların maraqlarının qorunması və ticarət maneələrinin aşılmasıdır: “Bu baxımdan, Azərbaycan Prezidentinin fərmanı ilə xaricdə Azərbaycanın ticarət nümayəndələrinin təyin edilməsi yaradılacaq güclü ixrac potensialının reallaşmasına hesablanıb. Xarici bazarlarda çox güclü rəqabət var. Azərbaycan ixracatçılarının bu rəqabətdə rəqiblərinə qalib gəlməsi üçün bir tərəfdən keyfiyyətli məhsul istehsal etməsi tələb olunursa, digər tərəfdən də güclü marketinq və təbliğat işlərinin aparılması, ixrac olunan ölkələrin qanunlarının mənimsənilməsinə ehtiyac var. Ticarət nümayəndələri bütün bu məsələlərdə milli ixracatçıların maraqlarını qoruyaraq ümumilikdə ölkənin iqtisadi maraqlarını təmin edəcəklər”.
İqtisadçı ekspert Pərviz Heydərov Azərbaycanın artıq post-neft dövrü yaşadığını xatırlatdı. Qeyd etdi ki, ölkəmizin iqtisadiyyatının yeni ixrac imkanları araşdırılmalı və bu sahədə mövcud olan potensialdan tam istifadə edilməyə başlanmalıdır. Çünki hər hansı bir ölkə kənardan nəsə alıb-satmasa, yaşaya bilməz: “Azərbaycanda çox böyük ixrac potensialı var. Lakin bunu reallaşdırmaq lazımdır. Bu və ya digər sahədə istehsal imkanlarının yaradılması məsələnin birinci şərtidir. Həmin istehsalın nəticələrinin realizasiyası istiqamətində ciddi addımlar atılmalıdır. Məhsullarımız təbliğ olunmalı, reklam edilməli, bazarlarda daha rahat şəkildə satılmalıdır. Bu mənada, ölkəmizin xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin yaradılması işi əslində, çoxdan həyata keçirilməli idi. Bu yaxınlarda Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfəri zamanı da bu məsələ haqda danışıldı. Məsələn, Lukaşenko açıq şəkildə bildirdi ki, bir sıra məhsullarımız onlarda çox məşhurdur. Lakin bir var ki, bu məhsulları istehsal edən tərəf sözügedən bazara çıxmaq üçün bütün məsələləri necə deyərlər, təkbaşına həll etsin, bir də var, hökumətdən asılı olan məsələlər bəri başdan həll olunmuş sayılsın”.
P.Heydərovun fikrincə, xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması üçün səfirlik və konsulluqlarımızda ticarət nümayəndəliklərinin təsis və təyin edilməsi olduqca əhəmiyyətlidir: “Bu haqda Fərmanda da vurğulandığı kimi, ticarət nümayəndəsinin təyin olunduğu ölkədə işi, həmin yerlə Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, mallarımızın və xidmətlərimizin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görməkdən ibarət olacaq. Hesab edirəm ki, bu, ölkəmizdə müvafiq biznes strukturları və subyektlərinin də öz məhsulları ilə xaricə çıxmaqları işini asanlaşdıracaq. Qalır, onların keyfiyyətli məhsul istehsal etmələri”.
Şəfa Tapdıq
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın