Menu
Geri İrəli

Yay devalvasiyası anonsu: 100 dollar 180 manat olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyun 2016 • Baxış sayı: 351 dəfə • Şərh yoxdur

Manat ucuzlaşır, Mərkəzi Bank isə dolları qəpik-qəpik bahalaşdırır

Milli valyuta olan manatın yenidən ucuzlaşmağa başlaması devalvasiya şübhələri yaradır. Dolların məzənnəsinin qəpik-qəpik artırılması davamlı olduqca, manatın kəskin ucuzlaşacağı ilə bağlı ehtimallar güclənir. Bəzi ekspertlər bildirirlər ki, hökumət yay devalvasiyasına hazırlaşır. Ucuzlaşmanın hansı həddə olacağı isə dəqiq deyil.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, manatın məzənnəsinə təsir edən məsələlər Azərbaycanda daxili iqtisadi paradiqmadan doğmur: “Çünki Azərbaycanda üzən məzənnə üçün heç bir ortam olmadığı üçün xaricdə olan proseslərin Azərbaycana təsiri görünmür. İndi də dünyada iki önəmli hadisənin gözləntisi yaranıb. Böyük Britaniyada keçiriləcək referendum və növbəti FES toplantısı. Hər iki hadisənin dünyada dollar indeksinin artması ilə nəticələnə biləcəyi ehtimalı var. Buna görə də gözlənti formalaşdığına görə artıq dünyada digər valyutalara nisbətən dolların bahalaşması prosesi başlayıb. Azərbaycana qonşu ölkələrdə də bu, özünü büruzə verir. Qonşu ölkələrin valyutalarında dəyişiklik baş verərkən bizim iqtisadi əlaqələrimiz onlarla daha sıx olduğundan bu, Azərbaycana da təsir göstərir. İkinci məsələ neft qiymətləri məsələsidir. Müəyyən dərəcədə stabillik yaransa da, müxtəlif ciddi proqnozlar var ki, yenidən qiymətdə ucuzlaşma ola bilər. Bu da yenidən Azərbaycan manatına təsir göstərəcək”.
Ekspertin sözlərinə görə, manatın dəyər qazanmasının mümkünlüyü kimi bəzi ekspertlər tərəfindən səsləndirilən fikirlər əsassızdır: “Azərbaycanın valyuta ehtiyacları barmaqla sayılacaq qədər açıqdır. Təqribən 9 milyard dollarlıq məhsul idxal edirik. Ölkədən çıxan kapital axını 2 milyarddır, azərbaycanlıların xaricə turist kimi getdikləri səfərlər çərçivəsində 2 milyard dollara yaxın vəsait ölkədən çıxır. Bu, 11 milyard vəsait deməkdir. Azərbaycana isə bu il cəmi 4 milyard civarında neft satışından gəlir gələcək. Neft sektorunun ixracatı da azdır, valyuta daxilolmalarında təsiri görünmür. Ölkəyə gələn turist sayı da istənilən qədər deyil. Rəsmi səviyyədə turist sayından razılıq olsa da, turistlərin sayı kifayət qədər aşağıdır. Deməli, bizim ehtiyacımız 11 milyarddır, amma ölkəyə 4-5 milyard vəsait daxil olacaq. Qalan pulu haradan almalıyıq?  Bunun yollarından biri devalvasiyadır, bunu da hökumət etmir. Düşünür ki, manata basqılar artdıqca, yenidən məzənnənin aşağı düşməsi prosesi olacaq. Ona görə kəskin devalvasiya gözləmirəm. Ən azından, dolların 1,60- 1,65 manat səviyyəsinə qədər bahalaşması indiki proseslərə baxanda görünür”.
Ekspert Elşad Məmmədov isə musavat.com-a açıqlamasında qeyd edib ki, manata basqılar yenidən artır:“Mərkəzi Bank 2016-cı ilin 1-ci rübü üçün ölkənin makroiqtisadi durumunu əks etdirən ən mühüm göstəricilərdən olan tədiyyə balansını dərc edib. Həmin sənədə görə, 2016-cı ilin 1-ci rübünü ölkə iqtisadiyyatı təxminən 1,27 milyard dollar mənfi saldo ilə tamamlayıb. Qeyd etmək lazımdır ki, mənfi saldo tədiyyə balansının həm cari əməliyyatlar hesabı, həm də maliyyə hesabı bölmələrində qeydə alınıb. Tədiyyə balansının struktur təhlili göstərir ki, cari əməliyyatlar hesabındakı mənfi saldo xidmətlər balansı və ilkin gəlirlər balansındakı mənfi saldo ilə bağlı olub. Son illər neft sektorundakı ixracın hesabına formalaşmış  xarici ticarət balansındakı müsbət  saldonun  kəskin azalması isə   xidmətlər balansında və ilkin gəlirlər balansındakı kəsirləri  artıq bağlamaq iqtidarında deyil. Nəzərə alsaq ki, dərc olunan tədiyyə balansının göstəriciləri 2016-cı ilin yalnız 1-ci rübünü əks etdirir, aprel-may aylarında isə ixrac-idxal dinamikası sonuncunun xeyrinə olmuşdur, bu prosesin 2-ci rübün nəticələrinə görə dərinləşməsini proqnozlaşdırmaq olar”.
Ekspertin sözlərinə görə, tədiyyə balansında nəzərə çarpan bir mühüm məsələ də balanslaşdırıcı bölmənin ölkə iqtisadiyyatındakı idxal-ixrac rəqəmlərini nəzərə aldıqda çox böyük rəqəmlərlə, 1,13 milyard dollarla ifadə olunmasıdır: “Beynəlxalq praktikaya görə balanslaşdırıcı maddələrdə qeyd edilən göstəricilər idxal və ya ixracın 5-7 faizindən artıq olduqda, artıq bu, aparılmış təhlilin effektivliyinə sual yaradır. Mərkəzi Bankın təqdim etdiyi tədiyyə balansında isə bu rəqəm 25 faizdən artıqdır ki, bu da tədqiqatın keyfiyyəti ilə bağlı suallar yaratmaqdadır. Tədiyyə balansındakı kəsirin əsas hissəsi maliyyə hesabında qeydə alınıb, bu da Azərbaycan  iqtisadiyyatının ən ağrılı problemlərindən olan ölkədən kapital axını ilə bağlıdır. Təəssüf ki, bu problemin həlli istiqamətində ciddi müsbət dinamika müşahidə edilməmişdir. Belə ki, hesabat  dövründə  birbaşa və portfel investisiyalar bölmələrində müsbət  saldo qeydə alınsa da, digər investisiyalar bölməsindəki depozitlər, nağd valyuta, ticarət kreditləri və avanslarda olan  kəsrlər  2,3 milyard dollar olub ki, nəticədə maliyyə hesabı üzrə kəsrlər təxminən 2 milyard dollar olub. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatında kapital axını problemi məsələsi öz həllini tapmasa, milli valyutaya təzyiqlər arta bilər ki, bu da ölkə iqtisadiyyatındakı durumu nəzərə aldıqda ciddi, sistemli makroiqtisadi problemlərə səbəb ola bilər. Buna görə də ölkədən kapital axınının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir ki, bunlar da ilk növbədə investisiyalar üçün münbit iqtisadi ”iqlimin” formalaşdırılmasından ibarət olmalıdır”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov isə azvision.az-a açıqlamasında qeyd edib ki, 100 dollar 180 manat səviyyəsinə qədər qalxa bilər: “Hazırda bu, real görünür. Düşünürəm ki, 100 dollar 170 və 180 manata qədər qalxa bilər. Ola bilər ki, bu qiymət çox və ya az olsun. Hər bir halda yumşaq devalvasiya prinsipi doğru addımdır”.
Onun sözlərinə görə, manat gec-tez öz real bazar dəyərini almalıdır və manatı təzyiq altında qoruyub saxlamaq düzgün deyil: “İxracda müəyyən qədər artım olsa da, bu, kifayət qədər deyil. Bununla bərabər idxal müəyyən qədər artıb. Həmçinin neftin qiyməti də manata ciddi təsir edir. Son iki həftədə müşahidə edirəm ki, Mərkəzi Bank manatı yumşaq devalvasiya prinsipi ilə buraxır. Bu da yavaş-yavaş davam etməlidir. Düşünürəm ki, ilin axırına kimə bu səviyyədə davam etsə, manat real bazar dəyərini tapa bilər. Bunu etmək lazımdır. Manatı qoruyub saxlamağa ehtiyac yoxdur. Dünyada və ölkəmizdə gedən iqtisadi proseslər imkan verir ki, manat real dəyərini alsın. Manatın qorunub saxlanması üçün vəsaiti çox da xərcləməyə ehtiyac yoxdur. Həmin vəsaiti kənd təsərrüfatı, sənaye və turizmə yönəltmək lazımdır”.
 
Röya RƏFİYEVA, “Yeni Musavat”
Facebook Şərhləndirmə:

Şərhinizi yazın