İşğal altında qalan stadionlarımız

1108

Qarabağın ermənilər tərəfindən işğal olunması ilə təkcə mədəniyyət, təhsil, səhiyyə, tarixi tikililərimizi itirmədik. Eyni zamanda xeyli idman qurğularımız da mənfur düşmənin əlinə keçdi, dağıdıldı, viran edildi. Həmin idman qurğuları sırasında stadionlar da var idi. Ümumiyyətlə, Qarabağ zonasında peşəkar səviyyədə daha çox üç rayon öz futbol klubu ilə tanınıb. Bunlar Ağdamın və Xankəndinin”Qarabağ”, o cümlədən Cəbrayılın “Xudafərin” komandaları olub. Ağdam təmsilçisi uzun illər həm daxili, həm də ittifaq miqyaslı yarışlarda çıxış edib. Xankəndi təmsilçisi isə SSRİ çempionatlarında oynamasa da daxili yarışlarla bərabər ittofaq kubokunda da gücünü sınamışdı. “Xudafərin” isə daha çox Azərbaycan çempionatının I Dəstəsində mübarizə aparmış və çempionatın iddialı komandalarından olmuşlar. Müəyyən zaman kəsiyində Füzulinin “Tufan” və “Ərgünəş” komandaları da mövcud olmuşdu lakin, onlar yuxarıda adları çəkilən 3 komanda səviyyəsinə yüksələ bilməmişdi. Digər işğal altında olan rayonlarımızda isə respublika miqyasına komanda olmamışdı. Stadionlara gəlincə, yenə eyni yanaşma mövcuddu. Ümumilikdə, bütün işğaı altında olan rayonlarımızda futbol meydançaları olub. Ancaq sırf müəyyən tutuma malik stadionlar məhz yuxarıda adlarını sadaladığımız 3 şəhərdə olub. Bəlkə də çoxlarının bu stadionlar haqqında heç bir məlumatı yoxdur.

Odur ki, Sportinfo.Az olaraq, çalışdıq əlimizdə olan məlumatları sizinlə də bölüşək və ən azında hazırda tapdaq altında olan 3 stadionumuz haqqında sizə qısaca bilgi verək.

 

Xankəndi şəhər stadionu

 

Xankəndi Azərbaycanın dilbər guşələrindən biridir. Burada stadionun inşaasına 1955-ci ildə başlanıb və tikinti işləri çox sürətlə gedib. Nəticədə 1956-cı ildə o dövr üçün müasir hesab olunan yığcam bir arena istifadəyə verilib. İlk dəfə stadion İosif Stalinin adı ilə adlandırılıb. Bir neçə il sonra adından İ.Stalinin adı götürülərək Stepanakert stadionu adlandırılıb. 1991-ci ildən isə şəhərin tarixi adı qaytarıldıqdan sonra Xankəndindəki həmin bu stadion “Xankəndi şəhər stadionu” adını daşımağa başlayıb. Şəhərin çox gözəl bir guşəsində yerləşən stadionun tutumu 3000 nəfər olub. Maraqlıdır ki, tarixi mənbələrdən əldə etdiyimiz informasiyaya görə, Qarabağda ilk dəfə futbol komandası 1927-ci ildə məhz Xankəndi şəhərində yaradılmışdır. İlk adı “Dinamo” olmuşdur. 1974-cü ildən “Qarabağ” adını daşımağa başlayıb. 1977-ci ildə Futbol üzrə Azərbaycan SSR çempionatının qalibi olmuş Xankəndi təmsilçisi daha öncə, yəni, 1950 və 1986-cı illərdə SSRİ Kuboku yarışlarında iştirak etmişdir. Maraq üçün onu da deyöək ki, hazırda Azərbaycanın tanınan futbol mütəxəssislərindən olan Nadir Qasımov da bir müddət Xankəndi klubunun baş məşqçisi olub. Açığı stadionun hazırkı durumu haqqında dəqiq məlumat yoxdur. Ancaq ehtimal var ki, stadion hələ də qorunub saxlanılır. Çünki bildiyiniz kimi mənfur düşmənlərimiz Xankəndində futbol komandası yaradaraq onun Ermənistan çempionatında iştirakına, ordan isə Avropaya çıxmasına cəhd edirlər. Lakin UEFA hələ də bu komandanı tanımadığı üçün əlacə kəsilən düşmənlərimiz Dağlıq Qarabağda çempionat keçirməklə nəyəsə nail olmaq istəyirlərə Bu mənada güman ki Xankəndi stadionu hazırda da işlək vəziyyətdədir.

 

“İmarət” stadionu

Nəinki Qarabağ bölgəsinin, ümumiyyətlə, Azərbaycanın ən məşhur stadionlarından biri. Xurşudbanu Natəvanın şəxsi mülkiyyəti sayılan ərazidə tikilmiş stadionun inşasından 60 il vaxt keçir. O vaxt məhz buna görə ad üçün çox fikirləşməmişdilər, “İmarət”ə üstünlük vermişdilər. Görənlərin dediyinə görə bu stadionun ot örtüyü əla olub. Uzun müddət komandanın rəisi vəzifəsində çalışan Adil Nadirovöz xatirələrində belə deyib: “1989-cu ildə Suxumi “Dinamo”suyla oynayırdıq. Möhkəm yağış yağırdı. Onların rəisini fikir götürdü ki, necə futbol oynayacağıq. Oturduq çörək yeməyə, dedim, narahat olma, problem yaranmayacaq. Meydançaya ayaq basanda gözü kəlləsinə çıxmışdı, elə bil yağış yağmamışdı. Gördüm təəccüblənir, zarafat elədim ki, o vaxt Natəvan burda drenaj sistemi quraşdırıb, ona görə belədi…” Stadion 80-ci illərin sonlarında yaxşı təmir olunubmuş. Bazanın vəziyyəti yaxşılaşdırılıb, tribuna qaydasına salınıbmış. Stadionun çox səfalı mənzərəsi varmış. Ağacların kölgəsi birbaşa meydançaya düşürmüş. Natəvanın, hətta şairənin atası Pənah bəyin, babası Mehdiqulu xanın qəbri də stadionun həyətində yerləşirmiş, son vaxtlar oralarda da təmir işləri aparılıbmış. Ağdam işğal olunana qədər Xurşudbanunun büstünü də həyətdə görmək mümkün imiş. “İmarət”in tutumu təxminən 10000 nəfərə yaxın olub. Düzdür, bu haqda konkret məlumatımız yoxdur, lakin tarixi statistikaları nəzərdən keçirərkən 1993-cü il mayın 12-də “Turan”la ölkə kubokunun ilk yarımfinal matçını 8000 azarkeşin izlədiyinin şahidi olduq. Arenanın hazırkı durumu haqqında dıqiq məlumat olmasa da deyilənə görə ermənilər həmin stadionu tamamilə dağıdaraq, tanınmaz hala salıblar.

 

“Xudafərin” stadionu

Ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində tikilən Cəbrayıl stadionu regionun ən böyük stadionlarından hesab olunurdu. Təxminən 5000 nəfərlik tutuma malik olan arena üz-üzə yerləşən iki böyük tribunadan ibarət idi. Yerli “Xudafərin” ev oyunlarını bu arenada keçirirdi. Rayonun Dəyirmandərəsi adlanan yuxarı hissəsində yerləşən arenanın ikimərtəbəli inzibati binası və 3 mərtəbəli mehmanxanası var idi. “Xudafərin”in ev oyunları zamanı stadion ağzınacan dolu olurdu. Qarabağ müharibəsi başladıqdan sonra “Xudafərin” də fəaliyyətini dayandırdı, futbolçular silaha sarılıb vətəni qorumağa yollandılar, arena isə döyüş sursatı anbarına çevrildi. Stadionunun işğaldan sonrakı durumu haqqında məlumat olmasa da böyük ehtimalla ermənilər oranı da dağıdıblar.

 

Anar XANLAROV, sportinfo.az 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər