Menu
Geri İrəli

Trampın qələbəsi qızılın qiymətini qaldırdı – səbəb

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2016 • Baxış sayı: 271 dəfə • Şərh yoxdur

“İnvestorlar öz vəsaitlərinə hər hansı təhlükə hiss edirlərsə, qızıla yatırımların həcmini artırırlar”

qizil-oqurluq

Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsi bütün dünyanı şoka saldı. Radikal çıxışları ilə tanınan respublikaçı namizəd Donald Trampın prezident seçilməsi dünya fond birjalarını və bazarları çalxaladı. Noyabrın 9-da neft ucuzlaşdı, qızıl isə bahalaşdı. 
Bir çox ölkələrin milli valyutaları dollar qarşısında dəyər itirdi. Avro, ingilis funtu, İsveç kronu dollara görə dəyər qazandı. Ekspertlər isə hesab edir ki, birjalarda və dünya bazarında bundan sonrakı durum Donald Trampın davranışlarından asılı olacaq.
İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ümumiyyətlə, dünya birjalarının durumu, investorların baxışları, investisiyanın  istiqaməti siyasi qərarlardan asılıdır: ”Bir neçə ay bundan öncə, Trampın hakimiyyətə gəlməsi qarşılığında birjalarda baş verəcək dəyişikliyi daha yüksək səviyyədə dəyərləndirirdiksə, noyabr ayının 10-da bu heç də gözlənildiyi səviyyədə baş vermədi. Təbii ki, müəyyən  tərəddüdlər oldu, xüsusən də aparıcı valyutalarla ABŞ dolları arasında münasibətlərdə bu baş verdi. Neftin qiymətində ucuzlaşma və sonra yenidən qiymətin bərpa olunması müşahidə olundu. Hazırda “Brent” markalı neftin qiyməti 47 dollara yaxınlaşır. Bu, hətta seçkilərdən əvvəlki bir həftə ərzində müşahidə olunan orta qiymətin də üzərində olan bir qiymətdir. Əvvəlki dövrlərdə proqnozlaşdırılan o idi ki, Trampın hakimiyyətə gəlməsi kəskin şəkildə neftin ucuzlaşmasına səbəb ola bilər. Xüsusilə də inkişaf etməkdə olan ölkələrin valyutalarında ciddi bahalaşma  müşahidə oluna bilər”.
 
Trampın bütün proqnozların üstündən xətt çəkərək prezident  olması türk lirəsinin də məzənnəsinə təsirsiz ötüşməyib: “Türkiyə valyutası ötən gün təxminən 6-7 faizlik dinamika nümayiş etdirdi və ilk dəfə tarixi rekordunu  təzələdi. İlk dəfə olaraq 1 ABŞ  dolları 3, 28 tl-yə qədər yaxınlaşdı. Bu bir gün əvvəlki məzənnə ilə müqayisədə dolların 7 faiz  bahalaşması demək idi. Bu, Trampın bu günə qədər bir çox istiqamətlərdə səsləndirdiyi fikirlərdən qaynaqlanan bir yanaşma idi.
Tramp İŞİD məsələsi ilə bağlı çox sərt şəkildə öz mövqeyini ortaya qoyur, eyni zamanda ümumi dəyərlərdən daha çox şəxsi mövqe ortaya qoyur ki, bu da gələcəkdə ABŞ-Türkiyə münasibətlərində müəyyən gərginləşmənin yaranmasına səbəb ola bilər. Bildiyiniz kimi, ABŞ bu günə qədər daha liberal siyasət həyata keçirirdi ki, Türkiyə ilə ABŞ arasındakı münasibətləri də müəyyən səviyyədə saxlamaq olurdu. Türkiyədə də bir qədər nasionalist, bir qədər də populist idarəetmə sistemi tətbiq edirlər. Ola bilər ki, buna bənzər bir idarəetmə də ABŞ-da formalaşsın. Əgər belə olarsa, Türkiyə və ABŞ arasında gələcəkdə heç də normal iqtisadi-siyasi münasibətlər gözlənilmir. Bu da son nəticədə türk lirəsinin məzənnəsində özünü göstərdi”.
Qızılın bahalaşmasına gəlincə, Rəşad Həsənov bildirdi ki, qızıla investisiyaların həcmində də müəyyən artımlar  müşahidə olunur: “Bu, əvvəlcədən də proqnozlaşdırılan idi. İnvestorlar öz vəsaitləri üçün hər hansı formada təhlükə hiss edirlərsə, uzun müddət sınaqdan çıxmış yığım vasitəsi hesab olunan qızıla yatırımların həcmini artırırlar. Bu da son  nəticədə qızılın qiymətini artıran faktorlardan birinə çevrilir. Ötən gün qızılın qiyməti ilə bağlı daha çox dəyişiklik hiss olundu, bu gün isə həmin bahalaşma yenidən ucuzlaşıb. Hazırda qızılın bir unsiyasının qiyməti 1290 ABŞ dollarıdır ki, bu da seçkidən əvvəlki bir həftədə olan qiymətlərdən təxminən iki faiz bahadır. Lakin bu çox ciddi dəyişiklik deyil.  Hazırda bazarlarda sabitlik hiss olunur. Artıq Trampın son çıxışı tərəddüdlər üzərində müəyyən qədər soyuq su effekti yaratdı. O, son çıxışında cəmiyyətə və beynəlxalq ictimaiyyətə daha təmkinli mesajlar çatdırdı. Bu da qısa müddətdə birjalarda müşahidə olunan tərəddüdlərin aradan qalxmasına gətirib çıxarıb. Ola bilər ki, eyni bir vəziyyət Trampın birbaşa hakimiyyətə gəldiyi yanvar ayında da müşahidə olunsun”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın