İyunun 1-dən karantin rejimi ləğv ediləcək, yoxsa…

1995

Xəstə sayı artır, ÜST xəbərdarlıq edir

Əgər qaydalarda dəyişiklik edilməsə, Azərbaycanda iyunun 1-dən etibarən karanti rejimi aradan qaldırılacaq. Belə ki, Azərbayanda karantin rejiminin uzadılması ilə bağlı sonuncu qərarda qeyd edilib ki, bu, 31 maya qədər nəzərdə tutulub. Hələ ki, bu istiqamətdə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni qərar verilməyib. 

Lakin ölkədə yoluxma və hətta ölüm sayı belə ötən ayla müqayisədə yüksəkdir. Belə ki, mayın 25-də  Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb, 2 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

İnsanlar bu gün də demək olar ki, maskadan istifadə etmirlər. Azərbaycanda küçədə maska taxmaq məcburi deyil. Maska taxmayana hər hansı bir cərimə yazılmır. Yalnız metroda maska taxmağa nəzarət var ki, elə ölkəmizdə də maska taxanları ancaq metro qatarlarında, platformalarında görmək olar…

İbrahim Məmmədov: Üç gündə 500-600 min maska satılır

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov sonucu keçirilən brifinqdə deyib ki, bugünkü yaranmış situasiya Azərbaycanda rejimi sərtləşdirməyə əsas vermir: “Karantin rejiminin daha da yumşaldılması və ya ləğv edilməsi hələlik məqbul deyil. Vəziyyət olduğu kimi qalır. Yaxın günlərdə yekun qərar elan olunacaq”.

Onu da bildirək ki, dünyada artıq əksər ölkələr karantin rejimini yumşaldır, mağazaları, ictimai-iaşə yerlərini açırlar. Ekspertlər bildirirlər ki, artıq həm insanlar, həm də dövlətlər koronavirus mövzusundan beziblər. Bir çox ölkələrdə hesab edilir ki, vaksin tapılana qədər insanları evə qapatmaq daha təhlükəlidir. Bildirilir ki, insanlar arasında kütləvi immuniteti yaratmaq üçün sərbəstliyə də yol vermək lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatı isə bütün bunların fonunda yenə də həyacanlı bəyanatlar verir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Marqaret Harris Azərbaycanda karantin rejiminin yumşaldılmasına münasibət bildirərkən deyib ki,  karantin qaydalarının yumşaldılması şəraitində qətiyyən kütləvi yığıncaqlar keçirmək və toplaşmaq halları olmaz: “Şəxsi gigiyena qaydalarına əməl edilməlidir. Yoluxmuş insanlarla sağlam insanlar bacardıqları qədər ünsiyyətdə olmasınlar. Mən potensial yoluxmuş insanları sağlam insanlardan təcrid etməyi əhəmiyyətli sayıram. Çünki karantin qaydaları yumşaldıqdan sonra insanların kütləvi şəkildə küçələrə axınının şahidi oluruq. Bu hal da sonradan kütləvi yoluxma ilə müşahidə olunur. Ona görə də belə yerlər mütləq şəkildə dezinfeksiya olunmalı və xüsusi təmizliyə riayət edilməlidir.”

Musavat.com-a danışan həkim Vasif İsmayıl isə bildirib ki, iyunun birində karantinin ləğv edilib-edilməyəcəyi mövcud durumdan asılıdır: “Bu cür qərarlar hesabla verilməlidir. Yəqin ki, TƏBİB bütün məsələləri nəzərə alır, hesablayır. Əslində bu cür artımın olması gözlənilən idi. Bunlar hesaba daxil idi. Əgər TƏBİB qərar versə ki, biz artıq düz xəttə çıxmışıq, yəni ziqzaqlar olmayacaq, o zaman karantini tamamilə ləğv edə bilər. May ayında düşünülürdü ki, karantin bu günlərdə bitə bilər. Ancaq xəstəliyin bitəcəyini kimsə proqnozlaşdırmırdı. Hesablanan bu idi ki, əgər prosesi sərbəst buraxarsaq 3 zirvə görəcəyik. İstənilən isə yalnız 1 zirvə və ardınca da prosesdə düz xətt görmk idi. Bunun haqqında çoxsaylı məqalələr də var. Hazırda proses sanki düz xəttə doğru gedir”.

Sonuncu mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı ölkədə fəaliyyətin bərpası ilə bağlı bəzi anonslar verib. Lakin karantinin tamamilə ləğvi məsələsi barədə konkret fikir söyləməyib: “İyunun 1-dən sonra iri ticarət mərkəzlərinin, “mall”arın açılması və rayonlara gediş-gəlişin bərpası gündəmdədir. Əgər göstəricilər stabil olsa, bununla bağlı qərar qəbul edilə bilər. Rayonlara gediş-gəlişin bərpasına gəlincə isə bunun şəxsi avtomobıl və ya ictimai nəqliyyatla olması da müzakirə edilir”.

Əli Rais,
Musavat.com 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər